Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Tərcüməçi-yazar: “Əli Kərimlini tənqid edəndə “trollar” üstümə töküldü”



“Vidadi İsgəndərli vaxtilə çoxlu təhqirlərə məruz qaldığını, bu təhqirlərlə bağlı hüquq-mühafizə orqanlarına dəfələrlə müraciət etdiyini, ancaq tədbir görülmədiyini deyir. Sonra da bunu onunla əsaslandırır ki, ona qarşı təhqirlər ən yüksək səviyyədə sifariş verilir”. 

Cebhe.info xəbər verir ki, bunu hüquq müdafiəçisi Vidadi İsgəndərlinin atasının məzarının təhqir edilməsi ilə bağlı yayılmış məlumatlara münasibət bildirərkən tərcüməçi-yazar Nadir Qocabəyli deyib. 

O, bu ölkədə təkcə Vidadi İsgəndərlinin təhqir edilmədiyini bildirib: “Vidadi İsgəndərli, məgər təhqir olunan təkcə sizsiniz? Sosial şəbəkələrdə fəal olan hər kəs təhqir olunmurmu? Sizin addımbaşı adını çəkib, tərbiyəli gənc adlandırdığınız Natiq Ədilov burada məni dəfələrlə təhqir edib. Dəfələrlə başqa müxalifət və iqtidar təəssübkeşləri tərəfindən təhqir olunmuş, amma dərinə getməmək üçün dayanmışam. Siz məgər bütün günahları üzərinə atdığınız şəxslərin özünün, ailə üzvlərinin Feysbuk-da ən tərbiyəsiz formada hər gün təhqir olduğunu görmürsünüz? Amma mən görürəm. Bununla bağlı yazılarım, müraciətlərim də olub. Buna görə, mənə “iqtidar yaltağı” deyənlər də tapılıb. Belə olmadığını isbatlamaq zorunda buraxılmışam. Belə adamları dostluğumdan uzaqlaşdırmış, blok eləmişəm. Elə adını çəkdiyiniz Siyavuş Novruzovun özü. Mən sosial şəbəkələrdə Siyavuş Novruzovdan çox təhqir olunan, təhqiramiz formalarda müxtəlif şəkilləri paylaşılan ikinci bir adama rast gəlməmişəm. Nə çox axmaq adam. İndi biz duraq hər bir axmağın, tərbiyəsizin, yaltağın arxasında siyasi sifariş axtaraq?” 

Yazar qeyd edib ki, bu təhqirləri yazanların çoxu xaricdə yaşayır, ancaq hakimiyyət üçün onları xarici ölkələrdə də tapıb, cəzalandırmaq çətin olmaz: “Bununla belə, onlar bunu etmirlər. Ölkəmizdə mövcud olan bu söyüş-təhqir, yaltaqlıq mühiti müllətimizin mədəni-intellektual səviyyəsinin göstəricidir. Mən dəfələrlə yazmışam: intellektdən, bilikdən, ağıldan, mədəniyyətdən məhrum beyinlər ancaq söyüş, təhqir və tərif ifraz edə bilirlər. Bizim sadəcə maariflənməyə, mədəniləşməyə ehtiyacımız var. Sizi də, məni də, Siyavuş Novruzovu da, başqalarını da təhqir edənlər eyni qəbildən olan eyni tərbiyə daşıyıcıları, eyni mədəni səviyyəyə malik adamlardır. Çıxışlarınızdan görünür ki, siz özünüz də onlardan çox fərqli deyilsiniz”. 

N.Qocabəyli sözlərinə “Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri Akif  Əli məşhur alim Lütfi-Zadə haqqında bircə kəlmə "fındıqbaş kişi" dediyi üçün ona burada nələr yazmadılar” ,-deyərək davam edib: 

“Arvadını, qızını ədəbsiz söyüşlərlə təhqir etdilər. Mən o söyüşlərin surətini çəkib paylaşdım və insanları bundan çəkinməyə çağırdım. İndi sizə sual verirəm, Vidadi İsgəndərli, o adamlara sifarişləri kim verir? Mən həmişə deyirəm. Tənqidə qalsa, bu hakimiyyəti illər uzunu mən də kifayət qədər tənqid etmişəm. Ancaq buna görə, bircə dəfə də nə polisə çağırılmışam, nə də telefonda hədələnmişəm”. 

Yazar bildirib ki, Əli Kərimlini tənqid edərkən, “trollar” üstünə tökülüb: “Onlardan biri də sizin "tərbiyəli uşaq" adlandırdığınız Natiq Ədilov olub. Bir tanınmış jurnalist, sayt redaktoru var, mənə ən pis söyüşlər yazdı, hələ də saxlayıram, tarix üçün. Vidadi İsgəndərlini prezidentin ailəsi ilə bağlı səsləndirdiyi təhqirləri dərhal dayandırmağa, siyasi mübarizədə bu metodlardan imtina etməyə çağırıram. Mən başa düşürəm, mitinqqabağı insanları coşdurmaq lazımdır, ancaq belə üsullar yaramaz. Hər şey bumeranq effektlidir”. 

N.Qocabəyli vurğulayıb ki, qəbir təhqir olunubsa, o adamlar tapılıb cəzalanmalı, söyüş və təhqirlər dərhal dayandırılmalı, ümumiyyətlə, bu mühitin bütövlükdə aradan qaldırılması üçün hamılıqla addımlar atılmalıdır: “Bu üsulla meydanlara milyonlarla adam toplayıb, hakimiyyəti devirsəniz belə müsbət heç bir şeyə nail olunmayacaq. Hətta durum daha da pisləşə bilər. Bu ölkədə elə bir çaxnaşma yaranar ki, söyüşlər və təhqirlər reallaşar. Bax onda, hamımız peşman olar və İlahm Əliyev dövrünü xatırlayarıq. Ölkədəki problemlər, yenə də, deyirəm, xalqımızın ictimai-siyasi, mədəni səviyyəsinə adekvatdır. Bunu zamanla, təmkinlə, səbrlə, ağılla həll etməliyik və görünən odur ki, hələ ki, xalqımız hazırkı hakimiyyətə qarşı normal alternativ qoya bilmir. Avropa ölkələrinə dağılıb, oradakı müəyyən qüvvələrin əliylə burada hakimiyyət çevrilişi etmək, Azərbaycan xalqına heç nə verməyəcək”. 

Mənsur Rəğbətoğlu 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений