Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Şəkər bəyin qalası ilə bağlı nazirliyə MÜRACİƏT



Tarixi mədəniyyət abidələri ilə zəngin olan Qazaxda, şəhərin kənarında “Şəkərin qalası” adlanan əzəmətli qala var. Geniş həyəti, hündür hasarı olan ikimərtəbəli qala qırmızı kərpicdən tikilib. Dustaqxana olaraq tikildiyi deyilir. Binanın arxitekturası, divarlarının qalınlığı, pəncərələrinin dəmir çərçivəsi onun doğrudan da dustaqxana olduğundan xəbər verir.

Təəssüflə qeyd etməliyəm ki, çox axtarsam da, qalaya aid heç bir arxiv sənədi, nə də yazılı bir mənbə tapa bilmədim. Odur ki, qala barədə sadəcə, eşitdiklərimi, gördüklərimi, bildiklərimi yazmaq qərarına gəldim.

Tikilmə tarixi ilə bağlı sənədlərin Tiflis Dövlət Arxivində saxlanıldığı deyilən qala, 1810-1830-cu illər arasında, Şəkər adlı bir bəyin göstərişi ilə tikilib. 

Tikdirənin adına bağlı olaraq Qazax camaatı arasında “Şəkərin qalası” kimi tanınır. Hazır olduğu gündən 60-cı illərə kimi öz təyinatına uyğun olaraq dustaqxana kimi fəaliyyət göstərib. Çox hadisələrə şahidlik etmiş bu qala, Qazaxın repressiya tarixi ilə də sıx bağlıdır. Araşdırmalarım zamanı repressiyada güllələnmiş qazaxlıların harada güllələndiyini axtara-axtara bu qalaya gedib çıxdım. Hal-hazırda ruhi xəstəxana kimi fəaliyyət göstərən qalada həkimlərlə söhbətimdən bəlli oldu ki, vaxtı ilə rəhmətlik İsmayıl Şıxlı da repressiya qurbanı olmuş doğmalarının izinə düşüb, axtara-axtara bu qalaya gəlib çıxıb. Qeyd edim ki, İ.Şıxlı “Ölən dünyam” romanında qalada cərəyan edən hadisələrdən yazıb. Görkəmli akademik Teymur Bünyadov ilə qala barədə söhbətim zamanı o da atasının bu qalada güllələndiyini dedi. Arxiv sənədlərinə arxalanaraq deyə 

bilərəm ki, Qazaxda ölüm hökmünə məhkum edilən repressiya qurbanları heç də Bakıya aparılmayıb. (Sənədlərində harada güllələndikləri yazılmayıb, adətən, Bakıda güllələnənlərin sənədlərində “Bakı şəhəri” qeyd olunur). Öyrənə bildiyim qədəri Qazaxın qurbanları elə saxlandıqları yerdə, “Şəkərin qalası”nda güllələniblər. Ehtimallardan birinə görə qalanın həyətində dərin quyu qazılıbmış. Güllələnənləri ora atıb, üstlərini torpaqlayırlarmış. Bir başqa ehtimala görə isə onları qala divarlarından kənarda, “sarı təpə” deyilən hündürlükdə basdırırlarmış.

Bu qalanın bənzəri eyni illərdə (1803-1830) Zaqatalada tikilib. Amma Zaqatala qalasından fərqli olaraq “Şəkərin qalası” hələ ki tarixi abidə kimi qeydə alınmayıb. İnanırıq ki, yaxın gələcəkdə Şəkərin qalası da Mədəniyyət və Turizm  Nazirliyi tərəfindən qeydə alınacaq və dövlətimiz tərəfindən memarlıq abidəsi kimi qorunacaq.

Hörmətli Əbülfəz Qarayev!

“Şəkərin qalası” barədə yuxarıda yazdıqlarım bir neçə ay öncə nəşr olunan kitabımdandır. Amma çox təəssüflə qeyd edirəm ki, qala hələ də Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tarixi əhəmiyyətli abidə kimi qeydə alınmayıb. Odur ki, başçılıq etdiyim “Carçı” Araşdırma Mərkəzi adından sizə yazmaq qərarına gəldim.

Hörmətli cənab nazir!

Yazıb sizdən xahiş edirik ki, Qazax şəhərində yerləşən bu qalanı tarixi əhəmiyyətli abidə olaraq başçılıq etdiyiniz nazirlik tərəfindən dövlət qeydiyyatına alasınız.

İnanırıq ki, 18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü etdiyimiz bu müraciətimizi dəyərləndirəcəksiniz. Bu tarixi məkanın gələcək nəsillərə çata bilməsi üçün  qalanın dövlət tərəfindən qorunmasını alacaqsınız.

Əvvəlcədən təşəkkür edirik!

Hörmətlə “Carçı” Araşdırma Mərkəzi İB sədri Sərxan Carçı

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений