Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Tələbələrin son ümid yeri də kəsilir



Azərbaycanda ödənişli təhsil alan kifayət qədər tələbə var. Ümumi götürdükdə, təhsil haqlarının təxminən, 3000-5000 civarında dəyişdiyini nəzərə alsaq, o zaman vəziyyətin ciddiliyi ortaya çıxır. Bildiyiniz kimi, Azərbaycan 2005-ci ildə Balonya sisteminə qoşulub. Bu sistemə qoşulan ölkələr ali məktəb tələbələrinə çox geniş kredit imkanları verilir. Belə ki, kreditlər 1-3 faizlə 15-20 illiyə qədər təqdim olunur.

Qeyd edək ki, oktyabrın 31-də “Maarifçi” Tələbə Kredit Fondunun dördüncü elan sessiyası sona çatıb. Bu elan sessiyasında faizsiz təhsil kreditləri 2017-2018-ci tədris ili üzrə təhsil alan, aztəminatlı ailələrdən olan tələbələrə təqdim olunub. Belə ki, Fondun əməkdaşı olan 14 universitet tərəfindən təqdim olunmuş yerlərə əsasən 88 elektron müraciətə baxılıb.Seçim meyarlarına uyğun olan tələbələrlə 41 təhsil krediti müqaviləsi imzalanıb.Digər tələbələr akademik borcu olan, ümumi orta müvəffəqiyyət göstəricisi uyğun olmayan və sənədlərində uyğunsuzluqları olanlar olub.

Azərbaycanda təhsil krediti haqqında qanun layihəsi işlənib hazırlansa da, hələ ki, bu istiqamətdə aktivlik arzuolunan səviyyədə deyil.Təhsil krediti Azərbaycanda 2016-cı ildən tətbiq edilməyə başlanılıb.Ekspertlər hesab edir ki, Azərbaycanda fəaliyyət göstərən bankların tələbələrə təklif etdiyi təhsil kreditlərinin şərtləri digərlərindən fərqlənmir.Hazırda banklar kampaniya xarakterli kreditlər verirlər.Cəmiyyətin diqqətini çəkmək üçün də ona müxtəlif adlar qoyurlar.Ekspertlər hesab edir ki, Azərbaycanda təhsil kreditlərinin faizi çox yüksəkdir.Çünki bankların kredit anlayışı daha çox gəlir əldə etməyə hesablanıb.Ona görə də təhsil kreditinin verilməsi prosesinə dövlət tərəfindən nəzarət olunmalıdır.

“Karyera” Tədris və Araşdırmalar Mərkəzinin direktoru, tanınmış təhsil eksperti Elşən Qafarov “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, “Maarifçi” Tələbə Kredit Fondunun yaradılması Azərbaycan təhsil sistemində uğurlu layihələrdən biri sayıla bilər:

“Bu Fondu ASAN Xidmət layihəsilə eyni səviyyədə müqayisə etmək olar. Hətta zamanla o səviyyəyə çatacağını da demək olar.Hazırda Azərbaycanda hər üç tələbədən ikisi ödənişli təhsil alır.Ödənişli təhsilin sayının gün-gündən artması arzuolunmazdır. “Maarifçi" Tələbə Kredit Fondu 2016-ci ildən fəaliyyətə başlasa da, bu il dördüncü elanını verir. Fondun verdiyi kreditin 8 faizli olması, Azərbaycanı Qazaxıstanla müqayisə etməyə imkan verir.Baxmayaraq ki, Fond 2 ildir fəaliyyət göstərir, amma donor təşkilatların adı açıqlanmır. Hesab edirəm ki, “Maarifçi" Tələbə Kredit Fondunun təsisçisi olan universitetlərdən başqa digər ödənişli fəaliyyət göstərən dövlət və özəl ali məktəblər də bura qoşulmalıdır. Eyni zamanda, donor təşkilatların sayı artırılmalıdır.Təbii ki, bura dövlət təşkilatları ilə yanaşı xeyriyyə cəmiyyətlərinin də qoşulması müsbət nəticə verər.Bir çox universitetlər təhsil krediti ilə bağlı müəyyən kvota ayırıblar. Hazırda donorların adının Fondun elektron portalında qeyd olunmaması, onlarının sayının çox az olmasından xəbər verir. Zənnimcə, zamanla bu sahədə donorların sayını artırmaq lazımdır.Bu istiqamətdə ciddi addımlar atmağın vaxtı gecikir”.

Birinci kurslara təhsil kreditinin şamil olunmamasına gəlincə, ekspert qeyd edib ki, bu, Fondun nizamnaməsilə müəyyənləşir:

“Nizamnamədə göstərilir ki, təhsil kreditindən istifadə edən tələbələrin akademik göstəriciləri daha yüksək olmalıdır. Çünki kadr hazırlanır və o universiteti bitirdikdən 5-10-15-20 il sonra həmin krediti qaytarmalıdır. Bütün sahələrdə yalnız bacarıqlı, savadlı kadrlara üstünlük verilir.Fond krediti verərkən də bu meyarlara xüsusi diqqət yetirir.Bu, normaldır.Tələbə kredit müqaviləsi üçün hər tədris ilində Fonda müraciət edə bilər.Bu baxımdan demək olar ki, “Maarifçi" Tələbə Kredit Fondunun tələbələrin təhsil almasında stimullaşdırıcı rolu var. Bununla yanaşı, aztəminatlı ailələrin faizsiz kreditlərin verilməsi də müsbət haldır.

Ölkədə insan kapitalının yetişdirilməsi sahəsində Fondun çox böyük xidmətləri ola bilər. Fondun kapitalının artırılmasında dövlət və özəl strukturları, o cümlədən, xeyriyyəçilər yaxından iştirak etməlidir.Beləliklə, təhsil krediti ehtiyacı olan daha çox tələbəyə şamil oluna bilər.Konkret olaraq burada maliyyə vəsaiti azdır, kreditin faiz dərəcəsi də yüksəkdir.Ümumilikdə 14 universitet tərəfindən təqdim olunmuş 88 müraciətin olması və onlardan cəmi 41 tələbəyə təhsil kreditinin verilməsi bununla əlaqədardır.Hesab edirəm ki, təhsil krediti ilə bağlı müəyyən maarifləndirmə tədbirləri də aparılmalıdır.Ümumiyyətlə, “Maarifçi" Tələbə Kredit Fondunun olması ilə bağlı tələbələr arasında geniş təbliğat olmalıdır”.

“Təhsil krediti donor təşkilatların hesabına olmalıdır”

Hazırda Azərbaycanda çox az sayda bank var ki, təhsil krediti verir. Bura dövlət nəzarəti olmalıdırmı?

Elşən Qafarov deyib ki, hər bir ölkədə təhsil kreditləri minimum ölçü ilə götürülür:

“Sahibkarlığa əlavə yardımla bağlı xüsusi güzəştli kredit sistemi mövcuddur. Həmin kredit sistemini dövlət təminatı ilə alıb banka verirlər. Bəzən 25, 40 faizlə kredit verən bankların təhsillə bağlı aşağı faizli kreditlər verməsi, onların mənafeyinə uyğun olmur. Buna görə də banklar təhsil krediti verməkdən qaçır.Hesab edirəm ki, təhsil krediti hansısa bankların yox, donor təşkilatların hesabına olmalıdır”.

Yeganə Oqtayqızı

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений