Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Universitetlərdə pulsuz təhsil: QEYBƏ ÇƏKİLİR



Gənclərin 65 faizi pullu oxuyur

Azərbaycanda ali məktəblərdə təhsil haqqının yüksək olması dəfələrlə müzakirə edilb, mövzu ilə bağlı narazılıqlar səsləndirilib. Xüsusilə, təhsilin keyfiyyətilə adekvat olmayan qiymətləri narazılıq yaradan əsas amildir. Ekspertlərin fikrincə, dövlət ali təhsil müəssisələrində ölkə vətəndaşlarına təhsil ödənişsiz qaydalarla verilməlidir. Təbii ki, özəl universitetlər və ölkəyə təhsil dalınca gəlmiş əcnəbilərə şamil olmamaq şərtilə bu təklifin reallaşmasını mümkün hesab edənlər az deyil. Ödənişsiz qəbulda keçid balının həddən artıq yüksək olması da çox sayda imkansız ailənin övladını təhsildən kənarda qoyur. Bu günə qədər dəfələrlə yüksək bal toplamasına rəğmən ödənişsiz olmadığı üçün istədiyi ixtisas üzrə təhsil imkanını itirən gənclərin olduğu bildirilib. Bu isə gələcəklə bağlı narahatlıq yaradır.

Qeyd edək ki, millət vəkili Asim Mollazadə bu günlərdə “Təhsil haqqında” Qanuna edilən dəyişikliklərə toxunub.Sistemdə köklü dəyişikliklər edilməsinin tərəfdarı olan deputat bildirib ki, imkanlı ailələr övladlarını hər yerdə oxutmağa vəsait tapa bilərlər, amma imkansız ailələrin savadlı uşaqlarının təhsil almasına gedən yol qəbul imtahanlarından keçir. Bu səbəbdən imkanı az olan ailələrin övladlarının ödənişsiz təhsil almaları üçün şərait yaradılmalıdır.

Asim Mollazadə qeyd edib ki, imkanlı ailələr hətta övladlarını xaricdə də oxutdurmağa qadirdirlər. Tələbə qəbulu imtahanları Azərbaycanda məhz imkansız və savadlı uşaqların ali təhsil alması üçün qapı açan bir sistemdir. Millət vəkilinin bu açıqlamasında da əslində ali təhsil müəssisələrinin ödənişsiz sistemlə fəaliyyət göstərməsinə işarə edilir. Deputat ödənişsiz sistemlə bütün savadlı gənclərin rahat şəkildə ali təhsil imkanı qazana biləcəyini vurğulayır.

Karyera Tədris və Araşdırmalar Mərkəzinin direktoru Elşən Qafarov “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, qanunvericiliyə əsasən, dövlət hər bir vətəndaşın icbari ümumi orta təhsil almaq hüququnu təmin edir.Dövlət təhsil müəssisələrində hər bir təhsilalan pulsuz ümumi təhsil almaq hüququna malikdir. Dövlət orta ixtisas təhsilində və ali təhsilin hər bir səviyyəsində qanunvericiliyə uyğun olaraq təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir:

“Azərbaycan vətəndaşları üçün ikinci ali təhsil və ya orta ixtisas təhsili ödənişlidir. Eyni zamanda xarici vətəndaşlar üçün ali və orta ixtisas pillələri üzrə təhsil yalnız ödənişlidir. Dövlətlərarası müqavilə əsasında ölkəmizə təhsil almağa gələn və ya bizim ölkəmizdən xaricdə təhsil almağa gedən şəxslər üçün təhsil haqqı, bağlanmış həmin müqavilələrlə tənzimlənir. Bildiyim qədər, 2017-ci ildə dövlət ali təhsil müəssələrində təhsil alanların təqribən 35%-i ödənişli əsaslarla oxuyur ki, bu, əslində həm ağlamalı , həm də təəssüf hissi yaşadan haldır.

Ölkəmizin sosial-iqtisadi inkişafının artan templə davam etdiyi bir dövrdə və təhsilə ayrılan dövlət büdcəsinin 2,5 milyarddan artıq (bu rəqəm müharibə vəziyyətində olduğumuz Ermənistanın dövlət büdcəsinə yaxın bir rəqəmdir) olduğu bir vaxtda dövlətə məxsus ali və ya orta ixtisas təhsili müəssisələrində təhsilalanların 1/3-indən artığının ödənişli əsaslarla oxuması qəbuledilməzdir.

Düşünürəm ki, ali və orta ixtisas təhsili verən müəssisələrdə ildən -ilə ödənişli təhsilə aid qəbul planlarını artırmaqdansa, dövlət sifarişli yerlərin artırılmasına diqqət yetirilməlidir. “Təhsil haqqında” Qanununun 5-ci maddəsinin 5-ci bəndində göstərilir ki, dövlət əmək bazarının tələblərinə uyğun olaraq təhsil müəssisələrinə ixtisaslı kadr hazırlığı üçün dövlət sifarişləri verir və məzunların müvafiq işlə təmin olunmasına şərait yaradır. Bu yolla ali və orta ixtisas təhsili almaq istəyən vətəndaşlarımızın maddi çətinlikdən qurtarmaqla, ölkənin iqtisadi inkişafı  və əmək bazarının  tələblərinə uyğun orta və ya yüksək təhsilli mütəxəss kadrlar hazırlamış olarıq”.

Alçina Amilqızı

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений