Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Türkiyə ilə Azərbaycan arasında daha bir ittifaq



Son dövrlər Azərbaycanla Türkiyənin birgə konfederasiya yaratmasıyla bağlı məsələlər yenidən gündəmə gəlib. Bir çox ekspertlər və eləcə də ictimaiyyətin bəlli kəsimi bunun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində birbaşa təsiredici gücə malik olduğunu düşünürlər. 

Qeyd edək ki, konfederasiya modeli konkret məqsədlər üzərində dövlətlərin birliyini nəzərdə tutur. Maraqlı məqam ondan ibarətdir ki, sözügedən model çərçivəsində hər iki dövlətin vahid gömrük ittifaqını yaratması da mümkündür. Belə bir qurumun yaradılması iki ölkə arasındakı iqtisadi səmərəliliyi artıra, siyasi və mədəni əlaqələrin daha da inkişaf etdirilməsinə şərait yarada bilər. Ümumiyyətlə, gömrük birliyi anlayışı azad ticarət zonasına daxil olan ölkələrin tətbiq etdiyi tarif sistemidir. Başqa sözlə, razılığa gəlmiş dövlətlər arasında tariflər, idxal kvotaları, mal, xidmətlərə tətbiq edilən güzəştlər ləğv olunur. Bu inteqrasiyanın ikinci səviyyəsi hesab olunur.

Sözügedən mərhələ iqtisadiyyatlarına bir -birini tamamlayan dövlətlər daha çox üstünlük verirlər. Əksinə, əgər ölkələr bir-biri ilə iqtisadi baxımdan rəqabətdədirlərsə, bu razılıq əldə etmək üçün stimul yaratmır, anlaşma yalnız müəyyən sahədə olan məhsul və xidmətlərə aid edilir. Azərbaycanla Türkiyə arasında belə müqavilənin imzalanması hər iki dövlətin üçüncü ölkəyə qarşı ortaq rəqabət mühitinin və siyasətinin formalaşmasını şərtləndirəcək. Sözügedən birliyin yaradılması iqtisadi inteqrasiyanın üçüncü səviyyəsidir. Maraqlıdır, hazırda hər iki ölkənin ortaq gömrük birliyini yaratması dövlət və ya ictimai şifarişdirmi? Bu nə qədər reallığı əks etdirir? Hər iki ölkə üçüncü dövlətə qarşı ortaq iqtisadi rəqabət aparmaq ehtiyacı hiss edirmi? Bunu şərtləndirən hər hansı hal, şərait mövcuddurmu?

Bütün bu məsələlərlə bağlı “Cümhuriyət” qəzetinin suallarını siyasi şərhçi Natiq Miri cavablandırıb. 

O, deyib ki, bu məsələdə iki qardaş ölkə adına heç bir problem olmamalıdır: “Bu günə qədər ortaq gömrük sisteminin olmamasının özü iki qardaş adına qüsur sayıla bilər. Avropa Birliyində bir vahid siyasi-iqtisadi məkan olaraq Gömrük İttifaqı var və belə bir sistemin iki qardaş ölkə arasında mövcud olmaması normal deyil. Nəzərə almaq lazımdır ki, iki qardaş ölkə arasında sərbəst viza rejimi mövcud deyil. Doğrudur, bunun bəzi obyektiv və subyektiv səbəbləri var və bu yöndə rəsmi açıqlamalar da mövcuddur. İstənilən bir açıqlama bu iki qardaş arasında münasibətlər kontekstində yetərli deyil və hansısa qonşu, eləcə də xarici faktorlara görə qardaş ölkə ilə sərbəst viza sisteminin qaldırılmasını müəyyən bəhanələrlə izah etmək doğru deyil.

Gömrük İttifaqının mövcud olması iki qardaş ölkəyə yaraşan bir hadisə olardı. Bununla bağlı digər ölkələrin də məsələyə anlaşıqlı yanaşması mümkündür. Çünki Türkiyə-Azərbaycan münasibətləri iki ölkə arasında mövcud olan münasibətlər sisteminə uyğun deyil. Bu təkcə siyasi deyil, həm də mənəvi bağlarla bir-birinə əlaqəlidir. Nə qonşu İran, Rusiya kimi böyük, nə də digər ölkələr birgə gömrük ittifaqının yaradılması məsələsinə hansısa başqa ölkələrə qarşı qərəzli münasibət olaraq düşünə bilməzlər. Əgər hansısa bir fikir, ideya ortada varsa, bu gecikmiş məsələni reallaşdırmaq zamanıdır. Bu iki qardaş dövlət adına müsbət qazanc olar”.

Siyasi şərhçi onu da əlavə edib ki, iki ölkə arasında Gömrük İttifaqının yaranması baş tutarsa, heç bir zərərdən söhbət gedə bilməz: “Belə bir Gömrük İttifaqı yaranarsa, qarşılıqlı ticarət mal mübadilələrində qoyulan rüsumlarda heç bir məhdudiyyət olmayacaq. Artıq rüsum ödəmədən həm idxal, həm də ixracı asanlıqla bu iki qardaş ölkə bir-birinə edə biləcək. Bundan əlavə belə bir sistemin mümkünlüyü iki dövlət arasında ticarət əlaqələrini, mal mübadilələrini 2-3 dəfə artırmaq imkanı yaradacaq.

Hesab edirəm ki, bu iki ölkə arasında yeni gömrük sisteminin bərqərar olması ölkələrin bu iki ölkə qarşısında təsdiq etdiyi rüsumlar, eyni zamanda ölkə bazarını da vurmayacaq. Bu gün neft-enerji qiymətlərindən tutmuş digər mallara qoyulan qiymətlər ölkə daxilindəki bazarı vurur. Amma Türkiyə-Azərbaycan arasında yeni gömrük ittifaqı baş tutsa, bu iki bazar daha böyük bazar olduğu üçün bunu xarici bazarın vurma ehtimalı sıfıra enəcək. Ona görə də hər bir halda belə bir ittifaqın varlığı hər iki dövlətin qazancı olacaq”.

Alçina Amilqızı

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений