Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Tikinti gündəmdə: Biznes və xidmət sektorları niyə unudulub?



Tikinti şirkətlərində müqaviləsiz işlədilən 319 nəfər aşkarlanıb. Müqaviləsiz işlədilən şəxslərin aşkarlanması tikinti şirkətlərində səyyar monitorinqlərin keçirilməsi zamanı ortaya çıxıb. Belə ki, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən “Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı” səyyar monitorinqlərin keçirilməsi davam etdirilir.

Məlumat üçün qeyd edək ki, bu günə kimi Əmək Münasibətlərinin Monitorinq Mərkəzi tərəfindən ümumilikdə 26 səyyar monitorinq həyata keçirilib. Monitorinq Bakı şəhərində çoxmənzilli yaşayış binalarının inşası ilə məşğul olan 92 hüquqi və fiziki şəxsi əhatə edib. Monitorinqlərin keçirildiyi dövr ərzində 319 şəxsin əmək və ya xidməti (mülki) müqavilə olmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib. Monitorinq nəticəsində aşkar olunmuş faktlar müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Baş Prokurorluğuna yönləndirilib.

Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda (on nəfər və ondan çox olan) işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi 7 min manatdan 10 min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Agentlik tərəfindən monitorinqlərin keçirilməsində məqsəd tikinti sahəsində vətəndaşların əmək hüquqlarının qorunması, sosial təminatlardan yararlanmasının təmin edilməsi və əmək münasibətlərinin rəsmiləşdirilməsinə nəzarətin gücləndirilməsidir.

Maraqlıdır, ticarət mərkəzlərində, xidmət obyektlərində minlərlə müqaviləsiz işləyənlər olduğu halda niyə ancaq tikinti şirkətlərində monitorinq keçirilir? 

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, sözügedən qurumun müqaviləsiz işlədənlərin aşkarlanması ilə bağlı apardığı monitorinq səlahiyyəti yalnız tikinti sektoruna aiddir:

“Prezidentin bununla bağlı sərəncamı vardı. Bakı şəhərində pilot olaraq tikinti sahələrində veb-kameraların quraşdırılması, buna nəzarəti Agentliyin Asan Xidmətinə həvalə edilmişdi. Ona görə də onlar başqa sahələrdə monitorinq apara bilməzlər. Hətta Bakının hüdudlarından kənarda da bunu edə bilməzlər. Bilirsiniz ki, yoxlamalar dayandırılıb və yeni ildən etibarən yoxlamaların dayandırılmasının vaxtı daha iki il də uzanacaq. Həmçinin yoxlama aparmaq özəl sektorda yalnız istisna hallarda mümkündür. Ona görə də Agentliyin prezidentin məlum sərəncamından sonra belə səlahiyyəti yaranıb”.

Alçina Amilqızı

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений