Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Vüqar Bayramov: “İlin əvvəlindən yağ ucuzlaşa bilər”- MÜSAHİBƏ



Azərbaycanda problemli kreditlərin həcmi 1 milyard 857 min manat təşkil edir. 2017-ci ilin sonuna qədər bu göstəricinin 2 milyard manata çatacağı gözlənilir. Bank sektoru isə iki ildir üzləşdiyi maliyyə böhranından çıxa bilmir. Devalvasiyadan sonra yaranan işsizlik, gəlirlərin azalması və istehlak məhsullarının qiymətindəki artım kredit götürmüş müştərilərin borcları vaxtında ödəməsinə mane olur. Kreditlərin qaytarılması ilə bağlı hər hansı güzəşt mexanizminin olmaması vətəndaşlarla yanaşı, bankları da çətin vəziyyətə salıb. Maliyyə böhranının vurduğu Beynəlxalq Bankın sağlamlaşdırlması prosesi hələlik nəticəsiz qalıb. 2018-ci ilin dövlət büdcəsi layihəsində neft gəlirləri, qeyri-neft sektorunun payında isə gömrük rüsumlarından daxilolmalar əsas yer tutur. Bu da iqtisadiyyatın neftdən asılılığının saxlanılması və idxal məhsullarının bahalaşması deməkdir.

Sözügedən problemlərlə bağlı “Cümhuriyət” qəzetinin suallarını İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) rəhbəri, iqtisadçı-alim Vüqar Bayramov cavablandırıb.

(Müsahibənin əvvəlki 2 hissəsini buradan oxuya bilərsiniz)

- Azərbaycanda bankların  konsolidasiyasının vacibliyi barədə danışılsa da bu proses normal getmir. Sizcə, buna mane olan nədir?
- Bankların birləşməsində çətinliklər var. Bu bankların idarə edilməsi ilə bağlıdır. Xüsusən, neft bumu dövründə bankların idarəetməsində çox ciddi problemlər olub. Ötən il banklar müflis olan zaman Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən qeyd edilən arqumentlərdən biri ondan ibarət idi ki, bəzi banklar öz hesabatlarında yanlış məlumatlar verib. Belə ki, bank vətəndaşın depozitinin qorunmasına məsuldur, amma bank öz rəsmi hesabatında olmayan rəqəmləri qeyd edir. Bu ondan xəbər verir ki, bankların idarəetməsində problem var idi. Hazırda bir sıra banklarda vəsaitlərin istifadə edilməsi və xərclənməsi ilə bağlı ciddi nöqsanlar var ki, bu da bankların birləşməsinə imkan vermir. Əgər bütün banklarda korporativ idarəetmə mexanizmi formalaşsaydı, o zaman banklar asanlıqla birləşə bilərdi. Hazırda inkişaf etmiş ölkələrdə bankların birləşməsini müşahidə edirik. 
Amma Azərbaycanda bu proses getmir. Çünki banklar müflis olmağa üstünlük verir. Biz təklif edirdik ki, qanunvericilikdə müflis olmuş bank menecerləri ilə bağlı ayrıca qaydalar müəyyənləşsin. Tutaq ki, bank vətəndaşdan əmanəti cəlb edir. Qorunan əmanətlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən qaytarılır. Amma vətəndaşdan əmanətləri cəlb edib istifadə edən bank müflis olur, nəticədə müştəri o əmanəti geri ala bilmir. Amma onu vətəndaşdan alıb səmərəsiz istifadə edən bank rəhbəri ilə bağlı heç bir cəza tədbirləri demək olar ki, yoxdur. Bu da nəticədə ona gətirib çıxarır ki, bank müflisləşmədə maraqlıdır. Əgər bankın problemi olursa, funksiyaları yerinə yetirə bilmirsə, bu zaman birləşmədə deyil, müflisləşmədə maraqlı olur. Bu baxımdan bank menecerləri üçün həbs də daxil olmaqla xüsusi cəza növlərinin müəyyənləşməsinə ehtiyac var. Bu, bir tərəfdən vəsaitlərin səmərəli xərclənməsini, digər tərəfdən, bankların konsolidasiya prosesinin həyata keçməsini mümkün edə bilər. Çünki bank müflis olursa, bank sektoruna olan inam kəskin azalır. Əslində, bankların birləşməsi yox, müflis olması tənqididir. Bankın müflis olması bu sektora inamın itməsi ilə nəticələnir. Amma banklar birləşəndə inam itmir. Çünki müştərinin əmanəti artıq birləşmiş bankda qorunub saxlanılır.

“İnkişaf etmiş ölkələr üçün gömrük sadəcə, iqtisadi təhlükəsizlik baxımından vacibdir”

- 2018-ci ilin dövlət büdcə layihəsində qeyri-neft sektoru üzrə gömrükdən daxilolmalar həcminə görə ikinci yer tutur. Siz isə Azərbaycanın fiskal gəlirlərinin gömrük xidməti hesabına formalaşmamasını təklif edirsiniz. Ancaq 2018-ci ilin büdcə layihəsi bu problemin hələ də qaldığını göstərir.
- Ümumiyyətlə, post-neft dövründə bəzi gömrük rüsumlarının, eləcə də tariflərin artırılması müşahidə olunur. Güman olunur ki, 2018-ci ilin yanvar ayından etibarən ölkəyə idxal edilən spirtli içkilərə və tütün məhsullarına tətbiq edilən rüsumlar da artırılacaq. Nəticədə həmin məhsulların idxalı zamanı büdcəyə daha çox ödəniş olacaq. Təbii ki, bu, bir tərəfdən büdcəyə daxilolmaları artırır, eyni zamanda daxili bazarda həmin məhsulların qiymətlərinin artmasına səbəb olacaq. ABŞ və Avropa ölkələrində gömrük rüsumlarının büdcə daxilolmalarında payı bəzi hallarda, hətta 1 rəqəmlə belə ifadə olunmur. Çünki inkişaf etmiş ölkələr üçün gömrük sadəcə, iqtisadi təhlükəsizlik baxımından vacibdir. İnkişaf etmiş ölkələrin hamısı Ümumdünya Ticarət Təşkilatının (ÜTT) üzvü olduğuna görə qarşılıqlı olaraq artıq rüsum və vergini tətbiq etmirlər. Digər tərəfdən, biz daha az idxal istəyiriksə, deməli, daha az ödəniş olmalıdır. Məqsəd idxalın istehsalla əvəzlənməsidirsə, deməli, gömrük rüsumlarından əldə edilən vəsaitlərdən asılılığın da aradan qaldırılmasına ehtiyac var. Azərbaycanda idxal həcmi azalsa belə, yenə də idxal kifayət qədər əhəmiyyətli həcmə malikdir. Bu baxımdan büdcə daxilolmalarında gömrüyün payı çoxdur. Amma vacib məqamlardan biri ondan ibarətdir ki, gələcəkdə gömrük rüsumları bütövlükdə fiskal deyil, iqtisadi təhlükəsizlik funksiyası daşısın.

- Hökumət kərə yağları ilə bağlı gömrük rüsumlarını 3 dəfəyə qədər azaltdı. Gömrük rüsumlarının azaldılması bazara təsir etməyə bilərmi?
- Qərar qəbul ediləndən 30 gün sonra tətbiq ediləcək. Anbarlarda kərə yağlarının olduğunu nəzərə alsaq, bazara iqtisadi təsiri gələn ilin əvvəlindən müşahidə oluna bilər. Bazara o halda təsir etməyəcək ki, iş adamları kərə yağının qiymətini azaltmaqda maraqlı olmayacaq. İqtisadi baxımdan hökumətin verdiyi qərar bazara təsir etməlidir. Çünki hər 100 mində fərq var. Əgər iş adamının ölkəyə idxal etdiyi yağın maya dəyərində xərci azalırsa, nəticə etibarilə bunu qiymətə transfert etməlidir. Qiymət azalmaya bilər. O halda iş adamlarının xərcləri azalsa belə, qiyməti azaltmaqda maraqlı olmur və bunu etmir. Yəni, qiyməti süni şəkildə saxlayır. Əgər dünya bazarında qiymətlər dəyişməyəcəksə, amma bunun müqabilində rüsum azalacaqsa, Azərbaycanın istehlak bazarında qiymət dəyişməyəcəksə, bu, bazarda süni şəkildə kərə yağının qiymətinin saxlanması olacaq. Dünya bazarında kərə yağlarının qiyməti dəyişir. Son bir ayda dünya bazarında qiymətlər stabilləşib. 

“Bankların ödəmə qabiliyyətini yoxlamadan kredit verməsi puldan istifadə ənənəsi yaratdı”

- Dövlət rəsmiləri, millət vəkilləri mütəmadi olaraq əhalinin aztəminatlı hissəsini qənaət rejiminə keçməyə çağıran fikirlər səsləndirir. Hazırda istehlak bazarındakı qiymətlər Azərbaycan vətəndaşlarının orta aylıq əməkhaqqı ilə adekvatdırmı və bu vəziyyət qənaət rejimi ilə yaşamağa imkan verirmi?
- Qənaətə yalnız əhali deyil, həm də dövlət keçməlidir. Sözsüz ki, qənaətin edilməsi üçün gəlirlərin artırılmasına və qiymətlərin tənzimlənməsinə ehtiyac var. Qənaət elə bir anlayışdır ki, hətta ABŞ-da və Avropa Birliyi ölkələrində tətbiq edilir. Təbii ki, insan qənaətcil olmalıdır, eyni zamanda gəlirlər artırılmalıdır. Qənaətin edilməsi üçün gəlirlərin ən azı alıcılıq qabiliyyəti baxımından istehlak bazarındakı qiymətlər səviyyəsindən daha üstün olmasına ehtiyac var. Həmçinin, yeni iş yerlərinin yaradılması üçün özəl sektorun payının artırılması zəruridir. 

Ümumiyyətlə, inkişaf etmiş ölkələrdə dövlət investor deyil. Yeni iş yerlərini özəl şirkət yaradır. Dövlət investisiya mühitinin yaxşılaşdırılmasına və iqtisadiyyatın liberallaşmasına məsuldur. Nəticə etibarilə, özəl sektoru özəl investisiyaya cəlb etməklə yeni iş yerlərinin yaradılmasına nail ola bilir. 2018-ci ildə də neft gəlirlərinin payının yenə də yüksək olaraq qalacağını nəzərə alsaq, keçid dövründə dövlət investor rolunu oynaya bilər. Artıq infrastruktur var və çox vacibdir ki, infrastrukturun yeni dəyərə transformasiyası baş versin. Yeni iş yerlərinin yaradılması üçün də birbaşa sənaye və istehsal sahəsində investisiyaların qoyulması çox vacibdir. İnfrastrukturun maliyyələşməsi və bununla bağlı investisiya xərcləri mexanizmindən birbaşa yeni iş yerlərinin yaradılması mexanizminə keçidə ehtiyac var. Birmənalı şəkildə dövlət özəl sektoru stimullaşdırmalıdır ki, yeni iş yerləri yaradılsın. Digər tərəfdən, dövlət keçid dövründə investor rolunu oynamaqla investisiyalar həyata keçirə bilər ki, bu da nəticədə əhalinin gəlirlərində artımların baş verməsinə imkan verə bilər. Xüsusən, 2014-cü ildən sonra əhalinin özü qənaət etməyə meyillidir. Gəlirlər artdıqdan sonra vətəndaş özü qənaət edəcək. Ödəmə qabiliyyətini yoxlamadan bankların vətəndaşlara kredit verməsi, vətəndaşlarda daha çox puldan istifadə ənənəsini yaratdı. Artıq post-neft dövrüdür, vətəndaşın gəliri artdıqca nəticə etibarilə onun özünü qənaətə stimullaşdırır. Bu gün dünyada ən çox qənaət edən xalqlardan biri ABŞ vətəndaşlarıdır. Çünki qənaət iqtisadi aktivliyin bir elementidir. Amma bunun üçün əməkhaqqı yüksək, qiymətlər optimal olmalıdır ki, vətəndaş yüksək əməkhaqqı və optimal qiymətlərlə qənaət edə bilsin.

- Hazırda Azərbaycanda əhalinin orta aylıq əməkhaqqı 500 manata yaxındır. Orta aylıq əməkhaqqını bundan çox artırmaq mümkündürmü?
- İqtisadi və Sosial İnkişaf Mərkəzinin qiymətləndirməsinə görə real orta aylıq əməkhaqqı nisbətən daha yüksəkdir. İş yerlərinin müəyyən hissəsində əməkhaqqı rəsmiləşmir. Həmçinin əmək müqaviləsində bütün əməkhaqqı məbləği göstərilmir. Nəticədə bu da orta aylıq əməkhaqqı məbləğinə təsir göstərir. Real əməkhaqqının orta aylıq əməkhaqqından aşağı-yuxarı olmasından asılı olmayaraq maaş və təqaüdlərin orta aylıq həcminin artırılmasına ehtiyac var. Azərbaycanda əksər hallarda 4 nəfərlik ailə üzvünün biri, bir sıra hallarda isə hər iki ailə başçısı işləyir. Hətta 4 nəfərlik ailədə hər iki ailə başçısı işləyib aylıq gəliri 1000 manata yaxın olsa belə, bu, yetərli əməkhaqqı deyil. Orta aylıq əməkhaqqının artırılması mərhələli şəkildə olmalıdır. Mövcud durumda Azərbaycanda orta aylıq əməkhaqqının ən azı 700 manata yaxın olmasına ehtiyac var.

- Böyük neft bumundan sonra Azərbaycan üçün ona bərabər olmasa da, yüksək strateji əhəmiyyətə malik yeni bir gəlir sahəsi açıldı. Bu, Bakı-Tbilisi-Qars dəmiryolu, eləcə də Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsilə həyata keçiriləcək yükdaşımalardan əldə olunacaq gəlirlərdir. Sizcə, Azərbaycanda yükdaşımalardan tranzit ölkə kimi əldə ediləcək gəlirlərin istifadəsində şəffaflığın təmin edilməsi mexanizmi necə qurula bilər?
- Bakı-Tibilisi-Qars dəmiryolu xətti Azərbaycan üçün vacib layihələrdən biridir. Nəqliyyat infrastrukturu o qədər əhəmiyyətlidir ki, bu infrastruktur olmadan iqtisadiyyatı dayanıqlı inkişaf etdirmək mümkün deyil. Bu layihə bir tərəfdən, Azərbaycana imkan verəcək ki, tranzit gəlirlər əldə edə bilsin. Etiraf etmək lazımdır ki, beynəlxalq yükdaşımalarla bağlı proseduralar 2015-ci ildən başlayaraq xeyli sadələşib. Yalnız 2017-ci ildə qeyri-neft daşımalarının həcmi ölkə üzərindən 65 faiz artıb. Bu da proseduranın sadələşməsi ilə bağlıdır. 

Biz 2015-ci ilədək daha çox maneələr, bürokratik əngəllər və yaxud da qeyri-rəsmi ödənişlərin tələb edilməsini müşahidə edirdiksə, 2015-ci ildən başlayaraq beynəlxalq yükdaşımalar üzrə şuranın yaradılması proseduraların sadələşməsinə və şəffaflaşmasına imkan yaratdı. Düşünürəm ki, Bakı-Tbilisi-Qars dəmiryolu xətti Azərbaycanın qeyri-neft məhsullarının xarici bazara çıxarılması baxımından vacibdir. Ona görə Azərbaycanın iş adamları bu dəmiryol xəttindən istifadə etmək imkanına malikdir. 

Onlar burada dəmiryol xəttindən istifadə edəcək və buna görə də ödəniş edəcəklər. Böyük ehtimalla həmin ödənişlərin bir qismi elektron qaydada həyata keçiriləcək. Çünki beynəlxalq yükdaşımalarla məşğul olanlar nağd deyil, qeyri-nağd ödəniş edəcək. Buna görə də vəsaitlərin cəlb edilməsi ilə bağlı şəffaflıq problemi ciddi olmayacaq. Hökumət çalışmalıdır ki, yalnız yerli yüklərin deyil, daha çox Orta Asiyadan daşınan yüklərə, hətta sərnişinlərin bu dəmiryol xəttindən istifadə etməsinə nail olsun ki, Bakı-Tbilisi-Qars daha rentabelli olsun.

-Redaksiyamıza gələrək suallarımızı cavablandırdığınıza, maraqlı müsahibəyə görə təşəkkür edirik. 

Söhbətləşdi:
Yeganə Oqtayqızı
Müşfiq Abdulla








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений