Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Tramvay Bakıya qayıdır?



İllərdir, paytaxtda nəqliyyatın normal hərəkətinin təmini üçün görülən tədbirlərə- yeni körpülərin tikilməsi, metro xətlərinin  çəkilməsinə baxmayaraq, Bakının tıxac problemini yoluna qoymaq mümkün olmayıb. Ekspertlərin fikrincə, tıxacların yaranmasının əsas səbəbi təmir-tikinti işlərinin həcminin və yeni avtomobillərin sayının artması, yeni körpülərin inşası, şəhərə miqrantların axını, mikroavtobusların plansız və özbaşına hərəkəti və s amillərdir.Yolların genişləndirilməsi, yol ötürücülərinin inşası, yeraltı keçidlərin tikilməsi və bu kimi üsullarla problemin aradan qaldırılması istiqamətində paytaxtda lazımi tədbirlər görülsə də, mütəxəssislər xarici ölkələrin təcrübəsindən irəli gələrək bu üsulların uzunömürlü olmayacağını deyirlər.

Bundan başqa, trolleybus və tramvayların ləğvi, dar yollar, yol planlaşdırması işinin qeyri-dəqiqliyi, sürücülərin yol hərəkəti qaydalarını bilməməsi, avtomobillərin dayanacaqlardankənar yerlərdə saxlaması, dayanacaq və qarajların azlığı, əhalinin mərkəzə doğru meyli və daha onlarca səbəb bu problemi daha da kəskinləşdirir. 

Hazırda dünyanın əksər şəhərləri tıxac problemini yaşayır və müxtəlif üsullarla bunu aradan qaldırmağa çalışır. Ekspertlər hesab edirlər ki, tıxac probleminin aradan qaldırılması üçün onu doğuran əsas səbəblərin müəyyən edilməsi və şəhərsalmada yol verilmiş yanlışlıqların aradan qaldırılması  vacib şərtlərdəndir. Bu problemi aradan qaldırmaq üçün nə kimi alternativ addımlar atılmalıdır?Tramvay və trolleybuslar mövcud problemi aradan qaldıra bilərmi?

Vaxtilə paytaxt Bakı üçün tramvaylar da simvol olub.Çünki regionda ən qədim tramvay Bakıda yaradılıb.Hələ 1924-cü ildə paytaxtda ilk elektrik tramvayı açılıb.Həmin ildən başlayaraq 2000-ci ilədək tramvaylar sərnişinlərə xidmət göstərib.

Lakin 2000-2004-cü illərdə tramvay  xətləri söküldü, bu nəqliyyat vasitəsi tamamilə sıradan çıxarıldı. Yalnız 2012-ci ilin fevral ayında Azərbaycan hökuməti Bakıda tramvay xəttinin bərpa ediləcəyi haqda açıqlama yaydı.Açıqlamada bildirilirdi ki, bərpa yalnız “Ağ Şəhər” layihəsi reallaşdıqdan sonra baş tutacaq.Belə ki, layihə çərçivəsində bulvarboyu tramvay xətti qurulacaq.Amma tramvayın Bakının əsas yol qovşaqlarını əhatə etməyəcəyi də bildirilirdi.

Buna baxmayaraq, bu gün də Bakıda tramvaylardan əsər-əlamət qalmayıb. Halbuki tramvay dünyanın ən inkişaf etmiş ölkələrinin, o cümlədən, ABŞ, Türkiyə, Almaniya, Finlandiya, İsveçrə və İsveç, Norveç, digər ölkələrin, eləcə də bir çox MDB şəhərlərinin bəzəyinə çevrilib və ən çox istifadə edilən nəqliyyat növüdür. Eyni zamanda daha ucuz və ekoloji cəhətcə xeyirli nəqliyyat növü sayılır.

Bir neçə il öncə Gəncədə tramvay xətlərinin bərpa olunacağı haqda məlumatlar yayılmışdı. Həmin zaman paytaxt sakinləri bu məlumatları böyük sevinclə qarşılamışdı.Çünki əgər Gəncədə tramvaylar yenidən bərpa olunardısa, tezliklə Bakıya da növbə çatacaqdı.Tramvayların bərpası isə qeyd olunduğu kimi, ən əvvəl ucuz gediş haqqı deməkdir.Çünki nəqliyyatın bu növündən benzindən deyil, elektrik enerjisindən istifadə edilir.Üstəlik, tramvay işləyərkən ətraf mühitə ziyan vermir.Beləliklə də tramvay gözəllik, təmiz ekoloji nəqliyyat deməkdir.

Gəncədən sonra Bakıda da tramvayların bərpa olunacağı haqda məlumatlar yayıldı.Lakin bu məsələ ətrafında xeyli müzakirələr səsləndi.Çünki məlum məsələdir ki, Bakının tramvaylı vaxtları ilə indiki vaxtı arasında fərq çox böyükdür.İndi küçələr daha da kiçilib, yollarda sıxlıq var və sairə.Ekspertlər də bildirirdilər ki, əgər yenidən tramvaylar bərpa olunub xəttə buraxılarsa, Bakının mərkəzi küçələrində bəzi nəqliyyat növləri yığışdırılmalı, avtobusların giriş-çıxışı bağlanmalıdır.Hazırda benzinin qiymətinin yenidən bahalaşmasını nəzərə alsaq, tramvayların bərpasının nə qədər sərfəli olduğunu müəyyən etmək çətin deyil.

Nəqliyyat eksperti Ərşad Hüseynovun sözlərinə görə, tramvay xətlərinin yenidən bərpası hələ ki mümkünsüz görünür:

“Ümumiyyətlə, biz məsələnin lap əvvəlinə diqqət etməliyik ki, niyə tramvay xətləri ləğv olundu ki, bu gün yenidən ona ehtiyac duyaq? Bu, geniş müzakirə mövzusudur.Bildiyiniz kimi, Bakı şəhərinin artıq yol-nəqliyyat infrastrukturu müəyyən qədər qurulub, yeni asfalt örtükləri çəkilib, yeni işıqfor dirəkləri yerləşdirilib. Yəni demək olar ki, şəhərin əksər hissəsində yol infrastrukturu qurulub və bunun dağıdılması, yenidən tramvayların hərəkəti üçün yolların yaradılması  milyonlarla vəsait tələb edir. Bunun üçün də yaxın vaxtlarda Bakı şəhərində tramvay xətlərinin çəkilməsi yuxu kimi görünə bilər.Ona görə ki, dövlətin özünün kifayət qədər büdcə vəsaitlərinə ehtiyacı var".

Ekspert əlavə edib ki, bunun əvəzində, digər ictimai nəqliyyat növləri inkişaf etdirilsin:

"Mövcud metro, avtobus xətlərini daha da yararlı səviyyəyə çatdırmaq daha məqsədəuyğundur. Yenə də təkrar edirəm həmin o infrastrukturu yaratmaq üçün milyonlarla vəsait qoymaq lazımdır. Bu da yaxın perspektivdə görünən iş deyil. 

Həmin küçələr, yollar isə artıq zəbt olunub, binalar tikilib.Küçə salmaq yaxud da mövcud küçələri genişləndirmək mümkün deyil.İctimai nəqliyyat mükəmməlləşdirilməlidir.Metro xətlərinin şəbəkəsini genişləndirmək çox gözəl olar.

Hazırda Bakı şəhərində fəaliyyət göstərən marşrut avtobuslarını mükəmməlləşdirmək lazımdır.Xidməti elə təhlükəsiz, yüksək etmək lazımdır ki, insanlar öz avtomobilini həyətində qoyub avtobuslardan istifadə etsin.Şəhər sakinləri hələ də saatlarla vaxtlarını yollardakı tıxaclarda keçirməli olur.Xüsusilə də, günün pik saatlarında bu problem özünü qabarıq şəkildə göstərir.Bunu mütləq həll etmək gərəkdir".

Aytən

Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений