Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

REAL mitinqə qatılmamaq qərarını belə əsaslandırdı: “Ölkəni dəyişmək olar, amma...”



REAL Hərəkatı Milli Şuranın mitinqlərinə qatılmayacaq. Müzakirələrdən sonra təşkilat mitinqlərə qatılmamaq barədə qərarını ayın 5-də açıqlayıb. 

Təşkilatın yaydığı bəyanatda bildirilib ki, hərtərəfli müzakirələrdən sonra REAL təşkilatı Milli Şuranın təşkil etdiyi mitinqlərdə qurum olaraq, təşkilatçılarından biri kimi iştirak etməyəcək, üzvlərin kütləvi tədbirlərdə vətəndaş hüquqlarından istifadə etmələrini isə öz qərarlarına buraxacaq.

Cebhe.info xəbər verir ki, REAL Hərəkatının icraçı katibi Natiq Cəfərli sözügedən təşkilatın mitinqə qatılmamaq barədə qərarına aydınlıq gətirib. N.Cəfərli bildirib ki, REAL-ın verdiyi bütün qərarlar sədr İlqar Məmmədova öncədən göndərilir, onun fikirləri alınır və ictimayyətə açıqlanır: “REAL-da bütün qərarlar ciddi müzakirələrdən sonra qəbul edilir, İdarə Heyətinin üzvlərinin də, sədrin də bir səsi var,  səsvermədən sonra qərarlar elan olunur, amma həmişə çalışmışıq ki, qərarlar konsensusla olsun. Mitinqlə bağlı elan etdiyimiz qərar günlər öncə tam konsensusla qəbul edilib. REAL heç vaxt şəxlər üzərində qurulmayıb, dəyərlər, prinsiplər, ideoloji təməl üzərində inşa edilib. Belə modeli nə iqtidar, nə də bəzi müxalif partiya liderləri anlaya bilirlər. Çünki ölkədə bütün siyasi təşkilatlar şəxslər üzərinə qurulub”. 

Hərəkat yetkilisinin sözlərinə görə, kütləvi aksiyalar çox vacib, fundamental insan hüquqlarından biridir, konstitusiyada təsbit olunub, siyasi təşkilatların mitinq təşkil etməsi normal praktikadır: “Amma aksiyalar dərindən düşünülmüş taktiki addımlar və strateji hədəflər çərçivəsində nəticə verir. Mitinqlər hədəf deyil, vasitədir, hədəfə çatmaq üçün, məsələn, 10 vasitədən biridir. Əgər digər vasitələr yoxdursa, yəni cəmiyyətdə ümid, inam təsis olunmayıbsa, gələcəklə bağlı xalqda aydın təsəvvür yaradılmayıbsa, hekayə ancaq "bunlar pisdir, biz yaxşıyıq", primitivizmi üzərində qurulursa, mitiqlər hədəfinə çatmır, hər dəfə rutin, mövsimi xarakter alır, ancaq mitinq edənlərin öz təşkilatlarını tonusda saxlamağa xidmət edir, həm də iqtidara ölkədə sərbəst toplaşma hüququnun olduğunu söyləməyə formal bəhanə verir.

Hər hansı bir siyasi əməkdaşlıq, siyasi güclərin birgə addımları mütləq öncədən öz aralarında ciddi müzakirə edilməli, bütün tərəflərin ideyaları dinlənilməli, hətta veriləcək mesajlar, səsləndirilən şüarlar öncədən razılaşdırılmalıdır. Siyasi təcrübə və birgə addımların fəlsəfəsi belə yanaşma diktə edir. Mitinqlərlə bu ölkəni dəyişmək olar, təbii ki, bu mümkündür, amma buna qərarı və sosial-siyasi sifarişi siyasi təşkilatlar deyil də, cəmiyyət verməlidir - ancaq o zaman uğur hekayəsi mümkündür”. 

Mənsur Rəğbətoğlu 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений