Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Qaz Azərbaycana nə vaxt qazandıracaq?



Cari ilin yanvar-may aylarında Azərbaycandan 11 milyon 779 min 776 ton xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları ixrac edilib. Beş ayda ixrac edilən neft və neft məhsullarının dəyəri isə 5 milyard 921 milyon 818 min ABŞ dolları olub. Bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Xatırladaq ki, ötən ilin yanvar-may aylarında Azərbaycandan 8 milyon 72 min 518 ton xam neft ixrac olunub, ixrac edilən neftin dəyəri 3 milyard 230 milyon 141 min dollar təşkil edib.

TƏBİİ QAZ İXRACI AZALIB

Bu ilin yanvar-may aylarında Azərbaycandan 2 milyard 742 milyon 787 min kubmetr təbii qaz ixrac olunub. 5 ayda ixrac olunan təbii qazın dəyəri 498 milyon 842 min ABŞ dolları təşkil edib. Qeyd edək ki, keçən ilin müvafiq dövründə isə ölkədən 3 milyard 97 milyon 742 min kubmetr təbii qaz ixrac edilib, həmin ixracın dəyəri 515 milyon 144 min dollar olub. Cari ilin yanvar-may aylarında Azərbaycandan 517 min 915 ton (2710 mal kodu üzrə) neft məhsulları ixrac edilib. İlin ilk beş ayında ixrac edilən neft məhsullarının dəyəri isə 267 milyon 629 min ABŞ dolları olub.

Xatırladaq ki, ötən ilin müvafiq dövründə isə Azərbaycandan 345 min 173 ton neft məhsulları ixrac olunub, ixracın dəyəri 133 milyon 587 min dollar təşkil edib.

Cari ilin yanvar-may aylarında xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının ixracı Azərbaycanın ümumi ixracının 80,34 faizini, təbii qaz 6,77 faizini, neft məhsulları isə (2710 mal kodu üzrə) 3,63 faizini təşkil edib. Qeyd edək ki, keçən ilin müvafiq dövründə isə neft ixracı ölkənin ümumi ixracının 72,59 faizini, təbii qaz 11,58 faizini, neft məhsulları 3 faizini təşkil etmişdi. Bəzi ekspertlər hesab edir ki, Dövlət Gömrük Komitəsinin açıqladığı rəqəmlər çox böyükdür. Azərbaycanda neftin hasilatı 5 ayda ötən ilin eyni dövrü ilə müqayisədə 3,7 milyon ton arta bilməz, bu, reallıqdan uzaq görünür. Analitiklərin proqnozuna görə, son illərdə ABŞ-da gedən proseslər neftin qiymətinə mənfi təsir göstərə və qiymətlərin daha da aşağı düşməsinə səbəb ola bilər.

Həmçinin ötən illə müqayisədə Azərbaycanda ixrac olunan təbii qazın azalması ilə yanaşı gəlirləri də azalıb. Ekspertlərin fikrincə, ixracın azalmasının səbəblərindən biri də qlobal tələbin aşağı düşməsidir. İxrac yalnız mal satan tərəfin səyi ilə əlaqədar bir iş deyil. Qlobal durğunluq ilə əlaqədar olaraq dünya ölkələrində mallara tələbat aşağı düşüb. Neft ixrac edən ölkələrin gəlirləri azaldığından əhali xərclərini də azaldıb. 

İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, qaz ixracatı ötən dövrə nisbətən azalıb, amma ümumilikdə, nisbətən artıb: “Qaz ixracatında ötən ilin müvafiq dövrünə nisbətən 11 faizə yaxın azalma müşahidə olunub. Bunun səbəbi Azərbaycanda qaz hasilatının kəskin aşağı düşməsidir. Çünki “Şahdəniz-2” qaz-kondensat yataqları tam gücü ilə işə düşməyib və Azərbaycanın öhdəlikləri artıb. Rəsmi Bakı həm Gürcüstan, həm də Türkiyə qarşısında qaz tədarükü ilə bağlı yeni öhdəliklər götürüb. Yerli hasilatın tam oturuşmaması, üstəgəl, hasilat azaldığından ixracatda da azalma müşahidə olunur. Həmçinin qaz ixracatının pik dövrü hesab olunan qış mövsümü arxada qaldı. Yanvar-fevral ayında həm Gürcüstan, həm də Türkiyə Azərbaycandan əlavə qaz həcmləri almaq istəyirdi. Əsasən mart-aprel aylarında mavi yanacağı ixrac etdiyimiz qonşu ölkələrdə qaza tələbat da azaldı. Mövsümi amillər və tələbatın azalması mavi yanacağın hasilatının aşağı düşməsinə səbəb olub”.

İqtisadçı onu da qeyd edib ki, Azərbaycanda neft hasilatında müəyyən artım müşahidə olunur: “Ötən ilin sentyabrın 16-da BP ilə müqavilə uzadıldıqdan sonra neft hasilatında müəyyən dərəcədə sabitləşmə və artım baş verdi. Həmçinin yerli dizel yanacağının emalı azalıb. Yerli emal azaldıqca xam neftin ixracatında müəyyən artım müşahidə olunur. Yəni, məhsulu Azərbaycan zavodlarında emal etməkdənsə, xam neft kimi satmaq daha sərfəlidir. Çünki neftin qiymətində əsasən mart ayından başlayaraq kəskin artım müşahidə olunmaqdadır. Azərbaycan neftinin qiyməti 75 dollardan yuxarıdır. Buna görə də nə hasil olunurdusa, həmən ixracata yönəldilirdi. Həm neftin hasilatının artması, həm yerli emalın azalması və xaricə daha çox satılması, “qara qızıl”ın ixracatında artım tempinin kəskin yüksəlməsinə səbəb oldu”.

Yeganə Oqtayqızı

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений