Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Sabiq prezident rejimi silkələyir - MÜSAHİBƏ



İranda etiraz aksiyaları səngisə də, siyasi elitada ziddiyyətlərin artması müşahidə olunur. Son dövrlər qarşı duran güc mərkəzləri kimi İran İslam Keşikçiləri Korpusunun rəhbərliyi ilə hakimiyyətin mühafizəkarlardan ibarət qanadı, prezident Həsən Ruhaninin liderliik etdiyi islahatçılar və İranın eks-prezidenti Mahmud Əhmədinejad çıxış edir. Xatırladaq ki, hakimiyyət 2017-ci ilin sonlarından başlayaraq iki həftə davam edən və 25 nəfərin ölümü ilə nəticələnmiş etiraz aksiyalarının təşkilində Mahmud Əhmədinejadın əli olduğunu bildirir. Hətta bir ara eks-prezidentin həbsi xəbəri yayılsa da sonradan təsdiqini tapmadı. 

İndi isə M.Əhmədinejad daha açıq danışır və hətta ali dini rəhbərə qarşı da müxalifət mövqeyindən çıxış edir. Siyasi ekspertlərin fikrincə, Əhmədinejadla hakimiyyət arasında yaranmış narazılığın konkret səbəbləri var. Ruhani hökuməti onu həbs edərək ABŞ-ın İrana qarşı təzyiqlərinin yumşalacağına ümid edir. Hazırda prezidentliyə yenidən iddialı olan M.Əhmədinejadla ali dini lider arasında soyuq münasibət isə hələ onun hökumətə rəhbərlik etdiyi dövrdə yaranıb. Əhmədinejadı isə “Xətti-İslam” adlanan ayətullahlardan ibarət üləmalar qrupu dəstəkləyir.İranda baş verən proseslərlə bağlı vəziyyəti dəyərləndirmək üçün Güney Azərbaycan Milli Oyanış Hərəkatının İdarə Heyətinin üzvü Ağrı Qaradağlıya müraciət etdik.

“Hakimiyyətə şahın oğlunungəlməsini istəmirik”

-Ağrı bəy, İranın siyasi elitasındakı qarşıdurma getdikcə açıq müstəviyə keçir. Etiraz aksiyalarının əslində hakimiyyətdaxili mübarizədən qaynaqlandığına dair məlumatlar var. Sizcə, Tehran rejimi daxilindəki bu ziddiyyətlərin gerçək səbəbi nədi?

-İran rejimi 40 ilə yaxındır ki, milli kimliyindən asılı olmayaraq, bütün xalqları islam adı altında əzib. Onların arasında hüquqları ən çox tapdanan Azərbaycan türkləri olub.Amma təbii ki, xalqın içərisində, o cümlədən, türklər arasında xeyli narazılıq var. Narazılıq yaradan məsələlərdən biri də son günlər ciddi şəkildə etirazlara səbəb olmuş qadınların məcburi hicaba cəlb edilməsidir.Lakin İrandakı etirazlar əsasən hakimiyyət daxilindəki ikili cəbhələşmə olduğuna görə baş verir.İslam İnqilabı Keşikçiləri Korpusu başda olmaqla mühafizəkarlar islahatçılar arasında siyasi qarşıdurma yaşanır.Bu rejim davasıdır.Güney azərbaycanlıların isə rejim davası yoxdur.Biz istiqlal qazanmaq və öz milli müqəddəratımızı təyin etmək üçün mübarizə aparırıq.Məqsədimiz o deyil ki, bir molla getsin, o biri molla gəlsin.Yaxud molla rejiminin hakimiyyətdən gedərək yerinə şahın oğlunun gəlməsini istəmirik.Biz Güney Azərbaycan türkləri öz müqəddəratımızı təyinetmə uğrunda çalışırıq.Bu rejimin daxilindəki savaş bizim üçün maraqlı deyil.Rejimin hər bir nümayəndəsinin içərisində bir türk düşmənçiliyi var. Əlbəttə, İran rejimi nə qədər zəifləsə, bizim xeyrimizədir.Amma Güney Azərbaycan türkləri bu oyunlarda iştirak etmək, kiməsə dəstək vermək fikrində deyil.

“O, rejimi dəyişdirəcək gücdə deyil”

- Son vaxtlar eks-prezident Mahmud Əhmədinejad ölkə başçısının və ali dini liderin siyasətini sərt tənqid edib. Əhmədinejad həbsxanalarda baş verən ölüm hallarını pisləyərək deyib:

“Yoxsulluğa görə ailəsindən utanan bir adam səsini çıxaran kimi saxlanılıb həbsə atılır. İnsanları laqeydcəsinə həbs edirlər.Daha sonra cənazəsini ailəsinə təslim edirlər.Ali dini rəhbər

Əli Xamneyi belə məhkəmə qərarından məsul olmadığını söyləyir.

Əhmədinejadın axır vaxtlar siyasi cəhətdən fəallaşması nə ilə bağlıdır və onu dəstəkləyən üləmaların timsalında hakimiyyət daxilində üçüncü güc mərkəzinin meydana çıxdığını demək olarmı?

-Əhmədinejad rejimi dəyişdirəcək gücdə deyil. O, ötən seçkilərdə namizədliyini yenidən irəli sürmək istəyirdi. Lakin Ayətullah Xamneyi buna etiraz edərək mane oldu. Ona görə də Əhmədinejad ali dini liderdən narazıdır. İslam İnqilabı Keşikçiləri Korpusunun daxilindəki bir qrup Əhmədinejadın namizədliyini dəstəkləsə də digər qismi rədd edir.Xüsusilə islahatçılar bunun əleyhinə daha çox çıxır.İslahatçıların arasında Əhmədinejada inananlar da var. Amma onların sayı o qədər çox deyil.Ona görə də Əhmədinejad rejimi dəyişəcək bir siyasi güc mərkəzi sayıla bilməz.Onun əsas davası əslində islahatçılarla da deyil. O daha çox namizədliyinin Xamneyi tərəfindən qəbul olunmamasına etiraz edir. Yanvar ayının əvvəlində baş verən etirazlarda və toqquşmalarda Əhmədinejadın rolu çox oldu.Çünki Əhmədinejad həmin vaxt sərt bəyanatları ilə nümayişlərin qızışmasına səbəb oldu.Bu səbəbdən hökumət baş verən hadisələrə görə Əhmədinejadın məsuliyyət daşıdığını bildirdi. Ancaq diqqət yetirsək görərik ki, Əhmədinejadın prezidentliyi dönəmində xeyli sayda insan edam olunub. Güney Azərbaycanda da bir çox insanlar 10, 15, 7 il müddətinə müxtəlif bəhanələrlə həbsə atıldı. Bu baxımdan, Əhmədinejad indiki hakimiyyəti tənqid edərkən öz dövrünə də bir nəzər salmalıdır. O vaxt həbslər də, edamlar da hazırkından daha çox olmuşdu. Sadəcə olaraq, baş verənlər rejimi ələ almaq uğrunda savaşır.Bəzən sadə kütlə deyilənə inanır.Əhmədinejad da özünü kasıbların müdafiəçisi kimi təqdim edən şüarlar səsləndirir.Ola bilər ki, belə şüarlara ucqar kəndlərdə bəzi sadə insanlar, dindarlar inana bilər.Ancaq bunun ciddi təsiri olmayacaq.

- İran prezidenti Həsən Ruhani, hakimiyyət daxilində bəzi rəsmilər arasında müxtəlif mövzularda ixtilafın olmasından danışıb. O deyib ki, mühüm iqtisadi, siyasi, ictimai və mədəni sahələrinə aid mövzularda rəsmilər arasındakı ixtilaflara son qoymaq üçün yaxşısı budur ki, ölkədə ümumxalq referendumu keçirilsin və xalq nəyə səs versə, o da qəbul olunsun. Ruhaninin bu təklifi, son günlər hakimiyyətin radikal qanadına bağlı ayətullahların kəskin etirazı ilə qarşılanıb.

Necə hesab edirsiniz, referendum yolu ilə yaranmış ixtilafı aradan qaldırmaq mümkün olacaqmı?

-Bu təkilif irəli sürən Həsən Ruhani də, ona etiraz bəyanatı verən ayətullah da bilir ki, seçki sistemi tamamilə öz əllərindədir. Yəni referendum olmayacaq.Hətta səsvermə keçirilsə belə, özləri qutudan istədikləri nəticəni çıxaracaqlar. Xalq 90 faiz bu rejimə “yox” desə də, onlar bəyan edəcəklər ki, xalqın 80 faizi “hə”-deyib. Həsən Ruhani siyasətdə təsadüfi adam deyil və 30-35 ildir bu sistemin içərisində formalaşıb. Ona görə də bilir ki, sistem onun təklifinə icazə verməyəcək.Nəyi demək lazım olub-olmadığını Ruhaniyə öncədən diktə edirlər.Yoxsa, İranda prezident səlahiyyətlərinə görə üçüncü yerdə dayanır. Ən yüksək səlahiyyətə ali dini lider, ikinci yerdə “Nizami-Məsləhət Şurası”, üçüncü səlahiyyət sahibi isə prezidentdir. İranda prezidentin vəzifəsi icraiyyə komitəsi kimidir. O, tapşırılan vəzifəni yerinə yetirir. 

“Qərb Güneyin müstəqilliyi yolunda əsas maneələrdən biridir”

-Bir sıra ekspertlər isə bildirir ki, İran xalqı öz sözünü hələ deməyib. Hələlik baş verənlər daha çox hakimiyyətdaxili çəkişmələrin təzahürüdür.Çox keçmədən xalq ayağa qalxacaq və o zaman rejimin çöküşü qaçılmaz olacaq. Bu proses mümkündürmü və olacaqsa, nə zaman baş verə bilər? 

-Təbii ki, mümkündür. İranda Güney Azərbaycan türkləri ilə yanaşı, ərəblər də, bəluclar da, kürdlər də müstəqil olmaq uğrunda mübarizə aparırlar.Xorasan türkləri, Qaşqay türkləri də zaman-zaman öz etirazlarını bildiriblər və istiqlaliyyət arzusunu göstəriblər.Xalq ayağa qalxarsa və rejim zəifləyərsə, həmin millətlərin liderləri azadlıq uğrunda hərəkətə keçəcək.Bu da İranın parçalanması ilə nəticələnək.Bunu hakim rejim də, Qərb dövlətləri də bilir.Ona görə də Amerika başda olmaqla Qərb dövlətləri bu məsələyə ciddi yanaşmır.Halbuki, ABŞ İraqdan əvvəl İranı vurmağı nəzərdə tutmuşdu.Amma 2005-ci ildən sonra bu məsələ gündəmdən çıxdı.Çünki Amerikaya İran parçalanmış halda deyil, bütöv lazımdır.ABŞ İranın böyük bazarını əldə etmək istəyir.Güney Azərbaycan məsələsinə görə Vaşinqton İranın bölünməsini istəmir.ABŞ bilir ki, müstəqil Güney Azərbaycan türk dünyasının qapısı deməkdir.Yəni Türkiyə ilə Xəzər dənizini və Mərkəzi Asiyanı bağlayan quru yoludur. Bu səbəbdən də Amerika risk edib İrana müdaxilə etmək istəmədi. Əgər istəsəydi.ABŞ üçün İranda aksiyalar yaratmaq və qarışıqlıq salmaq çox asan idi.Bunu İran rejimi də bilir və bir iğtişaş olan kimi dərhal yatırdırlar ki, başqa istiqamətə getməsin.İranda adi min-iki min nəfərlik aksiyalar olan kimi bütün dünyaya yayırlar.Amma 2006-cı ildə 12 gün davam edən mitinq və yürüşləri heç bir Qərb mediası işıqlandırmadı.Yaxud 2015-cı ildə İran televiziyasında İran türklərinə qarşı həqarətə etiraz olaraq 3-4 gün davam edən aksiyalar yenə diqqətdən kənarda saxlanıldı.Bütün bunlar bilərəkdən edilirdi.Bu gün İranın bölünməsini istəməyən ABŞ və Qərb Güney Azərbaycanın müstəqilliyi yolunda əsas maneələrdən biridir.

Müşfiq Abdulla 

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений