Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Ukrayna Trampı impiçmentdən xilas edə bilər-Təhlil



ABŞ prezidentinin Poroşenko ilə təcili görüşünün pərdəarxası

Ukrayna və ABŞ prezidentlərinin rəsmi görüşü keçiriləcək. Cebhe.info-nun məlumatına görə, Ukraynanın xarici işlər naziri Pavel Klimkin belə bir açıqlama ilə çıxış edib: "Məlumdur ki, görüş baş tutacaq. Əlbəttə ki, biz də buna hazırlaşırıq"-deyə Klimkin bildirib. 

Nazirin sözlərinə görə, danışıqların dəqiq vaxtını yaxın günlərdə Ukrayna prezidentinin mətbuat katibi Svyatoslav Tseqolko bildirəcək. 

Pavel Klimkin onu da qeyd edib ki,  müzakirələrin başlıca mövzusunu ikitərəfli qarşılıqlı əlaqələrin inkişafı təçkil edəcək. 

"Başlıca məsələ budur ki,  Amerika, Avropa Birliyi, "Böyük yeddilər"dəki bütün dostlarımız  Minsk sazişinin yerinə yetirilməsi üçün Rusiyaya təzyiq etsinlər.  Krıma münasibətdə cəbhəmizi və Krıma görə beynəlxalq ictimaiyyətə edilən müraciəti qoruyub saxlamalıyıq"-deyə xarici işlər naziri vurğulayıb. 

Mediada yayılan məlumata görə, Donald Trampla Pyotr Poroşenko arasında görüş gələn həftə Ağ Evdə keçiriləcək. 

Danışıqların Vaşinqtonda baş tutması Ukrayna prezidentinin Birləşmiş Ştatlara Donald Trampın dəvəti ilə səfər etdiyini göstərir. Bu danışıqlar indi həm Ukrayna, həm də ABŞ prezidenti üçün siyasi cəhətdən kifayət qədər  həssas bir dönəmə təsadüf etdiyindən hər iki tərəf üçün böyük əhəmiyyət daşıyır. Belə ki, Donald Trampın prezident seçilməsindən sonra onun Ukrayna münaqişəsinə münasibətdə hansı mövqe sərgiləyəcəyi ciddi maraq doğururdu. Daha doğrusu, D. Tramp hələ seçki kampaniyası dövründə Krım məsələsində güzəştə getməyə hazır olduğunu bəyan edərək Rusiyaya qarşı sanksiyaların aradan qaldırılmasını təklif etmişdi. Tramp Krım və Donbasla bağlı yaranmış münaqişəni Ukraynanın daxili işi adlandırmışdı. Ona görə də D.Trampın Ağ Evə gəlişindən sonra  rəsmi Kiyev onun Rusiya ilə bağlı siyasətini narahatlıqla izləyib. Lakin ABŞ Konqresində Rusiyaya qarşı sanksiyaların saxlanılmasının tərəfdarı olan sərt xətt tərəfdarlarının üstünlük təşkil etməsi Ukrayna məsələsində Tramp administrasiyasına güzəştə getmək  imkanı verməyib.  Donald Trampla Pyotr Poreşenkonun Ağ Evdə gözlənilən müzakirələri hər iki prezidentin ilk rəsmi görüşü olacaq. Bu danışıqlardan sonra yəqin ki, ABŞ prezidenti Ukraynanın ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin olunması, həmçinin Krım və Donbasdakı münaqişələrin həlli ilə bağlı Rusiyaya ünvanlanmış vacib bəyanatlar verəcək. Poroşenkonun  indiki məqamda Vaşinqtona dəvət edilməsi Ukrayna rəhbərliyinin 6 aydır davam edən narahatlığına son qoya bilər.  Ukrayna prezidenti amerikalı həmkarından lazım olan dəstək mesajlarını ala bilsə, bu eyni zamanda Avropa Birliyinin və NATO-nun da mövqeyinə ciddi təsir edəcək.  ABŞ-ın Ukrayna münaqişəsi ilə bağı Rusiyaya təzyiqləri artırması Ukraynada son zamanlar nüfuzunu itirməkdə olan Poroşenko hakimiyyətinin də mövqeyini möhkəmlətmək baxımından işinə yarayır.

Ancaq hazırda Ukrayna prezidenti ilə görüş daha çox prezident Trampın mənafeyinə cavab verir. Buna səbəb son günlər ABŞ prezidentinin Rusiya ilə əlaqələrinin olmasına dair iddiaların artması ilə əlaqədardır.  Trampa qarşı 190-dan çox qanunverici iddia qaldırıb. İddiaçılar arasında 60 senator və Nümayəndələr Palatasının 166 təmsilçisi var. Demokratlar Partiyasından olan senatorlar prezident Trampı ABŞ Konstitusiyasını pozaraq xarici ölkələrdən maliyyə dəstəyi almaqda ittiham edərək məhkəməyə müraciət edib. Daha doğrusu, konqresmenlər prezident Trampı Rusiyadan gizli maliyyə almaqda şübhəli bilirlər.  

Senatorlar eyni zamanda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutan qanunun prezident tərəfindən imzalanacağına şübhə edir. Qeyd edək ki, ABŞ Senatının qəbul etdiyi yeni sanksiya qanunu layihəsi  Rusiyanın ABŞ-da keçirilən prezident seçkilərinə müdaxiləsinə və Ukrayna ərazilərini işğala görə qəbul olunub. Sanksiyaların həmçinin, Rusiyanın Suriyada beynəlxalq hüquq normalarına uyğun olmayan fəaliyyətlərinə görə də tətbiq edildiyi bildirilib. Senatorlar hesab edir ki, prezident Tramp Rusiya ilə münasibətləri gərginləşdirməmək üçün qanuna veto qoya bilər. Belə olarsa, Donald Trampın Rusiya ilə əlaqədə şübhəli hesab edərək ABŞ Konstitusiyasının tələblərini pozmaqda ittiham edənlərin sayının artacağı gözlənilir. Respublikaçı və  Demokrat konqresmenlərin sanksiyalar məsələsində mövqeyində üst-üstə düşməsi prezident Trampın vəziyyətini çətinləşdirib. Senatla yaranmış ciddi fikir ayrılığı  Ağ Ev rəhbərinin impiçmentinə gedən yolu aça bilər. Ona görə də prezident Tramp Pyotr Poroşenkonu Vaşinqtona dəvət etməklə Ukrayna məsələsində ABŞ-ın maraqlarıına sadiq qalacağını nümayiş etdirməyə çalışır. Çox güman ki, Poroşenko ilə görüş zamanı prezident Tramp  Rusiyanın ünvanına tənqidi bəyanatlar səsləndirməklə Kremllə əlaqələrinin olması barədə deyilənlərin heç bir əsasının olmadığına dair ismarıclar verəcək. 

Müşfiq Abdulla
Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений