Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Uğursuzların son sığınacağı - BOYKOT



Mübarizəsiz həyat yoxdur. Həyat anlayışının özü mübarizəni öz mahiyyətində ehtiva edir. Siyasi mübarizə isə bu həyatı, yaşadığımız dünya, yaxud bir ölkəni şəkilləndirən mübarizənin təməlində dayanır. Şübhəsiz ki, bir ölkənin, bir xalqın gələcəyi baxımından siyasi mübarizənin önəmi və yeri mübahisəsiz ön plandadır. Əgər bir cəmiyyət və bu topluma öndərlik edərək apardıqları mübarizəyə yön verən siyasi partiyalar və təşkilatlar bu mübarizədən kənarda dayanıblarsa, o cəmiyyətin itirəcəyi çox şey olacaq. Yəni, cəmiyyətin həmişə siyasi mübarizəyə ehtiyacı var. 

Əlbəttə, bu baxımdan müdafiə edilən bu anlayış doğrudur ki, siyasət bir cəmiyyəti, bir ölkəni qarşıya qoyulan hədəflərə doğru hərəkətə gətirən, fikir mübadiləsi yaradan və konkret nəticəyə aparan sosial vəzifədir. Əlbəttə, bu baxımdan, siyasi mübarizə cəmiyyətin güvəndiyi siyasi partiyalar, siyasi cameə üçün əxlaqi məsuliyyətdir. Bu, aid olduğun ölkəyə xidmət anlayışına ekvivalentdir. 

Və....

Siyasi partiyalar bir cəmiyyətin inkaredilməz təməlidir. Bunun içində dövlət və xalq anlayışı var. Dövlət millət üçün nə qədər zəruridirsə, siyasət də dövlətin idarə edilməsi üçün zəruridir. Əlbəttə, dövləti saxlamaq və qorumaq üçün siyasi mübarizə aparmaq əsas şərtdir. Siyasi düşüncələr də bu mübarizə ilə formalaşıb özünə həyat tapır. Bu, ölkənin gələcəyini müəyyən edən istiqamətləndirici oxdur. Bu baxımdan siyasi partiyaların apardıqları mübarizə cəmiyyətin istədiyi sistemi formalaşdırmaqla vəzifələndirilib. Buna görə siyasi mübarizənin əhəmiyyəti imtinaedilməzdir.

Azərbaycan, ənənəviləşmiş sistem....

Şübhəsiz ki, dünyanın böyük dövlətləri beynəlxalq münasibətlərin və daxili ictimai-siyasi böhranların ən gərgin dönəmlərində aparılan siyasi mübarizə ilə şəkillənib ortaya çıxıblar. Fransa 1789-cu ildə ölkəni xaraba qoyan inqilabın içindən nəhəng güc kimi çıxa bilmişdisə, ABŞ kimi dünyanın ən güclüsü isə 3 əsrə yaxın davam edən müstəmləkə hücumları və vətəndaş müharibəsinin əzə bilmədiyi fövqəl bir dövlətdir. Rusiya, Almaniya, Türkiyə və digər dövlətlərin keçdikləri siyasi mübarizə yolları da bundan kənarda deyil. Hazırda dünyada söz sahibi olan bu dövlətlərin oturuşmuş siyasi sistemləri və bu ölkələr gələcək talelərini müəyyən edən proses daxilinə girəndə hakimiyyətlərə vahid komanda şəklində güc gələ biləcək müxtəlif siyasi mübarizə üsullarına üz tuta biləcək siyasi partiyalara sahibdirlər.

Əlbəttə, bizim üçün nə Fransa, nə ABŞ, nə Türkiyə, nə də digər dövlət maraqlıdır. Bizi yaşadığımız Azərbaycan və bu ölkənin siyasətçiləri maraqlandırır. 71 il sovet Rusiyasının əsarətində qaldıqdan sonra müstəqillik əldə edən Azərbaycan bu çətin işin öhdəsindən sistemli siyasi mübarizə ilə gələ bilmişdi. Müstəqillik hərəkatına öndərlik edən siyasi qüvvələr, yaxud təşkilatlar öz hakimiyyətlərini də qurdular. Belə desək, bu siyasi qüvvələrə dəstək verən xalq onları hakimiyyətə gətirdi. Lakin siyasi dəyişiklik bu qüvvələrdən də yan keçmədi. Bir sıra məqamlarda bu siyasi qüvvələr ya vətəndaş qırğınlarına yol verməmək üçün könüllü şəkildə geri çəkildilər, ya da xəyanətin qurbanına çevrildilər. Bir dönəm bu qüvvələr müxalifətdə olsalar da ölkə daxilində baş verən ictimai-siyasi proseslərə yön verə biləcək gücdə idilər. Lakin bu düşərgəyə öndərlik edən Əbülfəz Elçibəy kimi mitinq elan edəndə az qala Bakıda yaşayan bütün insanları küçələrə, meydanlara çıxara biləcək liderləri vəfat etdikdən sonra hər şey bir anda dəyişdi.

Post-Elçibəy dönəmi....

Elçibəyin vəfatı meydanda böyük boşluq yaratdı və bu meydanı həmin şəxslər doldurmağa başladılar ki, onlar müstəqillik hərəkatı dönəmində öz xəyanətləri ilə meydan sulayırdılar. Elçibəyin özünü məhv etmək üçün fürsət axtarırdılar. “Ənənəvi müxalifət” adlandırılan həmin şəxslər siyasət meydanına atılandan bu günədək az qala bütün seçkilərdə boykot qərarına getdilər. 2003-cü ildə hakimiyyətə gəlməyə imkanları olanda belə, özlərinə inanmadılar. Bu özgüvənsizlikləri onlara baha başa gəldi və birdəfəlik hakimiyyətə gəlmək şanslarını itirdilər. Bu il də bu özünəinamsızlıqdan yaranan reflekslə əvvəldən biabır olduqlarını bildikləri üçün boykota getdilər. Lakin boykotla hansısa nəticəyə nail olacaqlarına özləri də inanmırlar. 

Cəmiyyət bir kənara, heç onların öz ətraflarında bu boykot qərarının işə yarayacağına inananlar yoxdur. Boykot heç 1998-ci ildə yüz minlərlə tərəfdarı olan Elçibəyin zamanında belə nəticə verməmişdi. Bəs “statusa” saxta profillər hesabına güclə 800 “layk” yığan Əli Kərimli, Arif Hacılı, ya qeyrisi nə edəcək?

Başqa sözlə, ənənəvi müxalifət siyasi mübarizənin məramını, məqsədini, mahiyyətini başa düşmədən, anlamadan yenə də öz bildiyindən əl çəkmir. Bu düşərgənin köhnəlmiş simaları siyasi mübarizə, siyasi partiya və siyasət anlayışını elə hakimiyyətdəkilər kimi şəxsi maraqlarını təmin edən mənbə kimi qəbul edirlər. Buna görə də onların dar çərçivədə apardıqları “mübarizə” şəxsi zövqlərin oxşanmasına uzanmış “sığallayıcı əllər”dən başqa heç nə deyil.

Mənsur Rəğbətoğlu

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений