Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Sığorta şirkətləri: Onları da bankların aqibəti gözləyir



2018-ci ilin yanvar-may ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 350 milyon 821 min manat məbləğində sığorta haqları toplanıb, 97 milyon 450 min manat məbləğində sığorta ödənişi həyata keçirilib.

Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatına görə sığorta yığımlarının həcmində ötən ilin eyni dövrü ilə müqayisədə 46 faiz artım, ödənişlərin həcmində isə 0,5 faiz azalma qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə 8 sığorta şirkətinin topladığı sığorta haqları azalıb ("Atəşgah” Sığorta, “AXA MBASK”, “AZSIĞORTA”, “Bakı Sığorta”, “Günay” Sığorta, “İpək Yolu Sığorta”, “Qala Həyat”, “Standard Insurance”).

12 sığorta şirkəti topladığı sığorta haqlarını artırıb. 1 sığorta şirkətinin yığımları üzrə müqayisə aparmaq mümkün olmayıb.

Görünən odur ki, 8 sığorta şirkəti tənəzzüldədir. Maraqlıdır, həmin sığorta şirkətləri iflasa uğrayarsa, müştərilərini müflis bankların müştərilərinin aqibəti gözləyirmi?

Sığorta məsələləri üzrə ekspert Xəyal Məmmədxanlı “Cümhuriyət” qəzetinə bildirib ki, iflası gözlənilən sığorta şirkətlərinin sayı çox deyil: “Hazırda 8 sığorta şirkətinin topladığı sığorta haqlarında azalma müşahidə olunsa da, maliyyə vəziyyəti, xüsusilə, ağır olan şirkətlərin sayı 1-2 dənədir. Ümumiyyətlə, həmin şirkətlər, adətən, öz fəaliyyətlərini konkret müştərilər üzərində quran şirkətlərdir. Yəni onlar banklarda, kreditləşmələrdən və hansısa müqavilələrdən asılı olurlar. Onların da həcminin azalması həmin sığorta şirkətlərinin işinə təsir göstərir. Amma bunun müqabilində digər sığorta şirkətlərinin yığımları artıb. Əslində ötən ilin müvafiq dövrü ilə müqayisədə bazarda azalma yoxdur, əksinə, bir qədər artım müşahidə olunur. Ötən il 570 milyon manat civarında sığorta haqları üzrə yığım toplanmışdı. Bu il isə ümumilikdə bazarda 600 milyon manat sığorta haqları üzrə yığımın toplanması ehtimalı var”.

Ekspert hesab edir ki, sığorta şirkətlərinin bəzi banklara kimi anidən kütləvi formada iflas olması və yaxud lisenziyasının alınması gözlənilən deyil: “Bir neçə şirkətdə fəaliyyətin dayanması halları ola bilər. Amma həmin şirkətlər də bazarın çox cüzi bir hissəsinə nəzarət edirlər, böyük göstərici deyil. Əgər hər hansı bir sığorta şirkətinin fəaliyyəti dayanırsa, dərhal onun mövcud müqavilələr üzrə portfeli başqa bir sığorta şirkətinə ötürülür. Həmin müqavilələrin sonuna qədər ötürücü sığorta şirkəti iflas olmuş şirkətin ödənişlərinə də, yığımlarına da, borclarına da, kreditorlarına da nəzarət edir. Bu zaman müştərilər üçün qorxulu vəziyyət yaranmır. Yəni bağlanan şirkətin portfeli hər hansı işləyən şirkətlərin birinə ötürülür. Əgər sığorta hadisəsi baş verərəsə, yeni şirkət müştəriyə sığorta ödənişini həyata keçirəcək”.

Müsahibimiz qeyd edib ki, həyat sığortası şirkətlərində xüsusi narahatlıq doğuran məqamlar çoxdur: “Orada banklarda olduğu kimi insanların yığımları, vəsaitləri qalır. Ümumiyyətlə, Azərbaycanda həyat sığortası şirkətlərinin vəziyyətini qənaətbəxş hesab etmək olar. Hələlik onların bağlanması, iflası proqnozlaşdırılan deyil”.

Xəyal Məmmədxanlı praktikada sığorta şirkətinin bağlandıqdan sonra müqavilələrinin başqa şirkətə keçməsi təcrübəsinin olduğunu da vurğulayıb: ““Beynəlxalq Sığorta” şirkəti bağlanandan sonra onun portfeli ”Afa” sığortaya ötürülmüşdü. ”Afa” sığorta da bağlanandan sonra onun portfeli başqa bir şirkətə ötürülmüşdü. Adətən, lisenziyası dayandırılan şirkətin qüvvədə olan müqavilələri hesablanır. Həmin müqavilələrdən nə qədər istifadə olunmamış sığorta haqları qalıbsa, onu yeni şirkətə ötürürlər. O müqavilələrin sonuna qədər həmin şirkət davam etdirir. Hər hansı bir hadisə baş verərsə, yeni şirkət öhdəlikləri həyata keçirir. Ona görə də sığorta şirkətlərinin bağlanması və yaxud da lisenziyasının ləğv edilməsi, banklardakı kimi böyük narahatçılıq doğuracaq məsələ deyil”.

Yeganə Oqtayqızı 

Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений