Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Türkiyə Əsədlə barışır: SON DURUM



Türkiyə rəhbərliyinin Suriya diktatoru Bəşər Əsədlə bağlı mövqeyi dəyişir.Qeyd edək ki, Ankara vətəndaş müharibəsi dövründə Suriya müxalifətini dəstəkləyir, Bəşər Əsədi arzuolunmaz şəxs hesab edir, onun hakimiyyətdən getməsini tələb edirdi.Bu məsələdə Türkiyə Rusiya və İranla qarşı-qarşıya idi.Suriya məsələsindən danışan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV kanalına müsahibəsində Suriya məsələsinə toxunub və Əsədin onlar üçün təhdid olmadığını deyib.Çavuşoğlu əlavə edib ki, Türkiyə üçün təhdid olan YPG-nin (PKK terror təşkilatının Suriya qanadı olan PYD-nin silahlı gücü - müəl.)Suriya Xalqları Konqresində olmasına İran da qarşıdır.Biz kürdləri təmsil edənlərin siyahısını Rusiyaya vermişik.

Ekspertlər hesab edir ki, bu Türkiyənin Əsədi qəbul etməsi üçün Rusiyanın qarşısına qoyduğu əsas şərtdir.Maraqlıdır, Suriya prosesi bundan sonra hansı məcrada inkişaf edəcək?Türkiyə Əsədlə barışacaqmı?

Politoloq Nəzakət Məmmədova “Cümhuriyət” qəzetinə şərhində deyib ki, Türkiyə Əsədin hakimiyyətdə qalmasının əvəzində Rusiyadan bir sıra məsələlərin həllində təminat alıb:

“Çavuşoğlu bəyan edib ki, Türkiyə əgər təhlükəsizliyinə təhdid görərsə, Afrinə də daxil ola bilər və bunun üçün heç kəsə xəbərdarlıq etmək və ya icazə almaq ehtiyacı duymur. Bilirik ki, Afrin rus hərbçilərinin nəzarətindədir, burada eyni zamanda kürd silahlıları, yəni YPG/PYD terrorçuları var. Rusiya Suriyadan öz qoşunlarını çıxardıqdan sonra burada iki hərbi bazada - Hmeymim hərbi aviasiya bazasında və Tarsusda hərbi-dəniz bazasında rus hərbçiləri qalacaq. Üstəlik, Türkiyə ilə razılaşdırılmış 4 dislakasiya zonasında rus hərbi birləşmələri xidməti davam etdirəcəkdir.Bu dislakasiya zonalarından biri də rusların nəzarətində olan və YPG/PYD-nin toplaşdığı Afrindir.Ərdoğan da "bir ansızın gələ biliriz" dedikdə heç kəsə xəbərdarlıq etmədən türk qoşunlarının Afrinə hücum edərək PYD/YPG-ni vurmasını nəzərdə tuturdu.Lakin hələ ki Rusiya buna imkan vermir. Bununla belə Türkiyə Soçidə təşkil olunması nəzərdə tutulan Suriya Xalqlarının Konqresinə YPG/PYD-nin dəvət olunmayacağı təminatı almağa nail oldu. Göründüyü kimi Rusiya PYD/YPG-nin tədbirə dəvət olunmayacağına razılıq verməklə, onları Suriyanın gələcəyinə dair tədbirdə söz sahibi olmaq imkanından məhrum etdi”.

Nəzakət Məmmədova hesab edir ki, Türkiyə üçün ən vacib məsələ Suriyadan onun ərazi bütövlüyünə təhdid gəlməməsidir:

“Rusiya və Türkiyə öz aralarında hələ ki bu barədə anlaşdılar: Türkiyə Əsədə qarşı əvvəlki kimi sərt mövqe nümayiş etdirməyəcək, Rusiya isə PYD/YPG-ni Suriyanın gələcək siyasi sistemində iştirakına imkan daxilində imkan verməyəcək. Lakin Astana prosesi iştirakçılarından yalnız İran Əsədin hakimiyyətdə qalmasında israr edir.Bunun əsas səbəbi Əsədin ələvi olmasıdır.Şiə yönümlü bu iqtidar Suriyada hakimiyyətdən gedərsə, İranın Yaxın Şərqdəki "Şiə ayparası" adlandırılan geosiyasi hilal qırılacaq.Suriya burada çox önəmli bir yerə sahibdir.Rusiya isə Əsədin hakimiyyətdə qalmağa davam etməsində İran qədər israrlı görünmür.Onun üçün vacib olan ABŞ-ın buradakı planlarına mane olmaq və vəziyyəti öz xeyrinə dəyişmək idi. Rusiya buna nail oldu, öz hərbi bazalarına dair zəmanət aldı və hazırkı status- kvo onu tam qane etdiyindən qoşunlarını buradan çıxarır. Artıq nisbi sabitlik təmin olunub və Rusiya bundan sonra müxalifət və Əsəd arasında dialoqu təşkil etməyə çalışır.Lakin məhz Əsədin hakimiyyətdə qalmağa davam etməsini israr etmir.Türkiyə də buna görə hələ ki prosesin sonunu gözləyir.Proseslər sona çatana qədər Əsədin hakimiyyətdə qalması nə Rusiya, nə Türkiyəyə maneçilik törətmir.Ona görə də onları hazırda düşündürən əsas məsələ Suriyanın gələcək siyasi sisteminin formalaşdırılması, Rusiya üçün burada əldə edilmiş nailiyyətlərin nəticələrinin qorunub saxlanılmasıdır.Türkiyə isə istəyir ki, kürd silahlılarının hücumlarının qarşısını alsın”.

Vilayət Muxtar

Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений