Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Qərbdən Kremlə “Sarkisyan dərsi”



Ermənistanda eks-prezident Serj Sarksiyanın baş nazir seçilməsinə qarşı keçirilən “Mənim addımım” adlı etiraz aksiyaları səngimək bilmir.Polislə baş vermiş qarşıdurma zamanı 100 nəfərdən artıq nümayişçi saxlanılıb.Onların 30 nəfəri barəsində cinayət işi açılıb, 84 nəfəri isə cərimə edilməklə sərbəst buraxılıb.

Buna baxmayaraq, İrəvanın mərkəzi küçə və meydanları etirazçılar tərəfindən bağlanılıb.Ermənistan baş nazirinin iqamətgahının yerləşdiyi Baqramyan prospekti, şəhərin mərkəzindəki “Azadlıq” və “Fransa” meydanları müxalifət tərəfdarlarının nəzarətinə keçib.Yürüşün qarşısını almaq üçün əraziyə əlavə polis qüvvələri cəlb edilib.İrəvandan başqa, Gümrü, Qafan, İcevan və digər şəhərlərdə “Serj rədd ol!” şüarları ilə mitinq və yürüşlər keçirilir.“Yelk” (Çıxış) fraksiyasının deputatı Nikol Paşinyan vətəndaşlara müraciət edərək onları küçələrə çıxaraq “Serjdən imtina etmək üçün öz addımını atmağa” çağırıb.Ölkədə rəngli inqilabın başlandığını elan edən N.Paşinyan bütün hakimiyyət binalarının zəbt edilməsinə başlanıldığını bildirib.Polis Prezident iqamətgahı, parlamentin və Konstitusiya Məhkəməsinin binasının ətrafını etirazçılardan təmizləyə bilib.Nikol Paşinyan aksiya iştirakçılarına müraciət edərək gərginliyin yaranmasına yol verməməyi tövsiyə edib.

Bu arada Ermənistanda davam edən etiraz aksiyalarına xaricdəki erməni diasporasının nümayəndələri də qoşulub.Fransanın Marsel şəhərindəki erməni icmasının nümayəndələri Ermənistanın konsulluğuna yürüş edib.Nümayişçilər konsulluğun binasına daxil olaraq, Serj Sarkisyanın divardakı portretini çıxararaq yerə atıblar.Bununla kifayətlənməyən ermənilər Serj Sarkisyanın şəklini tapdalayaraq yandırıblar.

Ermənistanda yaranmış siyasi gərginliyə Rusiya və ABŞ da münasibət bildirib.Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov proseslərin qanunvericiliyin tələblərinə uyğun həllinin tərəfdarı olduğunu deyib.ABŞ Dövlət Departamenti isə Ermənistan rəhbərliyini təmkinli olmağa çağıraraq, polisin aksiya iştirakçılarına qarşı zorakılıq tətbiq etməsindən narahatlığını bildirib.

Qeyd edək ki, Ermənistandakı aksiyaların belə kütləvi xarakter alacağı demək olar ki, gözlənilməz hesab edilir.Çünki N.Paşinyan yüksək siyasi nüfuza malik siyasətçi olmadığından Serj Sarkisyan hakimiyyəti ilkin mərhələdə proseslərə ciddi yanaşma nümayiş etdirmədi.Lakin sonradan baş verən olaylar Ermənistanda spontan siyasi partlayış kimi də dəyərləndirilə bilər. Serj Sarkisyanın baş nazir seçilməsindən dərhal sonra nümayişlərin də səngiyəcəyini proqnozlaşdıranlar da az deyildi. Ancaq hələlik yeni baş nazirin hökumət başında qalıb fəaliyyətini davam etdirməsi üçün ciddi problem yaranıb.Hələlik mövqeləri xeyli kövrək olan Serj Sarkisyanın aksiyaları yatırmaq və ölkədə sabitliyi bərpa etmək üçün hansı manevr imkanlarını işə salacağı məlum deyil.Real vəziyyət isə yeni baş nazirin xeyrinə işləmir.Bütün siyasi təhlillər isə baş verənlərin arxasında başqa siyasi qüvvənin dayanması ehtimalına söykənir.Siyasi müşahidəçilərin qənaətincə, Serj Sarkisyana qarşı “məxməri inqilab”ın təşkilində Ermənistanın sabiq baş naziri Karen Karapetyanın maraqlı olması ehtimalı daha yüksək görünür.Karapetyanın bu addımı Sarkisyana güc nümayişi kimi şərh olunur.Belə ki, Karen Karapetyan Serj Sarkisyanın baş nazir olduğu hökumətin “boz kardinalı” olmaq uğrunda mübarizə aparır.Yəni Serj Sarkisyanın ona baş nazirin birinci müavini vəzifəsini vəd etdiyi bildirilir. Lakin K.Karapetyan bu təkliflə bir şərtlə razılaşır-Serj Sarkisyan baş nazir kimi yalnız xarici siyasət məsələləri, Dağlıq Qarabağ problemi ilə bağlı danışıqlar, müdafiə nazirini və Dövlət Təhlükəsizlik Xidmətinin rəisini təyin etsin. Yəni məhdud səlahiyyətlərlə kifayətlənsin.Hökumətin qalan üzvlərin təyinatı, daxili siyasətə və iqtisadiyyata nəzarət isə baş nazirin birinci müavini kimi K.Karapetyanın səlahiyyətlərinə verilsin.Baş verən hadisələr isə səlahiyyət bölgüsü məsələsində S.Sarkisyanla K.Karapetyanın hələ tam razılığa gələ bilmədiyini göstərir.Ona görə də Karapetyanın siyasi reytinqi S.Sarkisyandan üstün olduğundan Ermənistanda baş qaldıran etiraz aksiyaları dinc inqilabla nəticələnərsə, birincinin hökumət rəhbəri postuna gəlməsi qaçılmaz görünür.

Politoloqlar isə Ermənistanda yaranmış gərginliyin Dağlıq Qarabağ probleminə mənfi təsir göstərəcəyini bildirir.Tanınmış rusiyalı politoloq Aleksandr Perencyevin sözlərinə görə, Ermənistanda daxili siyasi vəziyyətin gərginləşməsi Dağlıq Qarabağda gərginliyi artıır.“Azərbaycan öz torpaqlarını geri qaytarmaq üçün həmişə qarşı tərəfin zəifliyindən istifadə edəcək”-Perencyev belə deyib.

NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov isə hesab edir ki, Ermənistanda baş verən proseslərdə Rusiya ilə  Qərbin qarşıdurması açıq hiss olunur. Hətta ekspert yaranmış situasiyanın Azərbaycanın maraqlarına uyğun olmadığını deyir. Fərrux Məmmədovun fikrincə, Rusiya Ermənistan-Azərbaycan münaqişəsini yenidən alovlandıra bilər:

“Rusiya üçün ən vacib olan özünə yaxın olan şəxsin daima Ermənistanda hakimiyyət başında olmasıdır. Lakin proseslər onu göstərdi ki, aclıq və səfalət içərisində, ağır iqtisadi böhran şəraitində yaşayan Ermənistanda Rusiyanın bütün maraqları inkişaf etmir.Çünki orada Qərbin də maraqları var. Ermənistan parlamentində Fransanın dəstəyi, lobbiçiliyi ilə əyləşən deputatları var. Eləcə də Ermənistanda Qərbin dəstəyi ilə fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları var. Amma burada diqqəti cəlb edən məqam kifayət qədər aktiv olmayan bir qüvvənin Sarkisyanı devirmək istəməsi diqqəti cəlb edir. Yəni burada iki mesaj var. Birincisi, Qərb çox loyal bir münasibətlə Sarkisyanı devirmək gücünə sahibdir.İkincisi, Qərb bu addımları atarkən Rusiya da bu məsələləri Qarabağ münaqişəsi ilə bağlaya bilər.”Əslində, Ermənistanda baş verən bütün siyasi, iqtisadi, hərbi proseslərin Dağlıq Qarabağ məsələsi ilə birbaşa əlaqəsi var. Bu da ölkəmizin milli təhlükəsizliyinə təhdid yaradır.

Çünki Rusiya hər an Dağlıq Qarabağ münaqişəsini ölkənin milli təhlükəsizliyi üçün təhdid səviyyəsinə gətirib çıxara bilər.

Hazırda savaş Rusiya ilə Qərb arasında gedir.Görünür ki, Qərb bütün cinahlardan Rusiyaya hücum edir.ABŞ bütün planlarını hələ tam açmayıb. Ermənistanda baş verən proseslər “İkinci Reyqan Planı”nın tərkib hissi də ola bilər. Yəni ABŞ və Avropa artıq Ermənistanda da demokratik dəyişikliklər istəyir.Amma Rusiya öz istədiyi şəxsin hakimiyyətdə qalmasının tərəfdarıdır.Məncə, hazırda Ermənistanda gedən proseslər sadəcə, Rusiyaya sərf edir.Çünki bu məsələ Dağlıq Qarabağda gedən prosesləri sürətləndirməklə Azərbaycanın milli təhlükəsizliyi üçün təhdid yarada bilər.Aprelin 17-də Sarkisyan baş nazir seçilərkən Dağlıq Qarabağ məsələsinə və aprel döyüşləri məsələsinə toxunması bir mesaj idi.Bunu Azərbaycanın aprel hadisələri kimi hərbi əməliyyatlarla qarşılaşa biləcəyimizə dair xəbərdarlıq saymaq olar.Ermənistanda gedən proseslər hələlik Rusiyanın nəzarətindədir və ona sərf edən şəkildə cərəyan edir.Məsələ isə Azərbaycanın ərazi bütövlüyü ilə bağlıdır.Qərbin formalaşdırdığı həmin siyasi vəziyyətdən isə Rusiya maksimum şəkildə istifadə edəcək.Putin iqtidarına beynəlxalq təzyiqlər artır və Rusiya çox ağır siyasi duruma daxil olub.Ağ Evin verdiyi rəsmi açıqlamaya görə, Rusiyaya qarşı yeni sanksiyalar hazırlanır.Rusiyanın digər ölkələrə silah və digər hərbi məhsulların satışına qadağa qoyulur.Rusiya cəbhənin getdikcə daraldığını görərək, post-sovet məkanındakı təsir dairəsinə daxil olan Ermənistan, Azərbaycan, Mərkəzi Asiya ölkələrinə təzyiqləri artıracaq.Təəssüflər olsun ki, Qərbin Ermənistanla bağlı oynadığı oyun da Azərbaycanın milli təhlükəsizliyi üçün təhdid yaradır.Qərb bunu yaxşı bilir.Əgər Rusiya aqressivlik nümayiş etdirsə, Azərbaycan hakimiyyətinə Qərbin dəstəyi artacaq.Bu gün Serj Sarkisyanın hakimiyyətdən getməsi və ya qalması Azərbaycan üçün problem yaratmır.Məsələ burasındadır ki, həmin situasiyada Azərbaycanın ərazi bütövlüyünə təhdid yaradan məqamlar var. Ermənistanda yaranan xaotik durumu görən Rusiya Qarabağda yeni bir savaş başlatmaqla erməni ictimaiyyətini susdurmağa və bir növ hücumun Azərbaycan tərəfindən edildiyi haqda rəy yaratmağa çalışa bilər”.

Fərrux Məmmədovun sözlərinə görə, Rusiyanın Ermənistandakı vəziyyətə hərbi müdaxilə edəcəyi istisna edilmir.Dmitri Peskovun da açıqlaması Rusiyanın Ermənistan hökumətinin yanında olduğunu təsdiq edir.Bu da onu göstərir ki, əgər Ermənistanda vəziyyət nəzarətdən çıxarsa, o zaman Rusiya Gümrüdə və digər ərazilərdə olan qoşunlarını aksiyaların yatırılmasına cəlb edə bilər. Bu halda Rusiya Ermənistana əlavə hərbi qüvvələr də cəlb edəcək: “Əgər vətəndaş qarşıdurması dərinləşsə və proseslər Kremlin əleyhinəı işləsə, o zaman Rusiya qoşunu İrəvanın mərkəzinə qədər gəlib çıxacaq”.

Politoloq qeyd etdi ki, Serj Sarkisyan son ana qədər qədər baş nazir postunda qalmağa çalışacaq.Ancaq Ermənistanda etiraz aksiyaları davamlı və kütləvi hal alarsa, Sarkisyan istefa verməyə məcbur olacaq.

Fərrux Məmmədov onu da vurğuladı ki, indiki şəraitdə Azərbaycan Ermənistanda baş verən proseslərə münasibətdə siyasi təmkin nümayiş etdirməli, təxribatlardan özünü qorumağa çalışmalıdır.Çünki bu məsələdə rəsmi Bakının verdiyi hər bir açıqlama Rusiyaya savaş açmaq imkanı yarada bilər.

Müşfiq Abdulla

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений