Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Təhsilin bu günü: Məktəbləri “kor qoyan” direktorlar



Bu günlərdə məzunları ən çox “2” almış rayonların adları açıqlanıb. İki alan məzunların çoxluq təşkil etdiyi bölgələr təhsil ekspertləri tərəfindən də birmənalı qarşılanmayıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2, 6, 11, 16 iyun tarixlərində respublikanın bütün orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirib. Belə ki,  86 min 156 şagirdin iştirak etdiyi imtahanların nəticələri də artıq açıqlanıb.

TQDK-nın təqdim etdiyi cədvələ əsasən, bu il XI siniflər üçün keçirilmiş buraxılış imtahanlarında ən aşağı və yüksək nəticə göstərmiş rayonların adları açıqlanıb. Məlum olub ki, bu il Sabirabad rayonunda orta məktəbi bitirənlərin 46,80%-i ana dilini, 50,59%-i isə riyaziyyat fənini bilmir və imtahanlardan "2" qiymət alıb.

Reytinqdə ikinci yeri 11-ci sinfi bitirən şagirdlərin 43,82%-nin ana dilini, 49%-nin isə riyaziyyat fənnini bilmədiyi Daşkəsən rayonu qərarlaşıb.

Daşkəsənin 11-ci sinif şagirdlərinin cəmi 4.78%-i ana dilini, 5,18%-i isə riyaziyyatı "əla" bilir.

Siyahıda üçüncü yerdə isə Ağcabədi rayonu qərarlaşıb.

Bu rayonda 11-ci sinfi bitirənlərin 39%-i ana dili, 46,22%-i isə riyaziyyatdan "2" qiyməti alıblar.

Reytinqdə ana dili üzrə imtahanlarda ən yüksək nəticəni Naxçıvanın Kəngərli rayonu göstərib - bu rayonda yaşayan 11-ci sinif şagirdlərinin cəmi 16,54%-i imtahanlardan "2" alıb.

Riyaziyyat fənni üzrə ən yaxşı göstərici isə Qəbələ rayonundadır. Bu rayonda 11-ci sinfi bitirənlərin cəmi 24,82%-i riyaziyyat imtahanlarından "2" qiyməti alıb. Əldə olunan nəticələrlə təhsilin hazırki durumunun  qənaətbəxş olmadığı  anlaşılıb. Bu isə təhsil ekspertlərini ciddi narahat etməyə başlayıb.Ekspertlər həyəcan təbili çalaraq vəziyyətin daha kəskin şəkil alacağından xəbər verirblər.Belə ki, növbəti ildə təhsilin durumu ilə bağlı göstəricilərin daha bərbad nəticələrlə bitəcəyi hesab edilib.

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov “Cümhuriyət” qəzetinə açıqlamasında əldə olunan nəticələri təhsil sahəsində biabırçılıq kimi qiymətləndirib: “Orta məktəblərdə 2008-ci ildən sonra tətbiq edilən kurrikulum məktəb rəhbərliyinin məsuliyyətsizliyi, səriştəsizliyi ucbatından 2017-ci ildə keçirilən buraxılış imtahanlarının nəticələri bərbad vəziyyətdə oldu. İnanın ki, elə özüm də səhərdən bu rəqəmlərə baxıb məəttəl qalmışam, bəlkə düz toplaya bilmirəm, bəlkə hardasa səhvə yol verirəm.Amma əlimdəki statistik rəqəmlər onu göstərir ki, hər şey aşağıdakı kimidir.Yeri gəlmişkən, bəzən yalnız aşağı qiymət alanları paylaşdığımdan (hansı ki yüksək qiymət alanları bu rəqəmdən çıxmaqla əldə etmək olur) bunu birmənalı qarşılamayanlar da olur.Odur ki, bu dəfə ayrıca yüksək qiymət alanların da statistikasını açıqlayıram.Bu dəfə qiymətləndirməni elə mövcud qiymətləndirmə sistemi (30 ballıq sistem) və köhnə sistemlə də müqayisə edərək təqdim edirəm.
Ölkə üzrə 9-cu sinif şagirdlərinin buraxılış imtahanındakı ümumi göstəriciləri (1-ci mərhələ)

Riyaziyyat fənni üzrə:
Aşağı bal toplayanların statistikası:

  0 - 0   bal -    41.2%
  0 - 6 bal   -    33.7%
  6  - 12 bal -   15.1%
 12 - 18 bal  -  6.6 %

Köhnə qiymətləndirmə sistemi ilə müqayisə etsək, anlaşıqlı formada bu o deməkdir ki, təxminən  96%  şagird  “2” və “3” qiymət alıb. 

Riyaziyyat üzrə yüksək qiymətlərin statistikası:

18 - 24 bal  - 2.8 %
24 - 30 bal -  0.6 %

Köhnə qiymətləndirmə sistemi ilə müqayisə etsək, anlaşıqlı formada bu o deməkdir ki, təxminən 4 %  şagird  “4” və “5” qiymət alıb. Ümid edirəm  ki, bu rəqəmlərə aidiyyatı qurumlar bir aydınlıq gətirəcək”.

Ekspertin sözlərinə görə, bu imtahan buraxılış imtahanları idi, o deməkdir ki, həmin bərbad vəziyyətdə nəticə göstərənlər 2 il sonra qəbul imtahanlarında iştirak edəcəklər. Onda bizi daha bərbad imtahan nəticələri gözləyir: “Təəssüf ki, regionlarda qanunvericiliklə müəyyən edilmiş normaları pozaraq rayon təhsil şöbələri direktorluğa uyğun olmayan şəxsləri hansısa yolla məktəb rəhbərliyinə gətiriblər. Onlar da ancaq bir amal uğrunda mübarizə aparırlar.Bu da təhsilin keyfiyyətinin yüksəldilməsi yox, özlərinin maddi rifahının yüksəldilməsidir.Ona görə də ortaya çıxan nəticələr bərbaddır. O yüksək nəticələr isə orta məktəblərin deyil, repetitorların nəticəsidir. Hesab edirəm ki, bu şəxslər təhsildən uzaqlaşdırılsa, gələcəkdə hansısa uğur əldə etmək mümkündür”.

Alçina Amilqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений