Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Şərəf tariximiz: Daşnaklarla Uzundərə savaşı: Xırdalan haqqında bilinməyənlər…



Xırdalan ərazicə (o vaxtı burada 70-80 ev olub, 500-600-ə qədər əhali yaşayıb) kiçik olsa da, bu kənd Bakıətrafı yaşayış məntəqələri sırasında nəqliyyat əlaqələrinə və strateji mövqeyinə görə seçilib. Xırdalan 1918-ci ilin may-iyun aylarında erməni daşnaklarına qarşı qanlı döyuşlərin getdiyi yerlərdən biri olub.

5-ci Qafqaz İslam Ordusunun türk döyüşçülərinin ən ağır döyüş-müqavimət səngəri (xırdalanlı yerli özünümüdafiə dəstələrinin üzvləri ilə birlikdə) indiki Bakı-Quba avtomobil yolunun 5 km-nin sağ hissəsində, qəbirstanlıq yerləşən yüksəkliyin yola bitişik olan hissəsində - “Uzundərə” adlanan yerdə olub. Sonralar bu yerə el arasında “Qan çanağı” adı verilib. Həmin yolun üstündəki təpəlik quldurların səngəri-mövqeyi olduğundan döyüşlər ara vermədən davam edib və kənd bütünlüklə top atəşlərinə tutulub. Müqəddəs döyüşlərə rəhbərliyi türk ordusundan Tofiq paşa, Fərrux paşa kəndin ağsaqqalı Kərbəlayi Hüseynalı Vəli oğlunun (1885-1937) evində yerləşən qərargahdan aparıblar.

Bu kəndin əhalisi o dövrdə əsasən əkinçilik və heyvandarlıqla, sənətkarlıq və ticarətlə məşğul olduğundan dinc, silahsız camaat qırğından qorunmaq üçün qonşu Corat və Saray kəndlərinin bağlarına sığınsalar da, ümumilikdə əhalinin bir hissəsi və kənd mülki qırğından-qarətdən xilas ola bilməmişdilər.

Həmin qırğınlar zamanı kənd sakinlərindən Əbdürrəhim Mahmud oğlu, Məhəmməd Ənnağı oğlu, Orucbala Orucqulu oğlu işgəncələrlə qətlə yetirilib, Hacı Qasım Hacı Səməd oğlunun mülkü, dükanı qarət edilərək yandırılıb. Hay-daşnak-bolşevik quldurları 1884-cü ildə Axund Hacı molla Qafur molla Ələsgər oğlu (1822-1925) tərəfindən tikilmiş Cümə məscidini (bu məscid hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.08.2001-ci il tarixli 132 nömrəli qərarı ilə dövlət tərəfindən (inventar №-si 4005) qorunur) yandırıb, qiymətli toxuculuq nümunələrini qarət edib, nadir nüsxəli dini kitabları və əlyazmaları məhv ediblər. Bu Cümə məscidinin ətrafında kəndin qədim qəbirstanlığı yerləşirdi. Ondan 150 ilə bundan əvvələ qədər istifadə olunub, həmçinin həmin qanlı döyüşlərdə şəhid olmuş 10-12 türk döyüşçüsü bu qəbirstanlıqda (adı-soyadı məlum olmasa da) dəfn edilib.

Təsadüfi deyil ki, Xırdalan kəndinin yerli döyüşçüləri sırasında Kərbəlayi Məsi Hacı Molla Qafur oğlu (1897-1940), Kərbəlayi Hüseynalı Vəli oğlu (1885-1937), Gülzar Kərbəlayi Əlirza qızı (1890-1967), Sadıq Ağa oğlu (1887-1937), Əbülfəz Hacı Qasım oğlu (1886-1984) da qəhrəmanlıqla vuruşublar. Çox təəssüf ki, bu döyuşlər də şəhidsiz olmayıb. Döyüşlərin gərgin olduğu “Uzundərə”də də üç türk döyüşçüsü şəhid olub və orada dəfn edilib. Həm “Uzundərə”də, həm də Cümə məscidi yaxınlığında torpağa tapşırılmış türk döyüşçülərinin qəbirləri keçən əsrin 50-60-cı illərinədək kənd əhalisi tərəfindən mühafizə edilib. Onları görənlərdən Telman Salman oğlu Salmanovun (1959), Naib Rzaqulu oğlu Quliyevin (1948), Mehdi Nəcəf oğlu Quliyevin (1901-1981) adları indi də çəkilməkdədir. 1918-ci ildə hay-daşnak-bolşevik quldurlarının Xırdalan kəndində yerli dinc sakinlərinə qarşı törətdikləri soyqırımda düşmənə müqavimət göstərmiş yerli döyüşçülərin əksəriyyəti 1937-1940-cı illərdə qanlı repressiyaya məruz qalıblar.

Kənd sakinlərindən Hacı Yunus İslam oğlu Xudaverdiyevin (1954), Əjdər İbrahim oğlu İbrahimovun (1955), Ceyhun Cavanşir oğlu Axundovun (1969) dediyinə görə kənd ağsaqqalı Zərbəli Məhəmməd oğlu (1890-1970) söyləyirmiş ki, Bakı və ətraf kəndlərin qırğını zamanı (1918-ci ilin 1-ci yarısında) Yasamal tirəsində qövsvari formada hay-daşnak-bolşevik quldurlarının səngərləri qurulub və toplar Xocasən, Hökməli, Xırdalan, Biləcəri, Binəqədi kəndlərini atəş altında saxlayıb.

Quldurlarla döyüşlərdə fərqlənənlərdən Hacı molla Qafurun alti oğlunun da adı çəkilr. Onlardan Kərbəlayi Mirzağa, Mirzəeyyub, Mirzəhəsən, Mirzəmehdi, Mirzəhüseyn, Mirzəməsi türk beşatlanları ilə silahlanaraq mənfur düşmənlərə qarşı layiqli müqavimət göstəriblər.

5-ci Qafqaz İslam Ordusunun türk zabitləri və döyüşçüləri yerli özünümüdafiə dəstələrinin üzvlərini hərbi təlimlərlə tanış etmiş, öyrətmiş, onları silah-sursatla təmin etmiş və qanlı döyüşlərdə onlarla birlikdə iştirak etmişlər. Təəssüf ki, doğma torpaq, ünlü Vətən uğrunda gedən bu döyüşlərdə Xırdalan kəndinin 35- 40 nəfər dinc sakini də qətlə yetirilmiş, 50-ə qədər ev-mülk dağıdılıb, yandırılıb və müxtəlif növ maddı varidat qarət edilib.

Bir cəhəti qeyd etmək lazımdır ki, kəndin döyüşçüləri səngərlərdə olsalar da, dinc sakinlər, yaşlılar, uşaqlar qorunmaq üçün Corat, Saray bağlarına sığınıblar.

1918-ci ilin soyqırımının canlı şahidi olmuş kənd sakini Qızxanım Abdi qızı Bədirovanın (1870-1968), Zabitə Əlbirxan qızı Aslanovanın xatirələri, söylədikləri indi də camaatın yaddaşındadır. Bu yaddaşlarda türk zabitinin bir deyimi hələ də yaddan çıxmayıb:

- Ay analar, ay bacılar, çıxın azadlığa, mənfur, xain düşmənləri - erməniləri artıq yapdıq, yapdıq...

Kənd ağsaqqallarının bir tövsiyyəsi də olub ki, namaza duranda və qəbirstanlığa gedəndə bizə görə əziz canlarından keçmiş müqəddəs türk şəhidlərinin də ruhuna salavat çevirin, əbədiyyən.

Qismət Yunusoğlu, Bakı Dövlət Universitetinin müəllimi

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений