Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Suriyanın taleyi: Necə həll olunur?



Rusiya, Türkiyə və İran prezidentləri Soçi şəhərində bir araya gəliblər. Görüşün gündəliyini Suriya böhranının həlli məsələsi təşkil edib. Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan və Həsən Ruhani Suriyanın müharibədən sonrakı siyasi taleyini müzakirə edib.

Xatırladaq ki, noyabrın 21-də V. Putin Soçidə Suriya prezidenti Bəşər Əsədlə görüş keçirmişdi. Həmin görüşdə başa çatmaqda olan müharibədən sonra Suriyanın gələcək dövlət quruluşu, xarici siyasəti, eləcə də Rusiya ilə münasibətlərə dair danışıqlar aparılıb. Tərəflər arasında əldə olunmuş razılaşmaya əsasən Rusiya müharibədən sonrakı mərhələdə də Suriya ərazisində hərbi baza saxlamaq hüququna malik olacaq. 

İŞİD terror təşkilatına qarşı əməliyyat sona çatdıqdan sonra Suriya ərazisindəki Rusiya bazaları öz fəaliyyətlərini davam etdirəcək, lakin quru qoşunlarının və hava-kosmik qüvvələrinin (HKQ) sayı azaldılacaq. Bu haqda Rusiyanın Federasiya Şurasının Təhlükəsizlik və Müdafiə Komitəsi sədrinin birinci müavini Fransts Klintseviç açıqlama verib.
“Qüvvələrimizin və vasitələrimizin sayı vəziyyətə uyğun olaraq müəyyən ediləcək. Bu qərarı ölkə rəhbərliyi qəbul edəcək. Bizim qüvvələrimizin və vasitələrimizin orada qalaraq, dəstək verəcəklərinə şübhə etmirəm. Lakin Suriyada intensiv hərbi kampaniya, çox güman ki, daha olmayacaq, çünki ilin sonunadək bu problem həll ediləcək”, - deyə o qeyd edib.
Rusiya artıq Suriyada müharibəni bitmiş hesab edir. Bu səbəbdən rəsmi Moskva Suriyada hərbi əməliyyatları dayandırmaq qərarına gəlib. Rusiya rəhbərliyinin fikrincə, Suriyada Bəşər Əsəd hökuməti hərbi əməliyyatlarda qalib gələrək ölkə ərazisinə nəzarəti demək olar ki, bərpa edib. Eyni zamanda, Suriyada İŞİD terroru təhlükəsi tamamilə aradan qaldırılıb. Ona görə də döyüşləri dayandırmaq qalan problemləri siyasi müstəvidə həll etmək lazımdır. 

Ancaq onu da xatırladaq ki, Rusiyanın Suriyada hərbi əməliyyatları dayandırmaq qərarına gəldiyi barədə məlumatı ilk dəfə 2017-ci il oktyabr ayının əvvəlində ABŞ-ın “Stratfor” Araşdırmalar Mərkəzi yaymışdı. “Moskva Suriya münaqişəsində batıb qalmaq istəmir. Ancaq Rusiya özünün iştirakı ilə əldə edilmiş və möhkəmləndirilmiş uğurları tərk etmək, bölgədə oynadığı mühüm roldan geri çəkilmək niyyətində də deyil. Bu, ona bölgədə mövqe tutaraq vacib rolunu oynamağa imkan verir”-deyə nüfuzlu tədqiqat mərkəzi qeyd etmişdi. Mərkəzin yazdığına görə, Rusiyanı müharibədən imtina etməyə vadar edən digər səbəb hərbi əməliyyatlara ayrılan xərclərin artmasıdır. Suriyaya müdaxilə rusiyalılar arasında artıq nüfuzu aşağı salır. ”Levada- Tsentr” müstəqil sorğu mərkəzinin sentyabrın əvvəlində təqdim etdiyi hesabata görə, əgər 2015-ci ildə rusiyalıların üçdə ikisi Suriyadakı vətəndaş müharibəsində iştirakın tərəfdarı idisə, indi respondentlərin üçdə birindən az hissəsi bunu vacib hesab edib. Rusiyada keçirilən etiraz aksiyalarında hakimiyyətdən bu bahalı hərbi kampaniyanı dayandırmaği və ona ayrılan vəsaitilə öz xalqını yedizdirməyi tələb edən plakatlar qaldırılır”.

Yaxın Şərqdə və Aralıq dənizi regionunda geosiyasi üstünlüyünü təmin etmiş Putin iqtidarı 2018-ci ildə keçiriləcək prezident seçkiləri öncəsi social-iqtisadi sferaya ayrılmalı olan vəsaiti müharibəyə xərcləmək istəmir. Artıq Bəşər Əsəd rejimi qalib durumdadır. Ölkədəki Rusiya və İran qoşunları onun hakimiyyətdə qalması üçün siyasi zəmanət yaradır. Ona görə də Rusiya əldə etdiyi hərbi uğuru diplomatik müstəviyə transfer etməyə çalışır. Yəni Kreml növbəti mərhələyə aid planı Suriyanın gələcək siyasi statusuna dair hazırladığı “yol xəritəsi”ni Astanada və Cenevrədə keçirilən danışıqlar masasına çıxararaq qəbul etdirməkdən ibarətdir. Lakin Soçi danışıqlarında Suriyada marağı olan dövlətlərdən hələlik yalnız üçü iştirak edir. Münaqişədə birbaşa və dolayısı ilə iştirak edən ABŞ, Səudiyyə Ərəbistanı kimi dövlətlər Suriyanın gələcək xəritəsinin müəyyənləşməsi ilə bağlı müzakirələrə dəvət olunmayıb. 
Üstəlik, Rusiya hərbi əməliyyatları dayandırmağa çalışsa da bu məsələdə Türkiyə və İranın mövqeyi fərqli görünür. Türkiyə Suriyanın şimalında PYD/YPG terror təşkilatına qarşı Afrin və Menbiç bölgələrində savaşı davam etdirmək niyyətindədir. İŞİD-ə qarşı mübarizə adı altında ABŞ-dan 3000 TIR silah və zirehli texnika alan PYD-yə hərbi yardımlar gəlməkdə davam edir. Türkiyə mediasının məlumatına görə, silah, uzaqvuran top və zirehli texnikanın yeni hissəsi 1900 TIR-la Suriyanın şimalındakı kürd silahlılarına çatdırılmaq üçün yola salınıb. Bütün bunlar Türkiyənin milli təhlükəsizliyi üçün təhdid yaratdığından rəsmi Ankara Suriyanın şimalında terrorçulara qarşı hərbi əməliyyatların davam etdirilməsində maraqlıdır. Eyni zamanda, İran Livanda “Hizbullah”la birbaşa əlaqəni saxlamaq və Aralıq dənizi regionuna çıxışını təmin etmək üçün bölgədə hərbi iştirakını saxlamaqda maraqlıdır. Bu, İrana İsrail sərhədi yaxınlığında zərbə mövqeyi qazanmaq imkanı verir. Ona görə də Suriyada müharibənin başa çatdığını söyləmək çətindir. Belə ki, Rusiyanın sülh planı bölgədə marağı olan digər ölkələrlə, hətta müttəfiqləri ilə taktiki planda üst-üstə düşsə də strateji müstəvidə fərqlənir.

“Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltanın sözlərinə görə, Suriyanın gələcəyi ilə bağlı təminatı Rusiya və ABŞ prezidentləri bu yaxınlarda yaydıqları bəyanatda ifadə ediblər. Vladimir Putin və Donald Tramp İŞİD terror təşkilatının məhvindən sonrakı dövr üçün Suriyanın ərazi bütövlüyünün və suverenliyinin qorunmasının tərəfdarı olduğunu bildirib:

“Vladimir Putin iddia edir ki, Suriya ərazisinin 98 faizinə Əsəd rejimi nəzarət edir. İranın ali rəhbəri Ayətullah Seyid Əli Xameneyi, prezident Həsən Ruhani, İran İslam İnqilabı Keşikçiləri Qvardiyasının xarici əməliyyatlar üzrə komandanı, general Qasım Süleymani bildirirlər ki, İraq və Suriyada İŞİD terrorçularına qarşı mübarizə bitib. Bu halda silahlar kimə daşınır? Bölgədə PKK-nın qolları olan PYD və YPG kimə tabedir? Yaxud bu yaxınlarda Böyük Britaniyanın Türkiyədəki səfiri etiraf etdi ki, Suriyanın Raqqa şəhəri İŞİD-lə PYD arasında razılaşma əsasında boşaldılıb. Elə isə İŞİD kimdir? Bu qədər insanın həlak olmasına, qan tökülməsinə nə ehtiyac var idi? Bütün bunlar Suriyada terrorçuluğa qarşı mübarizə ilə yanaşı, hərbi əməliyyatların gedişi ilə bağlı yaranmış suallardır. Digər tərəfdən, həm Rusiyanın, həm Türkiyənin, həm də İranın fərqli baxışları var. Bunlardan biri Holan təpələri yaxınlığında “Hizbullah”ın, yaxud İranın möhkəmlənməsi məsələsidir. Çünki İŞİD-ə qarşı əməliyyatlar dövründə İsrail həmin ərazini bir neçə dəfə bombalamışdı. Türkiyənin problemi daha ciddidir. Türkiyə Suriya ilə olan 911 kilometrlik sərhədi terrorçu PKK-nın tör-töküntülərindən təmizləmək istəyir. PYD və YPG isə Afrindən Aralıq dənizinə çıxış əldə etmək istəyir. Bu isə terrorçular üçün İraqın və Suriyanın şımalından tutmuş Türkiyənin cənub-qərbinə qədər uzanan bir nəfəslik dəhlizi deməkdir.

Türkiyə də buna qarşıdır. Əvvəllər Suriyanın federallaşmasının tərəfdarı olan Rusiya indi bu ölkənin ərazi bütövlüyünün və suverenliyinin əsas müdafiəçilərindən biri kimi çıxış edir. Suriyadakı vəziyyət elə bir həddə çatıb ki, ağsaqqallığı müvəqqəti olaraq Rusiyaya həvalə ediblər. Prezident Putin ABŞ-ın prezidenti ilə, Səudiyyə Ərəbistanının kralı ilə, İsrailin baş naziri ilə telefon danışığı apararaq Soçi görüşü ilə bağlı onların rəyini öyrənib. Bu bir mərhələdir. Bu mərhələdə Rusiya, Türkiyə və İranın qüvvələrinin Suriyada neytrallaşdırılması nəzərdə tutulur. Növbəti mərhələ Qərbin atacağı addımlardır. Qərb Yaxın və Orta Şərqdə, Suriya kimi strateji bölgədə öz maraqlarını asanlıqla Rusiyaya təhvil verə bilməz. Suriyanın ərazisinin 98 faizinə Bəşər Əsədin nəzarət etməsi bu ölkənin faktiki olaraq, Rusiyanın nəzarətində olması deməkdir. Deməli, Putin və İran rəhbərliyi ya blef edir, ya da avantüra ilə məşğuldur. Çünki PKK PYD və YPG-nin nəzarətində olan ərazilərdən Afrinə 3 min terrorçu göndərir. Həmçinin, Suriyanın Ayn əl-Arabiyyə, Kamışlı, Deyr əz-Zor, Menbiç, Raqqa bölgələri PKK terrorçularının nəzarəti altındadır. Türkiyənin iddiasına görə, həmin terrorçulara 3500 TIR-dan artıq silah və zirehli texnika göndərib. O halda bu silahlar kimdədir? Suriya hökuməti həmin ərazilərə necə nəzarət edir? Soçi görüşü ərəfəsində belə bir avantüranın işlədilməsi Rusiya, Türkiyə və İran prezidentlərinin müzakirəsinin blefdən başqa heç nə olmadığını deməyə əsas verir. Çünki orada yalnız Rusiya və İranın maraqları təmin olunmamalıdır. Bu günlərdə Rəcəb Tayyib Ərdoğan bəyan etdi ki, Suriyada ABŞ-ın səkkiz, Rusiyanın dörd hərbi bazası var. İran hərbi baza yaradır. O zaman bu ölkə kimin nəzarəti altındadır? Onu da qeyd edim ki, Türkiyə, Rusiya və İran Suriyanın 7 illik “yol xəritəs”i layihəsini hazırlayıb. Bu layihənin 19 maddəsi ilə bağlı razılıq əldə olunub.

Sənədin 2018-ci il yanvarın 15-də təkmilləşdiriləcəyini tərəflər razılaşdırıb. Ancaq Soçi görüşündə razılaşdırılmayan iki məsələ də müzakirə olunacaq. Onlardan biri terrorçu PKK-nın Suriyadakı qolu PYD-nin gələcəyi və ABŞ-ın bu ölkədəki hərbi bazalarının taleyidir. Nə qədər ki, Suriyanın gələcəyi ilə bağlı ABŞ başda olmaqla Qərbin, qonşular başda olmaqla Türkiyə və İranın, kənar dövlətlərdən biri kimi özünümüdafiə məqsədilə iştirak edən Rusiyanın bütün maraqları təmin olunmayıb bu münaqişə hələ başa çatmayıb. Artıq ABŞ Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Suriyada Bəşər Əsədə qarşı müxalifətdə dayanan 30 qrupla birlikdə toplantı keçirəcək. Üç gün davam edəcək tədbirin keçirilməsinə hazırlıq başlayıb. Bu o deməkdir ki, Qərb, Səudiyyə Ərəbistanı və Türkiyə Bəşər Əsədi hakimiyyətdə görmək istəmir. Rusiya və İran isə onun hakimiyyətdə qalmasında israr edir. Çünki həm Rusiyanı, həm də İranı Suriyaya Əsəd çağırıb. Bu, beynəlxalq hüquqa görə, Rusiya və İranın Suriyadakı fəaliyyətinə qanuni don geyindirir. İndi Tehran və Moskvanın Əsədi müdafiə etməsinin zamanı yetişib”.

Politoloq onu da bildirdi ki, Soçi danışıqlarının nəticələri Rusiya üçün Astana və Cenevrə danışıqlarına hazırlıq mərhələsidir. Cenevrə danışıqlarını ABŞ da dəstəkləyir və bu formatda danışıqların əhatəli şəkildə müzakirəsi nəzərdə tutulur. Ancaq Rusiya Bəşər Əsədin və ya onun təmsilçisinin Cenevrədəki danışıqlarda iştirak etməsini istəyir. Yəni Rusiya Suriya böhranının həlli prosesi ətrafında bir siyasi blok yaratmağa çalışır. Məqsəd isə Astanada və Cenevrədə aparılacaq müzakirələrdə həmin blokun dəstəyini qazanmaqdaır. Soçi sənədi də Cenevrəyə hazırlıq mərhələsidir. Moskva həmin görüşdə əldə olunan razılaşmanı Astanada təsdiqlədərək Cenevrə danışıqlarına çıxartmaq niyyətindədir. 

Müşfiq Abdulla

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений