Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Türkiyəyə “Qarabağ səddi” çəkilir



“Dağlıq Qarabağ münaqişəsi qardaş Azərbaycanla ortaq problemimizdir.Türkiyə bu münaqişənin həllindən uzaqda dayanmayacaq.Ermənistanın işğalçılıq siyasəti qarşısında həmişə yardım əlimiz Azərbaycana uzanacaq.Lakin Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səylərimizi gücləndirməliyik.Əlbəttə, Ermənistan haqsız mövqeyindən geri addım atmalı - sürətli şəkildə işğal etdiyi Azərbaycan ərazilərindən geri çəkilməlidir.Qarabağ münaqişəsi həll olunmadan Türkiyə - Ermənistan münasibətləri normallaşa bilməz və işğal davam etdiyi halda sərhədlərin açılması müzakirə mövzusu olmayacaq”.

Bunlar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistan - Azərbaycan (Dağlıq Qarabağ) münaqişəsinə dair mövqeyini əks etdirir. Ümumiyyətlə, bu münaqişə yaranandan bu günədək istər Turqut Özal, istər Süleyman Dəmirəl, istər Əhməd Nejdət Sezər, istər Abdullah Gül, istərsə də hazırkı dövlət başçısı Ərdoğanın dönəmində Türkiyənin Qarabağ probleminə yanaşması, bütün beynəlxalq tribunalardan Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsini əks etdirib. Türkiyənin hakim siyasi çevrələri ilə yanaşı, ana müxalifətin (CHP, MHP və s.) də mövqeyi Ermənistanın qeyd-şərtsiz işğal edilmiş Azərbaycan ərazilərinin azad edilməsi ilə bağlıdır.

Özal və Dəmirəl arasındakı fərq

Türkiyə Azərbaycanla tarixi və etnik kökə dayanan qardaşlıq münasibətlərinə malik ölkədir.Şübhəsiz ki, bu münasibətlərdə beynəlxalq tribunada Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Azərbaycana hər cürə - istər siyasi, istər hərbi, istərsə də maddi dəstəyin verilməsi böyük paya sahibdir.Ermənistan - Rusiya hərbi birləşmələrinin Azərbaycanda həyata keçirdikləri işğala ilk və ən sərt reaksiyanı da Türkiyə verib.İşğal dönəmində Türkiyə verdiyi qərarla Ermənistanla sərhədləri bağladı. Həmin dövrdə işğalçılara etiraz olaraq, Şərqi Anadolu bölgəsində yerləşən III Ordu “həyəcan siqnalı”na qaldırılaraq Ermənistanla sərhədlərdə yerləşdirildi və rəsmi Ankara İrəvana sərt diplomatik ultimatum verdi və işğalı dayandırmağa çağırdı. Türkiyənin etirazlarından sonra münaqişə beynəlxalq ictimaiyyətin müzakirəsinə çıxarıldı.1993-cü ildə Türkiyənin NATO-dakı nümayəndə heyətinin başçısı aprel ayının 6-da alyansın Brüsseldə keçirilən sammitində münaqişədə Azərbaycanın təkləndiyini əsas gətirərək, rəsmi Ankaranın bitərəf siyasətini nəzərdən keçirəcəyini bildirdi.Həmin dönəmdə Turqut Özal və Süleyman Dəmirəlin münaqişəyə baxışlarındakı fərq də özünü göstərirdi.Özalın Ermənistana münasibətdə sərt qərarları qarşısında, Dəmirəl münaqişəni “yumşaq tədbirlər”lə həll edilməsi siyasətinə üstünlük vermişdi.Bu, Türkiyənin Ermənistan siyasətində ziddiyyətlər yaratmışdı.Özal Türkiyənin Azərbaycanla birlikdə Rusiya və Ermənistana qarşı müharibəyə qatılmasını müdafiə edirdi, Dəmirəl isə Azərbaycana diplomatik yollarla yardımın edilməsinin tərəfdarı idi.

Türkeşin 6 maddəlik prinsipləri

Türkiyənin dönəm müxalifətinin lideri Alparslan Türkeş münaqişənin həlli üçün 6 maddəlik paket təqdim etdi. Paketə görə Ermənistan və Azərbaycan arasında dərhal atəşkəs elan edilməli, Ermənistan hərbçilərini Azərbaycan ərazilərindən çəkməli, Hər iki tərəf BMT tərəfindən tanınmış sərhədlər daxilində biri-birini tanımalı və diplomatik münasibətlər bərpa edilməli, Tərəflər biri-birinin daxili işlərinə qarışmamalı və ərazi iddiasında olmadan təmas qurmalı, “Laçın dəhlizi açılmalı, müşahidə missiyasının təhükəsizliyi təmin edilməli, Dağlıq Qarabağ münaqişəsi Minsk formatında həll edilməli və müzakirələr başlamalı idi. Dağlıq Qarabağın Azərbaycana qaytarılmasını dəstəkləyən Türkeş, eyni zamanda, iki ölkə arasında iqtisadi münasibətlərin qurulmasını da istəyirdi. O, həmçinin qarşılıqlı şəkildə əsirlərin sərbəst buraxılacağına ümid edirdi. İrəvana gedib Ermənistana səfər etmək niyyətində olan Alparslan Türkeş azərbaycanlı əsirləri aldıqdan sonra təyyarə ilə İrəvandan Bakıya uçmağı planlaşdırırdı.Dönəmin Ermənistan prezidenti Levon Ter-Petrosyan heç bir şərt olmadan Türkiyənin bu şərtlərini qəbul edəcəyini bildirdi, lakin bunun o qədər də asan olmadığını diqqətə çatdırdı: “Biz heç bir şərt olmadan atəşkəsin elan edilməsini qəbul edərik, amma bunu başa düşün ki, mənim şərtlərim və cəmiyyət qarşısındakı vəziyyətim Elçibəyin vəziyyətindən daha çətindir”.

Sərhədlərin bağlanması

Dəmirəlin “yumşaq tədbirlər”i Türkiyənin siyasi çevrələrində münaqişəyə yanaşmada  ziddiyyətli baxışlar ortaya çıxarsa da istər müxalifət, istərsə də hakimiyyətin əsas mövqeyi bu idi ki, Azərbaycan əraziləri işğaldan azad edilmədən Türkiyə sərhədlərini Ermənistana açmayacaq. Beləliklə, Azərbaycan torpaqlarının işğal edilməsindən dərhal sonra Türkiyə Ermənistanla bütün əlaqələrini kəsərək, sərhədlərini bağladı.Beləliklə, 1990-cı illərin əvvəlindən bu günədək Türkiyə və Ermənistan arasında sərhədlərin bağlı olmasının, diplomatik və iqtisadi münasibətlərin dayandırılmasının əsas səbəbi, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi idi.Həmin dönəmdən başlayaraq, Türkiyə dövləti sərhədlərin açılması üçün işğal etdiyi əraziləri Azərbaycana geri verməyi şərt kimi qoyur.Türkiyənin bu tələbləri Ermənistan tərəfindən yerinə yetirilmədiyi üçün münasibətlərdə heç bir dəyişiklik yoxdur.Lakin Ankara dəfələrlə Ermənistanı geri addım atdırmağın yollarını axtarıb və bu səyləri nəticəsiz qalıb.

Sezərin Köçəryana məktubu, Gülün İrəvan səfəri

Türkiyənin elan etdiyi “Qafqaz: Sabitlik və İşbirliyi Platforması” siyasəti çərçivəsində keçmiş prezident Abdullah Gül 2008-ci ildə İrəvana səfər etdi, bu, Qarabağ münaqişəsinin həll prosesində yeni ümid yaratmaqla yanaşı, Türkiyə - Ermənistan sərhədlərinin açılması məsələsini gündəmə gətirdi. 2009-cu ildə isə İsveçrənin Sürix şəhərində Ermənistan və Türkiyə hökumətləri arasında “Diplomatik Münasibətlərin Bərpa Edilməsi Protokolu” (“Sürix protokolları”) imzalandı.Gülün bu addımları və bundan əvvəl keçmiş həmkarı Əhmət Necdət Sezərin dönəmin Ermənistan prezidenti Robert Köçəryana yazdığı məktub bir-birinə qapalı ölkə arasındakı “buzlar”ı əridəcəyi ehtimalını yaratmaqla yanaşı, Qarabağ problemi ətrafında beynəlxalq müzakirələrin açılmasına şərait yaratdı.Lakin Türkiyənin sərhədlərin açılması üçün Azərbaycan ərazilərinin işğaldan azad edilməsi üçün Ermənistanın qarşısına şərt kimi qoyulması, işğalçı tərəfi razı salmadı və Türkiyənin vasitəçilik cəhdləri fiaskoya uğradı.Sərhədlərin açılması üçün Barak Obama dönəmində ABŞ-dan artan təzyiqlər də Türkiyəni tutduğu prinsipial mövqedən geri qaytarmadı.

Obamanın nəticəsiz təzyiqləri

Obamanın Güllə görüşündə sərhədlərin açılması məsələsi ətrafında gedən müzakirələr və bundan sonra Türkiyə prezidentinin “Türkiyə nə edirsə, Azərbaycanı düşünərək edir”, açıqlaması Türkiyənin Qarabağ münaqişəsinə baxışının dəyişməyəcəyi mesajını verirdi. Həmin dönəmdə Barak Obamanın Azərbaycan prezdenti İlham Əliyevə telefon zəngi etməsi və bundan sonra Obamanın yenidən Abdullah Gülə zəng etməsi, münaqişənin həll prosesində yeni gəlişmələrin baş verməsi ilə yanaşı, sərhədlərin açılması məsələsi ətrafında beynəlxalq müzakirələrin başlamasına rəvac verdi. Müəyyən vaxt aralığında Ermənistan və Türkiyə diplomatlarının arasında sıxlaşan təmaslar, keçirilən gizli görüşlər, problemlərin müzakirəsi üçün xüsusi komissiyaların qurulması kimi səylər sərhədlərin açılması məsələsinin həllində ciddi addımlar atıldı.Lakin bu problemin həllinə düyün vuran əsas problem yenə də Dağlıq Qarabağ münaqişəsi idi.Türkiyə Azərbaycan əraziləri qaytarılacağı günədək sərhədlərin bağlı qalacağını bildirərək, növbəti dəfə Ermənistan və ona təzyiq edən ABŞ və digər Qərb dövlətlərinə öz yerlərini göstərdi.

Azərbaycanın Türkiyədən gözləntisi

Azərbaycan ictimaiyyəti və siyasi çevrələri də Qarabağ münaqişəsi həll olmadan Türkiyənin öz sərhədlərini Ermənistana açmasına heç bir ehtimal vermir.Əks halda bu, Azərbaycana qarşı atılmış addım kimi qiymətləndiriləcək.Azərbaycan torpaqlar azad edilənədək Türkiyədən bu prinsipial mövqeyindən geri çəkilməyəcəyini gözləyir.Türkiyə də bu günədək heç bir halda Azərbaycanı özündən narazı salacaq addım atmayıb.Hətta, problemin həlli üçün müəyyən vaxtlarda Rusiya ilə təmaslarını sıxlaşdırıb.Lakin Moskva XIX əsrdən Rusiya ilə Cənubi Qafqazda mövqe savaşı aparan Türkiyənin bu yanaşmalarını qəbul etməyib. Həmişə Ankaradan Qarabağ münaqişəsi ilə bağlı Azərbaycana verilən siyasi dəstəyə Kreml tərəfindən eyni fikirlə şərh edilib: “Türkiyə münaqişəni alovlandırır”. 

Rusiyanın məsafəni uzatmaq siyasəti

Başqa sözlə, Rusiya Cənubi Qafqaz uğrunda savaşda özünə ciddi rəqib kimi gördüyü Türkiyəni münaqişənin həll prosesində uzaq məsafədə saxlamağa çalışıb.Moskvanın bu baxışı özünü bir daha yaxın günlərdə Rusiya prezidenti Vladimir Putinin Rəcəb Tayyib Ərdoğanla görüşündə göstərdi. Ərdoğan Rusiya başçısı ilə görüşündən sonra Putinin Qarabağ probleminin həllinə inanmadığını dedi. Ərdoğanın bu açıqlaması o məntiqə əsaslanırdı ki, Kreml nöqteyi-nəzərindən Türkiyənin bu problemin həllində görə biləcəyi iş yoxdur. Bunu Putinin adından “Qarabağ münaqişəsi Rusiyanın təktərəfli həll edə biləcəyi işdir, Türkiyə yaxud, qeyrisinin bura müdaxiləsinə ehtiyac yoxdur”, şəklində də izah etmək olar. 

Digər yandan isə Rusiya Türkiyənin Azərbaycanla yaxınlaşma siyasətini və ikitərəfli münasibətləri pozmaq cəhdlərini də edir.Bir sıra hallarda bu, özünü Rusiyadan Azərbaycana edilən diplomatik təzyiqlərdə də göstərir. Azərbaycandakı Rusiyayönümlü siyasətçilər və  siyasidairələr də (“5-ci kolon”) Moskvanın bu təzyiqlərinə adekvat olaraq, ictimai rəydə Türkiyə haqda mənfi fikir formalaşdırmağa cəhd edirlərr. Lakin bu pozucu cəhdlərə baxmayaraq Bakı-Tiflis-Qars dəmir yolu xətti, TANAP, TAP, Bakı-Tiflis-Ceyhan boru kəmərləri kimi beynəlxalq layihələri birgə müəllifləri kimi çıxış edən Türkiyə və Azərbaycan “Əbədi Dostluq Sazişi”nə imza atan, “Bir millət, iki dövlət” prinsipini hər bir halda münasibətləri pozmağa cəhd edənlərin qarşısına arqument kimi qoyan ittifaq kimi çıxış edir.

Ərdoğanın azərbaycanlılara verdiyi söz

Beynəlxalq səviyyədə pozuculuq fəaliyyətlərinə baxmayaraq, hazırkı dönəmin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Qarabağ münaqişəsinin həll prosesində Azərbaycanın maraqlarını ifadə edən cəhdləri var. Ərdoğan demək olar ki, Putinlə hər görüşündə və beynəlxalq tribunalarda çıxış etmək imkanı əldə edəndə Qarabağ problemindən danışır. Dəfələrlə Azərbaycan ərazilərinə işğala məruz qaldığını  və bu ərazilərin qaytarılmasını Ermənistandan qeyd-şərtsiz tələb edən BMT qətnamələrinin işğalçı tərəfindən tanımadığını beynəlxalq ictimaiyyətə çatdırıb. O, Azərbaycana gec-tez Dağlıq Qarabağın azad olunacağı sözünü verib. Azərbaycan türklərinin özünün “qohumları” adlandıran Rəcəb Tayyib Ərdoğan istənilən şərt daxilində Azərbaycanın mövqelərinin dəstəklənəcəyini bildirir. “Bir millət, iki dövlət” prinsipi Türkiyə liderinin Azərbaycana verdiyi dəstəyin “dayaq dabanı”nı təşkil edir. 
Lakin Ərdoğanın bu cəhdləri həll prosesində effektli nəticə vermir.  Ankaranın bu fəallığı Türkiyənin münaqişənin həll prosesində vasitəçilik missiyasını gündəmə gətirsə də ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri - Fransa, Rusiya və ABŞ-ın Ermənistanın lehinə olan fəaliyyətləri Azərbaycanın Türkiyəni bu formatda vasitəçi kimi görmək istəyinin reallaşmasına maneədir. 

İstər Amerika, istər, İran, istərsə də Rusiya Türkiyənin Cənubi Qafqazda artan nüfuzunun bu dövlətlərin bölgədəki maraqlarına təhdid kimi qəbul edirlər.Hər fürsətdə Türkiyə ilə münaqişə arasındakı məsafəni uzatmağa çalışırlar.Şübhəsiz ki, Türkiyəni münaqişədən uzaqda saxlamaq səylərinin əsasında, bu ölkənin Azərbaycana yönəlik dəstəyi də böyük paya sahibdir.Lakin istər Yaxın Şərq, istərsə də Avropada hegemon güc olmaq məqsədini qarşısına qoymuş Türkiyə bu üstünlüyünü Cənubi Qafqazda da qorumaqda israrlı görünür və bunun yolu Qarabağ münaqişəsinin Azərbaycanın maraqları daxilində həllindən keçir.

Mənsur Rəğbətoğlu

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений