Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Rus sülhməramlıları Qarabağa sülh gətirəcək?



Nəzakət Məmmədova: “Sülhməramlı məsələsi sadəcə olaraq Rusiyanın Cənubi Qafqazda öz hərbi iştirakını artırmaq planınının bir hissəsidir”

20 ildən artıqdır ki, davam edən Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müxtəlif təşəbbüslər olsa da, konkret addımlar atılmır. Ekspertlər hesab edir ki, Qarabağ probleminin həllində açar rolunu Rusiya oynayır. Rusiya isə  Azərbaycanı özünün yaratdığı təşkilatlarda görmək istəyir.

Qeyd edək ki, Azərbaycan torpaqlarını işğal edən Ermənistan Rusiyanın patronajlığı ilə yaradılmış Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Ekspertlər hesab edir ki, Azərbaycan bu birliklərə üzv olarsa, Dağlıq Qarabağ probleminin həllində Rusiya konkret addımlar ata bilər. 

Maraqlıdır, Azərbaycanın AİB və KTMT-yə qoşulması mümkündürmü? Bu halda üzv ölkələrin sülhməramlı qüvvələrinin Dağlıq Qarabağda yerləşdirilməsi bizə sərf edirmi?

Siyasi şərhçi Nəzakət Məmmədova “Cümhuriyət” qəzetinə şərhində bildirib ki, hazırkı məqamda Azərbaycanın bu qurumlara üzv olması faktiki Azərbaycanın müstəqilliyinin məhdudlaşdırılmasına gətirib çıxara bilər:

“Nümunə kimi Ermənistanın müstəqilliyinin məhdudlaşdırılmasını göstərmək olar. Doğrudur, Azərbaycan Ermənistan deyil. Azərbaycana qarşı o cür  davrana bilməzlər. Lakin adını çəkdiyimiz bu iki təşkilat birbaşa Rusiyanın nəzarətində olan siyasi-iqtisadi, hərbi ittifaqlardır. Rusiya məhz onların vasitəsilə MDB məkanındakı nüfuzunu bərpa etmək istəyir. Rusiyanın Azərbaycanda hərbi iştirakına faktiki 25 ildir ki, son qoyulub və yenidən onu Qarabağ münaqişəsi zonasına sülhməramlı adı altında qayıtmasına icazə verilməsi bu illərdə müstəqilliyimizin  qazanılmış nailiyyətlərini geriyə atmaq olardı. Azərbaycan 1993-cu ildən bəri balanslaşdırılmış xarici siyasət xətti yürüdür və bununla da sabitliyin qorunmasına nail olunub. Lakin AİB və KTMT vasitəsilə Rusiyanın təsir orbitinə qayıtmaq Avroatlantik tərəfdaşlığı istiqamətində görülmüş işləri arxa plana atardı. Siyasi müstəqilliyimizə xələl gələ,  iqtisadi müstəqilliyimiz  sual altına düşə bilər. Çünki Azərbaycan hazırda birtərəfli qaydada Qərbpərəst mövqe tutan Gürcüstan və Türkiyə ilə bir sıra beynəlxalq əhəmiyyətli layihələr həyata keçirir. Amma Ermənistan bu layihələrdən kənarda qalır. Çünki Azərbaycan işğalçı ölkəni öz layihələrindən təcrid edir”.

Ekspert hesab edir ki, Rusiya özü də Ermənistana bu məsələlərdə iştiraka icazə vermir: “Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistanın beynəlxalq inteqrasiya imkanlarını tamamilə məhdudlaşdırıb. Azərbaycan bir müddət KTM-yə üzv oldu, lakin gördü ki, bu, bizə torpaqlarımızın qaytarılmasına, suverenliyimizin işğal olunmuş ərazilərdə bərpa edilməsinə kömək göstərmir, həmin təşkilatı tərk etdi. Ölkə rəhbərliyi öz mövqeyini həm də onunla əsaslandırdı ki, eyni hərbi-siyasi ittifaqın üzvü olan bir ölkə digərinin ərazisini işğal altında saxlayırsa, həmin təşkilatdan nəsə gözləmək mənasızdır”.

Nəzakət Məmmədovanın sözlərinə görə, bu Rusiyanın Azərbaycana qarşı təzyiq vasitələrindən biridir. Çünki Rusiya sülhməramlı adı altında Abxaziya, Cənubi Osetiya bölgələrində də öz hərbi kontingentini yerləşdirib: “Həmin ərazilərdə sülhə nail olunubmu?! Yox. Deməli, sülhməramlı məsələsi sadəcə olaraq Rusiyanın Cənubi Qafqazda daha da möhkəmlənmək, öz hərbi iştirakını artırmaq planınının bir hissəsidir. Ermənistanda Rusiya hərbi bazası var, Rusiya Ermənistanla öz ordusunu birləşdirib. NATO üzvü Türkiyə ilə sərhəddə Rusiya var. Lakin Azərbaycanda rus qoşunları yoxdur. Gürcüstanda isə hətta NATO-nun Təlim Mərkəzi açılıb. Demək, Cənubi Qafqazın üç ölkəsindən biri - Azərbaycan neytral, digəri - Gürcüstan isə Avroatlantik xətt yürüdür. Rusiya isə burada yalnız öz forpostu Ermənistanla kifayətlənmək istəmir. Xüsusən, Suriyada qələbədən ruhlanan Rusiya növbəti plasdarm kimi Cənubi Qafqazı seçə bilər. Eyni zamanda, ABŞ NATO vasitəsilə Ukraynada hərbi iştiraka çalışır, Baltik ölkələri istiqamətində Rusiya ilə sərhəddə tez-tez təlimlər keçirilir.

Yəni, Qara dəniz və Baltik dənizləri istiqamətində sıxışdırılan, "mühasirəyə alınan" Rusiya Cənubi Qafqaz və Orta Asiya vasitəsilə İran, Əfqanıstana, oradan da isti dənizlərə çıxmaq istəyir. Azərbaycan olmadan isə bu, mümkünsüzdür. Azərbaycan geosiyasi baxımdan həm Qərb, həm Rusiya üçün çox əhəmiyyətli ölkədir. Orta Asiyaya, Çinə, İran və Əfqanıstana, Türkiyəyə və Avropaya çıxış məhz bu ölkə üzərindən mümkündür. Eyni zamanda, Azərbaycan Avropa üçün alternativ enerji mənbəyi rolunda çıxış edir. Bu isə Avropa enerji bazarında "Qazprom"la rəqabətdir. Ona görə də Rusiya mümkün qədər bizi öz yaratdığı iqtisadi, hərbi-siyasi təşkilatlar vasitəsilə məhdudlaşdırmağa, əl-qolumuzu bağlamağa çalışır. Çünki bir təşkilata daxil olmaq ilk növbədə onun qarşısında götürülmüş öhdəliklərin yerinə yetirilməsini tələb edir. Azərbaycanın qarşısında qoyulan öhdəliklər isə onun müstəqilliyini birbaşa məhdudlaşdırmağa yönələ bilər”.

Vilayət Muxtar

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений