Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Türkmənistan “Xəzər bataqlığına” düşdü



Türkmənistan kəskin ərzaq qıtlığı ilə üzləşib. Xəbər verildiyi kimi, ölkədə ərzaq məhsullarının çatışmaması istehlak qiymətlərinin və inflyasiyanın artımı ilə müşahidə olunur. Artıq ikinci ildir ki, bu ölkədə qeyd edilən problem davam edir.

“Azadlıq” Radiosunun yerli əhalidən aldığı məlumata görə, ölkədə iqtisadi vəziyyət getdikcə ağırlaşır. Bir vaxtlar Türkmənistanda ərzaq məhsullarının həddindən artıq bol olması və hətta pulsuz satılması barədə post-sovet respublikalarında yayılan şayiələr indi darmadağın olub. Daşoğuz vilayətinin şimalında yaşayan bir yerli sakin 450-500 qramlıq ucuz çörəyin əvvəllər 1 manat (28 sent) olduğu halda, dekabrın əvvəlindən 1.40 manata (39 sent) satıldığını deyir. Balkan vilayətinin qərbində isə eyni çörəyin qiyməti 1 manatdan 1.5 manata (42 sent) qalxıb. Cənubda, mərkəzi Marı vilayətində də eyni vəziyyətdir.

Paytaxt Aşqabadda bir qadın əvvəllər xaricdən gətirilən toyuq budunun kilosunun 8 manata (2.24 dollar) satıldığını və hərəyə 1 kiloqramlıq limit qoyulduğunu deyir. Onun sözlərinə görə, özəl dükanlarda limit olmasa da, qiymət 10 manatdır (2.8 dollar). Aşqabadda yumurtanın da qıt olduğu deyilir. Daha bir Aşqabad sakini keyfiyyətli çörəyin qiymətinin 2 manatdan (56 sent) 3.5 manata (98 sent) qalxdığını deyir. Marı və cənubdakı Ahal vilayətlərində unun qıt olduğu və qiymətinin iki dəfə artdığı bildirilir. Qiymətin qəfil artması insanları unu alaraq azuqə toplamağa vadar edib. Nəticədə dekabrın 1-də ölkəboyu un qıtlığı yaşanmağa başlayıb və çörək bahalaşıb.
Ərzaq çatışmazlığı və ən adi qida məhsullarının qiymətlərinin artması Türkmənistanın iqtisadi geriliyinin yeganə əlamətləri deyil. Ölkədə işsizliyin artması əhalinin sosial vəziyyətini daha da ağırlaşdırıb. Ölkə iqtisadiyyatının onurğa sütunu olan neft-qaz sektorunda və dövlət orqanlarında ixtisarlar baş verir. İşdən çıxarılanların əksəriyyəti quyuların qazılması və təmiri sahəsində çalışanlardır. 
Hüquq-mühafizə strukturlarında ixtisarların baş verəcəyi bildirilir. Lebap vilayətində yaşayan bir şəxs 2018-ci ilin yanvarında minədək polisin ixtisara salınacağını deyib. Başqa bir mənbə də DİN-in Lebap şöbəsində ixtisarların olacağını deyib. Həmin mənbə əlavə edib ki, ixtisarlar bütün ölkəyə şamil ediləcək və hətta cinayətkarlıqla mübarizə şöbəsi tamamilə ləğv ediləcək.
Yeni ildən sonra dövlət qurumlarında çalışan əməkdaşların 30%-nin ixtisar ediləcəyi də bildirilir.

Manatın «qara bazar»dakı dəyəri də düşməkdədir. Bu ilin əvvəli 1 dollar 5-6 manata alınıb-satılırdısa, dekabrın əvvəli qiymət 10 manatdan artıq idi. Rəsmi məzənnə isə 2015-ci ilin fevralından bəri 1 dollar üçün 3.5 manat səviyyəsində qalmaqdadır. Hazırda Türkmənistan iqtisadiyyatının üstünü almış böhranlı durumdan yalnız iki çıxış yolu var. Birinci variant prezident Qurbanqulu Berdıməhəmmədovun ölkənin 2018-ci il büdcəsi üçün Sabitləşdirmə Fondundan istifadə edildiyini deməsidir. Söhbət Berdıməhəmmədovun Niyazovun xarici banklara yerləşdirdiyi milyardlarla dolları toplayaraq yaratdığı ehtiyat fondundan gedir. Berdıməhəmmədovun özünün də bu fonda qaz satışından əldə edilmiş milyardlarla dollar pul əlavə etdiyi deyilir. Türkmənistanda heç kim bu fonddan danışmır. Berdıməhəmmədovun bu pulların hamısını özünə saxladığı haqda şayiələr dolaşır.

Berdıməhəmmədovun ölkənin 2018-ci il büdcəsi üçün bu fondun pullarından istifadə edildiyini deməsi Türkmənistan iqtisadiyyatının düşdüyü ağır durumun göstəricisidir.

Digər ümid yeri isə Xəzərin statusunda irəliləyişin əldə edilməsidir. Bu amil Türkmənistanın nəhayət Transxəzər Qaz Kəmərini (TCP) çəkərək, Avropaya 30 milyard kubmetrədək qaz satmasını mümkün edə bilər. Ancaq Xəzərlə bağlı yekun saziş imzalanmayınca, TCP-nin yolunun açılacağı gözlənilmir. Rusiya və İran 20 ildir ki, TCP-nin çəkilişinə etiraz edir. Rəsmi Aşqabadın da indiyə qədər Xəzərin statusu məsələsində güzəştə getməməsi əsasən Rusiyanın və İranın Türkmənistana təzyiqləri ilə bağlıdır. Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovun 2017-ci il avqustun 9-da Azərbaycana rəsmi səfərindən sonra rəsmi Aşqabadın mövqeyində dəyişikliklərin baş verəcəyinə ümidlər yaranmışdı. Türkmənistan hasil etdiyi təbii qazı Avropa bazarlarına çıxartmaq niyyətini dolayısı ilə nümayiş etdirsə də “Transxəzər” layihəsinin gerçəkləşməsi və Xəzər dənizinin hüquqi statusuna dair razılaşmanın əldə olunması istiqamətində start götürmüş danışıqlar nəticəsiz qalıb. Türkmənistan Şərq-Qərb nəqliyyat dəhlizi üzrə Azərbaycan ərazisindən daşınan yüklərin “Türkmənbaşı” limanı vasitəsilə Çinə və əks istiqamətdə tranzitinə maraq göstərir. Bu proses müəyyən qədər həyata keçirilsə də Türkmənistan TRASEKA layihəsi üzrə Çoxtərəfli Sazişə qoşulmayıb. Bu da öz növbəsində, tranzit daşımalardan Türkmənistanın gəlir əldə etmək imkanlarını məhdudlaşdırır. Ölkədə mövcud olan korrupsiya isə Çinə təbii qaz nəqlindən əldə edilən gəlirlərin ölkə iqtisadiyyatına müsbət təsirini əngəlləyən əsas maneələrdən biridir. Hindistana təbii qaz ixracını nəzərdə tutan TAPİ qaz kəməri layihəsi isə 2020-ci ildə təhfil veriləcək. İndiyə qədər türkmən qazının əsas alıcısı Rusiyanın “Qazprom” şirkəti hesab olunub. Lakin Rusiyaya qarşı Qərbin sanksiyaları sərtləşdirməsindən sonra “Qazprom”un Avropa bazarında mövqeyinin zəifləməsi Türkmənistandan idxal edilən “mavi yanacağa” tələbatı da aşağı salıb. 

“Qazprom” Türkmənistandan qaz istehlakının həcmini 5 milyard kumbetrə qədər aşağı salıb ki, bu da ölkənin gəlirlərinə mənfi təsir göstərir. Bütün bu çətinliklərə rəğmən, Türkmənistanın Xəzərin statusu məsləsində kompromisə hazır olmaması Rusiyanın və İranın Aşqabada təsir imkanlarını saxlamaqda davam etdiyini göstərir. Son dövrlər Rusiyanın Suriyada qazandığı hərbi qələbədən sonra Yaxın və Orta Şərqdə geosiyasi mövqelərinin möhkəmlənməsi, həmçinin İran və Türkiyə ilə taktiki ittifaq qurması, Xəzər regionunda və Mərkəzi Asiyada da təsir imkanlarını artırıb. Bu isə Türkmənistanın “Transxəzər” layihəsi məsləsində Rusiyanın iradəsinə zidd hərəkət etmək imkanlarını məhdudlaşdırır. 

Müşfiq Abdulla

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений