Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Savaş ədəbiyyatı niyə yaranmır?- Şairlər yazmamaqlarının səbəbini açıqladı - SORĞU



Rasim Qaraca: “Bu günün vətənsevərlik mövzuları  ağır başlı, pafosdan uzaq, daha çox düşüncəyə dayalıdır”

Aqşin Yenisey: “Vətənpərvərlik xalqın yadına ancaq müharibə təhlükəsi hiss etdikdə düşür”

Müasir ədəbiyyat son zamanlar yeni yazılmış əsərlər və istedadlı gənclərin meydana çıxmasıyla özünü zənginləşdirdi. İstər poeziya, istərsə də nəsrdə yazılan əsərlər arasında sanballı sayılacaq nümunələr kifayət qədərdir. Ən əsası da budur ki, müasir ədəbiyyat özünü cəmiyyətdə müəyyən fikir formalaşdıracaq və istiqamətləndirəcək səviyyəyə yüksəldə bildi. Düzdür, bu bədii nümunələr dünya kitabxanalarının rəflərində özlərinə yer tapmasalar da müəyyən bir temp var ki, bu xətt üzrə ədəbi sektorda inkişaf meylləri nəzərə çarpır.

Fikirlər fərqli “izm”lər və mövzular üzərində özlərinə həyat tapsalar da məsələdə diqqətçəkən məqam, vətənpərvərlik mövzusuna az müraciət olunması, bir sıra hallarda isə ümumiyyətlə, toxunulmamasıyla bağlıdır. Hər halda seçimlər fərqlidir və bəlkə də vətənpərvərliyin hələ də rəflərdə saralmış Sovet ədəbiyyatının leytmotivində təcəssüm etməsi yəqin ki, təsadüfi deyil.

“Cümhuriyət” qəzeti məsələ ətrafında yaranmış suallara ədəbiyyat adamları ilə aydınlıq gətirməyə çalışdı.

“Pafos o qədər qatı duman yaradıb ki...”

Jurnalist Ekspert Mərkəzinin rəhbəri, yazar Ceyhun Musaoğlu hesab edir ki, əvvəlcə “Vətənpərvərliyin özü nədir, özündə hansı mahiyyəti daşıyır”, “hansı insana vətənpərvər, hansına qeyri-vətənpərvər deyilir” suallarına cavab tapmaq lazımdır: “Bizim məmləkətdə vətənpərvərlik haqqnda deyilənlər fontan vuran neftə bənzəyir. Demək olar, hamı vətənpərvərlikdən danışır, elə yazılarımızın da əksəriyyətinə bu ab-hava hakim kəsilib. Ancaq bir nüans var, bizim vətənpərvərlik əhval-ruhiyyəli yazılarımızda pafos o qədər qatı duman yaradıb ki, ha əlləşirsən, düşüncəni ha ovuşdurursan o sözləri bir yerə yığıb yeniyetmə nəslin idarə olunması istiqamətinə tuşlaya bilmirsən. Sovet Azərbaycanı ədəbiyyatında vətənpərvər ruhlu şeirlər lap kəllə-çarxa çıxmışdı. Baxmayaraq ki, ədəbiyyatımızın arealı çox kiçikdir, vətən mövzulu şeirlərin sayına görə, bəlkə də dünyada birinci yerdəyik. Nəticədə Zəngəzur elə gedib, Qarabağ belə gedib. Deməli, məsələyə yanaşmada ciddi yanlışlıq var. Vətənpərvər mövzulu yazılar bizdə həmişə dominant olacaq. Yazarlarımızın dünyagörüşündəki kasadlıq mövzuların darlaşmasına, nəticədə vətənpərvərlikdə ilişib qalmasına gətirib çıxarır”.

Ceyhun Musaoğluna görə, vətənpərvərliyin bir tərifi var - vicdanlı olmaq:

“Vicdan həm də məsuliyyət yaradır. Belə deyirlər ki, Xerosima dəhşətindən bir müddət sonra Yaponiyanın sürətlə inkişaf etdiyini görən ABŞ bunun səbəbini öyrənmək üçün araşdırmalara başlayır. Sonda növbə yaponlar arasında sorğu keçirməyə çatır. “Necə oldu ki, bu qədər dəhşətli faciənin qarşlığında sizdə əks proses baş verdi - inkişaf yaşandı” sualına bütün yaponlar eyni cavab verirlər: “Biz öz işimizə vicdanla yanaşdıq, öhdəmizə düşəni 100 faiz yerinə yetirdik”. Buyurun, bu da yapon vətənpərvərliyi. Mənə elə gəlir, o dünyadakı cənnət də yapon düşüncəsi ilə hazırlanacaq. Yapon verdiyi sözə əməl etməyəndə xarakiri - özünə qəsd üsulunu seçir. Yazmaqla, oxumaqla, səhnələşdirməklə vətənpərvər olmaq mümkün deyil. Yetər ki, başqasının azadlığına toxunmadan, yaşadığın ölkəni öz evin, xalqını öz ailən qədər sevəsən”.

“Yazılır, amma bədii səviyyə aşağıdır”

Şair Elçin Mirzəbəyli bildirib ki, əslində son dövrlərdə vətənpərvərlik mövzusunda yazılan əsərlərin sayı az deyil:

“Amma əksəriyyətinin bədii səviyyəsi çox aşağıdır. Xüsusilə də poeziyada. Son dövrlərdə bu mövzuda yazılan mahnıların, şeirlərin də böyük əksəriyyəti pafoslu söz yığınından ibarətdir. Bəziləri elə başa düşür ki, bir şeirdə, yaxud mahnı mətnində bir neçə dəfə “Vətən”, “Bayraq”, “Azərbaycan” sözlərini təkrarlasa, dönüb olacaq vətənpərvərlik şeiri, ya da mahnısı. Bu mövzunu o qədər bayağılaşdırıblar ki, özünə hörmət edən yaradıcı insanlar ona toxunmaq istəmirlər”.

“Oxucuda heç bir təsir doğurmur”

Yazıçı Rasim Qaraca qeyd edib ki, əgər bir yazıçı ana dilində yaxşı bir əsər yaradırsa, bunun özü də vətənsevərliyin bir ifadəsi ola bilər:

“Məsələ burasındadır ki, vətənsevərlik anlayışı konkret anlayış deyil, bu ifadənin arxasında müxtəlif, hətta biri-birinə tərs şeylər nəzərdə tutula bilər. Bu baxımdan suala cavab vermək çətindir. Məsələn, 90-cı illərin xalq hərəkatı zamanlarında Xəlil Rza, Bəxtiyar Vahabzadə, Rüstəm Behrudi, Sabir Rüstəmxanlı yaradıcılığındakı vətənsevərlik motivi bu gün çox bayağı görünür və oxucuda heç bir təsir doğurmur, ancaq o zaman o əsərlər hava-su kimi gərəkliydi. Bu günün vətənsevərlik mövzuları hesab edirəm ki, daha ağır başlı, pafosdan uzaq, daha çox düşüncəyə dayalıdır. Yəni, sözün köhnəlmiş mənasında vətənsevərlik mövzuları azalıb, bunda haqlısınız”.

“Ədəbiyyat adamlarını bir tikə çörəyə qul etdilər”

Satirik şair Mirzə Sakit xatırladıb ki, Sovet dönəmində hamı kütləvi şəkildə kitab oxuyurdu:

“Müasir Azərbaycanda isə bu hal görünməz oldu. Çünki kütləni idarə edənlər əksər ədəbiyyat adamlarının qələmlərini qıraraq, onları bir tikə çörəyə qul etdilər və maarifləndirmə süquta uğradı. Cəmiyyətimiz də bu qələm adamlarının məddahlıqlarından cana doydu. Belə bir misal çəkim. Əgər hamı görsə ki, bir aşpaz bişirdiyi aşın içinə tüpürür, o aşı kim yeyər?”.

“Ancaq kasıb balaları ölürsə...”

Şair Aqşin Yenisey hesab edir ki, böyük ədəbiyyatda vətənpərvərlik adlı mövzu yoxdur:

“Vətənpərvərlik yazıçının məqsədlərində gizlənə bilər, məsələn, bu mənada dünyanın ən vətənpərvər əsəri Hüqonun “Səfillər” romanıdır ki, bu kitabda Fransa ancaq öz quldurları və fahişələri ilə, küçə uşaqları ilə təmsil olunur. Ancaq məni öldürürlər ki, niyə bir dənə roman yazmısan, onun da baş qəhrəmanı Leş Əlidir, niyə bizi tərifləməmisən? İkincisi, vətənpərvərlik xalqın yadına ancaq müharibə təhlükəsi hiss etdikdə düşür, başqa vaxt heç kim vətəni düşünmür. Hətta müharibə vaxtı yazılan vətənpərvərlik əsərləri dinc dövrdə siyasətçilərə vətəni yemək üçün lazım olur. Rusiyanı və Türkiyəni çıxmaqla, ümumiyyətlə, bu mövzu heç bir ciddi xalqın ədəbiyyatında heç vaxt aktual mövzu olmayıb. Sifarişlə yazılan bir neçə kitabı çıxmaqla. Gələk işin ictimai-sosial tərəfinə; vətən uğrunda ancaq kasıb balaları ölümə göndərilirsə, o vətəni şeirlə, marşla heç kimə sevdirmək olmaz və heç bir vicdanlı şair belə vətəni tərənnüm etməyə cəsarət etməz. Bu gün ədəbiyyatımızda vətənpərvərlik ruhunun olmaması sənət dəyərlərindən daha çox, həyat reallıqlarından qaynaqlanır”.

“Bu, ciddi oxucu kəsimini uzaqlaşdırır”

Şair Emin Piri deyib ki, “vətənpərvərlik” dedikdə bəzən sırf şablon şeirləri nəzərdə tuturlar:

“Halbuki, sevgidən olan hər hansı əsərin içindən də vətəni sevgiyə səslənişin şahidi ola bilərik. Eyni zamanda olsun təbiət şeirləri. Bu da elə. Bizdə vətənpərvərlik yazılarına sırf bir rakursdan yanaşır. Bu rakursla baxdıqda isə bayağı yaradıcılıq nümunələrinin şahidi oluruq. Bu da ciddi oxucu kəsiminin ədəbiyyatdan uzaqlaşmasına səbəb olur”.

“Ədəbiyyatı kiçik çərçivəyə salmayaq”

Yazıçı Cəlil Cavanşir bildirib ki, məsələyə iki fərqli mövqedən yanaşmaq olar:

“Əgər mövcud şərtləri nəzərə alsaq, düşünürəm ki, vətənpərvərlik çox populyar və “gəlirli” sahədir. Bu mövzuda yazıb, cibini dolduran bir xeyli adam tanıyıram. Necə deyərlər, “vicdansızların sığınacaq yeridir”. Ümumiyyətlə, böyük ədəbiyyatdan söhbət gedirsə, mən ədəbiyyatda vətənpərvərlik ideyalarının təbliğini bir o qədər uyğun görmürəm. Ədəbiyyat daha qlobal, daha geniş olmalıdır. Bir coğrafi məkana qısılıb qalan ədəbiyyat ancaq o coğrafi məkan üçün aktual ola bilər. Şəxsən mən buna qarşıyam. Vətənpərvərliklə məşğul olacaq adamlar var, qoy gedib onlar məqalələr yazsın, tədbirlər keçirsin, video-materiallar hazırlasın, qrant alsın. Mümkünsə, ədəbiyyatı kiçildib, çərçivəyə salmayaq”.

“Vəziyyət acınacaqlıdır”

Yazıçı Cavid Zeynallı hesab edir ki, ədəbiyyatda mövzu seçmək, mətn yaratmaq müəllifin şəxsi seçimidir:

“Mənə görə, məhz bu məsələdə müəllifin seçim azadlığını qorumaq, ona hörmətlə yanaşmaq lazımdır. Deməzdim ki, müasir dövrdə vətənpərvərlik mövzusunda az yer verilir. Bir qədər dərindən araşdırsaq, vətən, torpaq, bayraq mövzusunda yüzlərlə şeirə, hekayəyə rast gələrik. Problem yazılan bədii əsərlərin keyfiyyəti məsələsidir ki, vəziyyət çox acınacaqlıdır. Orta məktəb inşaları səviyyəsində hekayələr, primitiv şeirlər yazılır. Hətta, bu cür nümunələr müsabiqələrdə mükafat da qazanır”.

“Pafos heç kəsə lazım deyil”

Şair Şəhriyar İbrahimov vurğulayıb ki, oxucunun tələbatı nədirsə, vəziyyət də o cürdür:

“Bəzi yazarlar Azərbaycan oxucusunun səviyyəsinim aşağı olduğunu bildirirlər. Bununla razılaşmıram. Azərbaycan oxucusunun səviyyəsi yüksəlir. Artıq oxucu pafosdan uzaq şeirlərə daha çox üstünlük verir. Vətənpərvərlik mövzusunda yazılan şeirlərin 90 faizi pafosla, saxta qəhrəmanlıqlarla, mübaliğəli uydurmalarla əhatə olunur. Bu, sosial problemlər bataqlığında boğulan Azərbaycan oxucusunun diqqətini çəkmir. Uzun illərdir torpaqları işğal altında olan məğlub bir ölkənin pafosa bürünmüş qəhrəmanlıq nümunələri kimə maraqlı olar? Mövzu insanlar tərəfindən oxunmur, diqqət çəkmir, bu isə diqqət çəkmək və oxunmaq istəyən yazarların daha modern əsərlər yaratmasına meyl etməsinə gətirib çıxarır. Bununla belə vətənpərvərlik mövzusu ədəbiyyatda heç nə vəd etmir. Ədəbiyyat bu mövzunu təbliğ etməkçün kifayət qədər böyük bir vasitə deyil. Vətən mövzusunu müasir dövrdə televiziyalar, yüksək keyfiyyətli filmlər işıqlandırmalıdır. Ədəbiyyatın vətənpərvərliyə təsiri çox cüzidir. Vaqif Səmədoğlu deyirdi ki, əgər yazıçının yazması ilə müharibə olmasaydı, Tolstoyun “Hərb və Sülh” əsərindən sonra iki dünya müharibəsi olmazdı”.

Mənsur Rəğbətoğlu

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений