Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Qərblə Çin arasında yeni SAVAŞ: Müsəlmanlara görə



Azərbaycana səfər edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Myanmanın Arakan əyalətində müsəlmanların kütləvi qətl edilməsilə bağlı bəyanat verib. Cənab Çavuşoğlu bu cinayətə yalnız islam dünyasının deyil, bütün beynəlxalq ictimaiyyətin diqqət ayırmalı olduğunu deyib. Türkiyə xarici siyasət idarəsinin başçısı Bakıdan Banqladeşə yola düşüb. O, Türkiyə İş Adamları Dərnəyi və Türkiyə Qızıl Ay Cəmiyyətinin xətti ilə Myanmadan qaçqın düşmüş insanlara humanitar yadımın göstərilməsi prosesində iştirak edəcək. 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan da qaçqınlarla görüşmək üçün Myanmaya səfər edib. Bu arada Türkiyə hökuməti Banqladeş rəhbərliyinə Myanma ilə sərhədləri açmaq və qaçqınları ölkəyə buraxmaq üçün müraciət edib. Rəsmi Ankara Banqladeş hökumətinə məktubunda Arakanda qətliamdan xilas olan müsəlmanlara yardımı öz üzərinə götürdüyünü bildirib. Xatırladaq ki, Myanmada kütləvi soyqırımdan xilas olaraq Banqladeş sərhəddinə qaçan müsəlmanların sayı 130 min nəfərə çatıb. Onların 100 min nəfərini qadınlar və uşaqlar təşkil edir. Myanma hərbçiləri ələ keçən müsəlmanları qətlə yetirir, onların yaşadıqları evləri yandırır. Bununla bağlı sosial şəbəkələrdə dəhşətli videogörüntülər də yayılıb. Banqladeş hökuməti sərhəddi bağlayaraq qaçqınların ölkəyə daxil olmasının qarşısını aldığından bir çox inlsanlar acından və xəstəlikdən həyatını itirir. 
Türkiyə rəhbərliyi Arakanda baş verən soyqırım cinayətinin qarşısını almaq üçün dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara müraciət edib. Hazırda Türkiyə Myanmada baş verən hadisələrə ən fəal reaksiya verən dövlətdir. Kifayət qədər geosiyasi problemlərlə üzləşən Türkiyənin indi də Arakan qətliamı ilə məşğul olması rəsmi Ankaradan əlavə diplomatik fəaliyyət imkanları tələb edir. Bu bəyanatların hansı nəticə verəcəyi isə dünya dövlətlərinin və təşkilatların reaksiyasından asılı olacaq. Ancaq sentyabrın 25-də İraq kürd muxtariyyətinin müstəqillik referendumu keçirmək niyyətində olduğunu nəzərə alsaq, diqqətin Myanma hadisələrinə yönəlməsi Ankaranı kürd problemindən yayındıra bilər. 

Politoloq Natiq Miri hesab edir ki, ilk növbədə Myanmada gedən qlobal oyunun mahiyyətinə aydınlıq gətirilməlidir. Arakanda müsəlmanları qətliamı törədənlərin əsl məqsədi başqadır: “Bu bir dini və yaxud etnik münaqişə deyil. Həmin hadisələrə dini və ya etnik münaqişə donu geyindirmək istəyirlər. Türkiyə çox gözəl anlayır ki, orada çox qlobal bir oyun başladılıb. Suriyadan sonra dünya güclərini qarşı-qarşıya qoyacaq bir müharibə baş qaldıra bilər.

Myanmada törədilən qətliam sadəcə müsəlmanların oradan qovulması ilə bağlı deyil. Məlumdur ki, Myanma çox ciddi enerji daşıyıcıları , eyni zamanda, qızıl və almaz ehtiyatları ilə zəngin olan bir məmləkətdir. Hazırda qlobal maliyyə gücləri bu ölkənin sərvətlərini istismar etmək üçün səhnə arxasında çox ciddi savaşa girişiblər. Türkiyə də anlayır ki, İŞİD bitiriləndən sonra bu müqəddəs yer boş qalmayacaq. Yeni bir qlobal terror şəbəbkəsini yaratmaqla Myanmada növbəti prosesi bir müharibə meydanına çevirməklə enerji daşıyıcılarını ələ keçirib istismar etməyə başlayacaqlar.

Necə ki, İŞİD bütün neft və qaz mənbələri olan əraziləri işğal etdikdən sonra həmin prosesləri başladanlara çox ucuz qiymətə satmağa başladı. Nəticədə qlobal maliyyə şəbəkələri yüz milyardlarla dollar pul qazandılar. İndi həmin prosesi Myanma üzərindən həyata keçirmək istəyirlər. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Myanmaın baş naziri ilə telefon danışığı zamanı bildirdi ki, bu prosesi uzatmaq olmaz və dərhal dayandırmaq lazımdır. Bura digər müsəlman ölkələrinin də etirazını qoşsalar bu, qlobal yanğına çevrilə bilər. Türkiyə bu oyunu ifşa etmək, onun qarşısını almaq istəyir. Ancaq buna nə qədər nail olunacağı Türkiyənin fəaliyyətindən, beynəlxalq təşkilatların münasibətindən və dünya dövlətlərinin Türkiyəni dəstəkləməsindən asılı olacaq.

Türkiyə çalışır ki, bu problemi beynəlmiləlləşdirsin. Baxmayaraq ki, Maimmar dövləti və ordusu Çinin təsiri altındadır. Çin də münaqişənin baş verməsində maraqlıdır. Ona görə ki, Çin Myanmadakı enerji layihələrinə 20 milyard dollar investisiya qoyub və oranın Qərb maliyyə şəbəkələrinin nüfuzuna keçməsini istəmir. Yoxsa, orada müsəlmanların qətliamı kimi dini zəmində münaqişə mövcud deyil. Bu qətliamın qarşısını müsəlman dünyasında Türkiyədən başqa ala biləcək ikinci bir dövlət yoxdur”. 

Siyasi ekspert onu da bildrdi ki, Türkiyənin Arakandakı müsəlmanların durumu ilə bağlı məsələyə müdaxiləsi rəsmi Ankaranın diqqətini İraqda qarşıdan gələn referendumdan ayıra bilməz. Çünki kürd muxtariyyəti səsvermə keçirsə belə, Türkiyə, İran və Suriyanın razılığı olımadan bölgədə müstəqil kürd dövləti yaradıla bilməz.

Müşfiq Abdulla

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений