Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Üçüncü Dünya Müharibəsinə bir addım: Böyük savaşa hazırlıq



Suriya üzərində fövqəlgüclərin və bölgədə marağı olan digər dövlətlərdən ibarət yeni hərbi-siyasi bloklarl formalaşır. Son dövrlər iki qütbə daxil olan ölkələr arasında gərginlik getdikcə artmağa başlayıb. Rusiya, Türkiyə və İranın taktiki ittifaqından ibarət hərbi blok artıq Suriyada oturuşub. Suriyada geosiyasi cəhətdən möhkəmlənmək istəyən ABŞ isə alternativ cəbhəni formalaşdırmaq üçün NATO-dakı müttəfiqlərini prosesə cəlb etmək planını işə salıb. Yaxın Şərqdə yaranmış vəziyyət bir növ Birinci Dünya Müharibəsində “Antanta” ilə “Dördlər İttifaqı”, İkinci Dünya Müharibəsində Almaniya, İtaliya və Yaponiyanın daxil olduğu nasist bloku ilə SSRİ, Böyük Britaniya və ABŞ-ın qurduğu ittifaqın qarçıdurmasına bənzəyir. 

Əvvəlki iki dünya müharibəsi Avropa qitəsində baş veribsə, bu dəfə bolkların maraqları Yaxın Şərq üzərindən toqquşur. Bu, “Soyuq müharibə”nin başa çatmasından sonra beynəlxalq münasibətlər sistemində supergüclərin ən böyük hərbi bloklaşması sayılır. Siyasi ekspertlərin fikrincə, Suriyadakı vətəndaş müharibəsi sosializm sisteminin və Varşava Müqaviləsi Təşkilatının dağılmasından sonra ABŞ-ın formalaşdırmaq istədiyi monopolyar dünya düzəni strategiyasının iflasa uğramasına səbəb ola bilər. Bu da öz növbəsində, dünya nizamını yenidən qurmaq uğrunda qlobal və regional güc mərkəzləri arasında yeni silahlı mübarizənin başlanması ehtimalını artırır. Nəticədə, Suriya böhranının sərhədlərini aşaraq Üçüncü Dünya Müharibəsinə çevriləcəyinə dair rəylərin meydana çıxmasına səbəb olub. Artıq Almaniyanın Xarici İşlər Nazirliyi Türkiyədən öz qoşunlarını qeyd-şərtsiz Afrindən çıxartmağı tələb edib. Qeyd edilən bəyanat Almaniyanın Yaxın və Orta Şərq uğrunda başlanmış geostrateji nüfuz bölgüsündən kənarda qalmaq istəmədiyini əks etdirən iddiasını ortaya qoyur.

Eyni zamanda, rəsmi Paris də Fransanın Suriyadakı hərbi əməliyyatlarda iştirak etmək istədiyini bildirib. Böyük Britaniyanın isə bu məsələdə gözləmə mövqeyində dayanacağını söyləmək çətindir. Əgər Almaniya və Fransa Suriyadakı vəziyyətə müdaxilə edərsə, o zaman Britaniyanın həm NATO-nun üzvü, həm də ABŞ-ın ən yaxın geostrateji müttəfiqilərindən biri kimi prosesə qoşulacağını söyləmək mümkündür. İsrailin isə bu blokda yer alacağı çoxdan məlumdur. Əgər Suriya cəbhəsində beynəlxalq güclərin geosiyasi maraqlar uğrunda mübarizəsi qlobal miqyas alarsa, yaxın perspektivdə Rusiya-İran-Suriya-Türkiyə ilə ABŞ-İsrail-Böyük Britaniya-Fransa arasında hərbi münaqişənin baş verəcəyi istisna deyil. Doğrudur, nüvə silahına və kütləvi qırğın silahına malik dövlətlərin açıq müharibə etməsi real hesab olunmur. Analitiklərin fikrincə, belə bir hərbi toqquşma həmin dövlətlər tərəfindən maliyyə və silah dəstəyi alan militan qruplaşmaların vasitəsilə həyata keçirilə bilər. Yəni sözügedən bloklar yalnız adları çəkilən ölkələrdən təşkil olunmayıb, eləcə də yandaş silahlı dəstələri də əhatə edir.

Hazırda Rusiya-İran-Türkiyə üçbucağına İran tərəfindən dəstəklənən, “Hizbullah” terror təşkilaıtı, “Həşti-Şaabi” (Şiə milis dəstələri), “İmam Hüseyn Briqadası, “47-ci briqada”, “37-ci briqada”, şiə muzdlulardan formalaşmış “Fatimiyun” briqadası, Yəməndə fəaliyyət göstərən “Ənsərullah” silahlı qruplaşması kimi çoxsaylı hərbi birləşmələr, Türkiyənin siyasi və hərbi yardım göstərdiyi Azad Suriya Ordusu və digərləri daxildir. ABŞ isə Suriyadakı hərbi mövcudluğunu saxlamaq üçün PYD/YPG terror təşkilatından rəqiblərinə qarşı mübarizə vasitəsi kimi istifadə edir. Almaniya, Fransa və Böyük Britaniya Suriyada hərbi iştirak qərarı versə, regionda güclənən Birləşmiş Ştatların kürd yaraqlılarına ehtiyacı azalması mümkün görünür. Çünki İŞİD-in məğlub edilməsindən sonra Amerikanın PYD/YPG ilə müttəfiqliyini davam etdirməsi daha çox iki amillə bağlıdır. Birincisi, ABŞ Suriyada geosiyasi balansın Rusiyanın və İranın xeyrinə dəyişməsinin qarşısını almaq üçün kürd yaraqlıları ilə müttəfiqlik edir. Əgər İsrail bu yaxınlarda açıqlandığı kimi İranın Suriyadakı 10 hərbi bazasını məhv etmək və “Hizbullah”ın fəaliyyətinə son qoymaq üçün irimiqyaslı əməliyyatlara başlasa, o zaman ABŞ üçün ciddi təhlükələrdən biri aradan qalxmış olacaq. 

Vaşinqton ilk növbədə, İranın silahlı qüvvələrinin və ona bağlı lokal-militan qrupların İsraillə sərhəddən çıxarılmasına çalışır. Hazırda İranYaxın Şərqdə İsrail və Rusiya ilə birlikdə üç əsas geosiyasi oyunçudan biri sayılır. Bu da təbii ki, ABŞ başda olmaqla onun həm Qərbdəki, həm də ərəb coğrafiyasındakı müttəfiqlərini narahat edir. Ona görə də ABŞ və İsrail İranı Suriyadan və Yaxın Şərqdən çəkilməyə məcbur edə bilsə, PYD/YPG ilə əməkdaşlığın çevrəsi darala bilər. Bu baxımdan, Avropa Birliyindən Türkiyənin ünvanına gələn bəyanatların bir tərəfinin də məhz İrana və Rusiyaya ünvanlandığı da şübhə doğurmur. 

Türkiyəli ekspertlərin fikrincə, ABŞ-ın Suriyadakı geosiyasi uğursuzluğu Tramp administrasiyasının post-İŞİD dövrünə dair strategiyasının olmamasıdır. 

Bu arada “Habertürk” saytı Rusiyanın Yaxın Şərq üzrə əsas siyasi strateqlərindən biri sayılan Vitali Naumkinə istinadən rəsmi Moskvanın Suriya siyasəti ilə bağlı məxfi planı adlanan açıqlama yayıb. Mənbə qeyd edir ki;

1. Rusiya “Zeytun budağı” əməliyyatı öncəsi rəsmi Ankara ilə danışıqlar apararkən, Türkiyənin öz sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün istənilən halda hərbi əməliyyatlara başlayacağından xəbərdar olub. Türkiyənin hərbi uğurlar qazanması isə Rusiyaya lazım idi. Çünki Rusiya Suriya hakimiyyəti ilə kürdlər və regiondakı qüvvələr arasında barışığa nail olamaq istəyirdi. 

2. ABŞ-ın Rusiya ilə aparılan bütün danışıqlarda bir məsələyə ehtiyacının olduğu hiss olunurdu-YPG Afrindən çıxmalı olsa, o zaman yaraqlılar Menbiçdən keçməklə Fərat çayının şərq sahilinə adlamalıdr. Rusiyanın Yaxın Şərq siyasəti üzrə əsas strateqlərindən biri olan Vitali Naumkinin açıqlamasına görə, Vaşınqtona səfər edən Rusiya kəşfiyyatının nümayəndələri ilə aparılan danışıqlardan sonra sözügedən təklifdən imtina edilib. Rusiya nümayəndə heyəti prezident Putinə çatdırıb ki, YPG Amerikanın nəzarəti altında qaldıqca, buna yol vermək olmaz. 

3. Rusiya hesab edir ki, Afrində Suriya ilə kürdlər arasında birgə yaşayış modelini qura bilsə və bunun Türkiyə üçün təhlükə yaratmadığını göstərərsə, həmin model Fərat çayının sağ sahili üçün də nümunə ola bilər. Bu baxımdan, ABŞ Fərat çayının şərq sahili üçün müstəqillikdən başqa hər hansı bir plan təqdim etməyi bacarmayıb. İŞİD-lə mübarizədən başqa bir təklif isə qəbul edilməyib. Rusiya isə Fərat çayının şərq sahili ilə bağlı Şimali raq Kürd Regionla Hökumətinə bənzər vahid mərkəzə tabe olan muxtar strukturun təşkilinə dair plan hazırlayıb. 

4. Bu mərhələdən sonra Deyr əz-Zor məsələsi müzakirəyə çıxarılması nəzərdə tutulub. Rusiya enerji resursları ilə zəngin bölgənin Suriya və kürdlərlə birlikdə idarə olunmasını, həmçinin hər iki tərəfin ehtiyaclarını qarşılamaq istiqamətində bölüşdürülməsini təklif edir.

5. Bu modelə kürdlərə mədəni və inzibati muxtariyyətin verilməsi, eləcə də kürd yaraqlılarına Suriya ordusu ilə hərbi əməkdaşlıq etməsi daxildir. Məsələn, Suriya silahlı qüvvələri Türkiyənin dövlət sərhədlərinin təhlükəsizliyini öz üzərinə götürə bilər. 

Suriyanın ərazi bütövlüyünün saxlanılmasını tələb edən Türkiyə isə kürdlərə hər hansı muxtariyyət və özünüidarəetmə statusunun verilməsinə, həmçinin kürd dəhlizinin yaradılmasına qarşı çıxır. Ankara Afrinin qərbindən Fərat çayının şərq sahilinə qədər sərhədlərinin təhlükəsizliyinə təminat tələb edir. Bu baş tutarsa, ABŞ müstəqil Kürdüstan dövləti yaratmaq planını uzun müddət sandığa ata bilər. Türkiyə Afrin əməliyyatından sonra bölgədə əsas oyunçulardan birinə çevrilib. Bu isə Suriya ilə kürdlər arasında münasibətlərin yenidən pisləşməsinə gətirib çıxaracaq. 

Nəticədə, YPG-ni İrana qarşı mübarizəyə ruhlandıran ABŞ planı dəyişərək bu məsələdə Türkiyənin dəstəyindən istifadə etməyə çalışa bilər. Ancaq Vaşinqtondakı hakimiyyət orqanları arasında fikir ayrılığı hələ qalmaqda davam edir. 

Rusiya isə hazırkı mərhələdə daha çox Suriya xalqlarının Soçidə keçirilən milli konqresində Bəşər Əsəd hakimiyyətinin və kürdlərin iştirakını təmin etmək üzərində düşünür. Ancaq Türkiyə buna etiraz etdiyindən Rusiya ilə münasibətləri pisləşə bilər. Bu da Soçi və Astanada keçiriləcək zirvə görüşlərinin təşkilinə zərbə deməkdir. ABŞ-ın NATO-dakı müttəfiqləri olan Almaniya, Fransa və Britaniyanın Suriyaya müdaxilə etmək niyyətində olduğu bir vaxtda Türkiyə ilə münasibətlərin pozulması Rusiyanın xarici siyasətində balansın dəyişməsinə gətirib çıxara bilər. Türkiyənin son illər çoxqütblü siyasət yürütməsi Ankaranı Moskva ilə xeyli yaxınlaşdırıb ki, bu da hər iki tərəfin maraqlarına cavab verir. Bu baxımdan, Türkiyənin manevr imkanlarının zəifləməsi Rusiyada narahatlıq doğurur. 

Ona görə də Afrin əməliyyatından sonra yaranmış yeni vəziyyət Rusiya-İran-Türkiyə üçbucağını qoruyub saxlamaq üçün təsiredici faktora çevrilib. Rəsmi Moskva Soçi görüşündə PYD və Bəşər Əsədi Türkiyə ilə bir masada əyləşdirməyə razı salmağa çalışır. Bu isə hər iki qüvvəni legitim hesab etməyən Türkiyənin regional maraqlarına ziddir. Digər tərəfdən, Rusiya onu da anlayır ki, Soçi görüşünə görə, Türkiyə ilə münasibətlərin qurulmması bundan daha vacib olan Astana sammitinin baş tutmasına ciddi zərbə vura bilər. Ona görə Rusiya bir tərəfdən, Suriya böhranının həlli üzrə danışıqlar prosesini öz patronajlığı altında davam etdirmək, paralel olaraq Türkiyə İranla birlikdə ittifaqı saxlamağa çalışır. Yekun nəticə isə Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin və Həsən Ruhaninin aprel ayında İstanbulda keçiriləcək görüşünün nəticəsində məlum olacaq. 

Müşfiq Abdulla

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений