Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Xalq Cümhuriyyəti - 100: Ləngəbiz dağlarında döyüş - BİLMƏDİKLƏRİMİZ



1918-ci ildə Şamaxı qəzasında hay-daşnak və ingilis-bolşevik silahlı quldurlarının törətdikləri soyqırım faciəsi əsasən  iki istiqamətdə: Ləngəbiz silsiləsinin cənub və şimal yamacları boyunca həyata keçirilib. Silsilənin quzey hissəsindəki Çıraqlı, Quşçu, Göylər, Məlikçobanlı, Mərzəndiyə, Çarhan, Nüydü, Dağ Bağırlı kəndlərində törədilən qanlı qırğınların eynən təkrarı güney yamacdakı obalarda da həmin ilin fevral-aprel aylarında təkrarlanıb. 

Belə ki,   qəzanın tərkibində olan indiki Ağsu rayonunun Qəşəd, Bağırlı,  Keçdiməz, Bico, Gəgəli kəndlərinin çoxminli dinc sakinləri  müdhiş və faciəvi   qanlı günlərini məhz bu dövrdə yaşayıb. Bu kəndlərdə 80-300 və   15-20 palçıqlı-qamışlı tikili olub, amma əhali əsasən tərəkəmə olduğundan  7-10 km aralıda - dağətəyi hissədə qazma-torpaq binələrdə (“qara yataq”da) məskən salıb,  tərəkəmə həyatı ilə qışlaqlarda güzəran sürüb. 

Hay quldurlarının  hücumu bu obalara iki istiqamətdən yönlənib: Bakı-Tiflis dəmiryolu xəttinin Padarçöl məntəqəsində qərarlaşan hay hərbi eşelonunun dəstələri ilə (14-15 km-lik məsafədə)  və Şamaxı qəzasının hay əhalisi yaşayan kəndləri (Mədrəsə, Saqiyan, Məlcək, Kərgənc, Meysəri ) tərəfdən edilən hücumlarla. Adı çəkilən kəndlərlə yanaşı  qonşuluğda olan Alpout  kəndində  də 100-120 evdən ibarət  haylar yaşayıb, indi bu kənddə cəmi bir azərbaycanlı ailə yaşayır. Hər iki qanlı təhlükədən xilas olmaq naminə dinc və tədbirsiz əhalinin xeyli hissəsi qəzanın nisbətən dinc dağ  kəndlərinə və Göyçay qəzasının kəndlərinə  köç etmək zorunda qalıb.

Yerli özünümüdafiə qüvvələrinin vəzifəsi bu dövrdə kənd əhalinin təhlükəsizliyini təmin etməklə yanaşı, həm də hay daşnak-bolşevik və  ingilis  quldurlarının gündən-günə artan ərazi təcavüzünün və əhali soyqırımının qarşısını almaq, genişlənməsinə imkan verməmək idi. Onlar bu şərəfli məqsədlərinə bacardıqları qədər nail ola bilmişlər. 

Belə ki, o faciəvi  olayların şahidi olmuş Qəşəd kənd sakinləri Ağa Qurban oğlunun (1898-1990), Sahab Pənah qızının (1902-1977) söylədikləri daha ibratəmizdir. Həmin deyimləri söyləyən Şahbaba Xanbaba oğlu  Qənbərov (1949) bildirir ki, kəndimizin 300 illik tarixi var. Adı “qaşda olan kənd” sözünün dil-leksik mənasının dəyişikliyini ifadə edir. Köhnə kənd yeri indiki məkandan 7-10 km aralı dağ istiqamətindədir. Qədim qəbirstanlıq indi də Ləngəbiz silsiləsində  qalmaqdadır. 

Tərəkəməçiliklə məşğul olan və dağətəyi binələrdə məskunlaşan camaata 1918-ci ilin yaz-yay aylarında silahlı basqın edən hay quldurlarının əsas qərargahı Padarçöl dəmiryolu stansiyasındakı hərbi eşalonları və düşərgələri olmuş, binələrlə aralarındakı məsafə 30-35 km idi. O vaxt Bico kəndində 300 ev, Qəşəd kəndində 35-40 ev, Keçdiməz kəndində palçıq-torpaqdan ibarət 15-20 ev olub.  

Bico kəndinin yüzbaşısı Şahalı Cavad oğlu (1860-1935) məsləhət bilib ki, gedib  ermənilərlə razılaşsın, silahlılar kəndlərə girməsinlər. Amma, hay xislətinə uyğun olaraq mənfur düşmən yenə də kəndə girəcəyini bildirib. Belədə birləşmiş özünümüdafiə qüvvələri hücumun qarşısını almaq üçün “Pirəmsaq” (əski “sak”, “saq” tayfalarının adını yaşadır bu ünvan)  adlanan  qədim kənd qəbirstanlığının ətrafında səngər qurub və ağır döyüşlər baş verib. Yerli döyüşçülərin  silahları isə adi tüfənglər idi.  Amma, qəhrəmanlıq nəticəsində 380-ə qədər hay quldurunu məhv etmək onlara nəsib olub. Tarixi döyüşlərin getdiyi həmin qəbristanlığı 1978-1980-cı illərdə yerlə bir hamarlayaraq orada  üzüm bağları saldılar. 

Bu qırğınlardan sonra hayların Şamaxı qəzasındakı keşişi Şamaxı Cümə məscidinin axundu ilə kəndə gələrək hayların cəsədini istəmiş, lakin camaat onlara bu yerlərdə  düşmən leşinin olmadığını bildirmişlər. Silahlı hay-bolşevik quldurlarının qanlı təcavüzündən qorunmaq üçün Ləngəbiz sıra dağlarının Sanqalan yüksəkliyndə yerli döyüşçülərin müşahidə məntəqəsi var idi. Şamaxı şəhəri istiqamətindən növbəti hücumların birində 4 nəfərlə keşik çəkən  Mehralı Mütəllim oğlu (məlumatı oğlu Nuru Mehralı oğlu (1885-1975) verib) hayların dəstəbaşçısını vurub və kəndə xəbər çatdırıblar ki, camaat kəndi tərk etsin. Bu yolla kənd əhli əvvəlcə Ağsuya, oradan isə Göyçaya üz tutaraq kütləvi qırğından qurtula bilib. 

Qaraməryəm kəndi ətrafında sığınan dinc sakinlər burada top atəşi eşitdikdə elə biliblər ki, hayların hücumudur. Amma, 5-ci Qafqaz İslam Ordusunun zabitinin müraciətindən sonra hamı sakitləşib və xilaskarlara minnətdarlıq ediblər. Cəbhənin bu hissəsində türk zabitləri kənd cavanlarından ibarət könüllülərlə hərbi təlimlər keçdikdən sonra onlarla birlikdə vuruşa-vuruşa Bico və Qəşəd kəndlərin kimi hayların müqvimətini qıra biliblər. Həmin döyüşlərdə fərqlənən yerli sakinlərdən Nuru Mehralı oğlunun adı indi də hörmətlə yad edilir. 

Yerli könüllülərin müqavimətinə baxmayaraq həmin vuruşlarda Qəşəd kəndində 42 nəfər dinc sakin qətlə yetirilib.  Dağın qoynunda zağalarda sığınan kənd ağsaqqalı Hacı Şəkər Hacı Murad oğlunun (1858-1918) ailəsi bütünlüklə məhv edilsə də, yalnız 16 yaşlı qızı Sahab sağ qala bilb bu faciədən. Qəşəd kəndinin ruhanisi Molla Mehrab Molla Gülü oğlu (1875-1918) düşmənin tələbi ilə onlara bələdçilik etmədiyinə görə, elə üzlərinəcə -“Müsəlman gavura bələdçilk etməz, gavurun qabağına düşməz” söyləməklə kəndin çıxış hissəsində, Bico kəndi yönündəki  “Dəyirman yeri”ndə qətlə yetirilirək, elə orada dəfn edilib. Həmin qanlı yerdə başqa bir kənd sakini Nəzər Həzər oğlu da (1896-1918) düşmən süngüsünün qurbanı olub. 

Qəşəd kəndindən Padarçöl istiqamətində 200 metr aralıda “Sarı Əfəndi yeri”ndə (kənd ətrafında “Yasamal”, “Selab”,”Qaşğal”,”Suduran”, Ağlıq payı” adlı yerlərdə də savaş olub) adı-soyadı məlum olmayan o vuruşlarda şəhid olan döyüşçünün qəbir var. Kənd sakini Ağakərim Rəşid oğlu Kərimov (1918-1997) tərəfindən  onun üzərində gümbəz tikiilib. 

Bu  kəndin faciələri barədə kənd  ağsaqqalı  Ağa Qurban oğlu (1898-1990) həmişə  qəlb ağrısı ilə  yad edib.

Dağın qaşında yerləşən Alpout kəndinin hayları o vuruşlardan sonra kəndi tərk etməyə məcbur olublar.

Qismət  Yunusoğlu,
Bakı  Dövlət  Universitetinin  müəllimi








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений