Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Süfrələrimizə daha keyfiyyətli ərzaq gələcək: Nəzarət gücləndirilir



Günümüzün ən aktual mövzularından biri də qida təhlükəsizliyidir. Qida təhlükəsizliyi dedikdə, hər hansı bir qida məhsulunun insan sağlamlığı üçün zərərli olan bioloji, kimyəvi və fiziki təhlükəli faktorlardan azad olması nəzərdə tutulur. Aydın məsələdir ki, bütövlükdə hər bir cəmiyyətin sağlam inkişafı, gələcək nəsillərin sağlam böyüməsi üçün ən vacib şərtlərindən biri olan qida təhlükəsizliyidir.

Uzun illərdir ki, bu sahədə problem var. Artıq problemin həlli istiqamətində ilk addım atıldı. Belə ki, ölkə başçısı “Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Fərman imzaladı. Fərmanla “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə” təsdiq edilib. Bununla da “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin strukturu” təsdiq edilib. Qida Təhlükəsizliyi Agentliyi Aparatının işçilərinin say həddi 75 ştat vahidi müəyyən edilib.

Maraqlıdır, bu qurumun fəaliyyəti qida təhlükəsizliyindəki mövcud problemləri aşa biləcəkmi? 

Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, fəaliyyətə başlayacaq qurumun əsasnaməsi ilə tanış olsa da, orada hələki şəffaflığa rast gəlməyib: “Nazirlər Kabinetinə təkliflər vermişik. 20 ilə yaxındır ki, qida təhlükəsizliyinə dair bizim beynəlxalq təcrübəmiz var. Cəmi bir dəfə Nazirlər Kabinetində görüş keçirildi ki, o da heç bir effekti olmayan dialoq olub. Azərbaycanda bununla bağlı çox sayda layihələr həyata keçib, pullar xərclənib. Mənə məlumatlar gəlib ki, artıq Qida Təhlükəsizliyi Agentliyinə işə düzəlmək üçün minlərlə müraciət edən var. Bu, qohum-əqrəbalar üçün iş yeri olacaqsa, Azad İstehlakçılar Birliyi bunu ciddi tənqid edəcək və çalışacağıq ki, orada şəffaflıq olsun. İctimai Şura yaradılsın və istehlakçıların şikayətinə baxılsın. Bu gün Azərbaycanda istehlakçıların səsini eşidən qurum yoxdur. Bir yerdə təhlükəli mal satılırsa və istehlakçı şikayət edirsə, heç bir dövlət orqanı bunun qarşısını almır. Yəni, bunun mexanizmi mövcud deyil. Əgər bu məsələdə reaksiya vermək və malların geri çağırılma mexanizmi olmayacaqsa, bu agentlikdən heç nə gözləmək olmaz. Əgər mükəmməl, beynəlxalq təcrübəni özündə ehtiva etdirən qurum olarsa, bunu alqışlayacağıq. Arzu edirəm ki, Ukraynanın sərt təcrübəsini təkrar etmsinlər”.

Ekspert qeyd edib ki, bu cür agentlik az-az ölkələrdə var: “Məsələn, Hollandiyada bu agentlik ictimai qurumla birgə dükanlara nəzarət edir. İstehsalçının heç bir işi yoxdur. Bu agentliyin icazəsi olmadan 1 manatlıq mal satışa çıxarıla bilməz. Orada ictimai qurumun böyük rolu var. Onların icazəsi olmadan satışa mal çıxarılmır. Lakin tərəfdarı deyilik ki, agentlik istehsalçının, sexin işinə qarışsın. Biznes qurumlarına müdaxilə sıfıra endirilsin. Bu məsələdə ilk növbədə ölkə başçısının dəfələrlə dediyi kimi, ictimai nəzarət müxanizmi olmalıdır”. 

Alçina Amilqızı

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений