Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Qarabağla bağlı qətnamələrdə Rusiya izi - Sabiq nazirdən SENSASSİON MÜSAHİBƏ



Tofiq Zülfüqarov: “Rusiya bildirib ki, bu, Azərbaycanın daxili separat problemidir”

Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı açıqlama verib. Ter-Petrosyan iLur.am xəbər saytında dərc etdirdiyi “Paşinyanı tənqid edən Viqen Sarkisyanın özü hər şeydən bixəbərdir” -başlıqlı məqalədə Dağlıq Qarabağ probleminin nizamlanması prosesinin bir sıra detallarına toxunub. O, bildirib ki, münaqişəsinin həllinə dair BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul olunmuş dörd qətnaməsində Dağlıq Qarabağın ətrafındakı rayonların Ermənistan tərəfindən işğal olunduğu göstərilməyib: “Dağlıq Qarabağın ətrafındakı rayonların Ermənistan ordusu tərəfindən deyil, yerli müdafiə qüvvələri tərəfindən nəzarətə götürüldüyü göstərilib və erməni diplomatiyasının parlaq fəaliyyəti sayəsində Azərbaycanın istəyinin qarşısı alınıb”. 

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası 1993-cü ilin aprel, iyul, oktyabr və noyabr aylarında Dağlıq Qarabağın ətrafındakı altı rayonun işğalı ilə əlaqədar 822, 853, 874 və 884 saylı qətnamə qəbul edib. Azərbaycan indiyə qədər həmin qətnamələri əsas götürərək Ermənistandan işğal etdiyi ərazilərdən qoşunlarını çıxartmağı tələb etsə də rəsmi İrəvan buna əməl etmir. Ancaq həmin qətnamələrin mətninə diqqət yetirdikdə Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasına dair konkret ifadə göstərilmir. 822, 853 və 874 saylı beynəlxalq sənədlərdə “Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında münasibətlərin pisləşməsi” ifadəsi işlədilir, işğalçı konkret adı ilə göstərilmir. BMT TŞ-nın ikili standartları nəticəsində hətta 822 saylı qətnamədə Kəlbəcərin “yerli müdafiə qüvvələri” tərəfindən işğal edildiyi qeyd edilir. Ona görə də ermənilər bu termindən istifadə edərək yerli özünü müdafiə qüvvələri kimi Dağlıq Qarabağ separatçılarının guya BMT tərəfindən münaqişə tərəfi kimi tanındığına dair təbliğat aparır. Üstəlik, qətnamələrdə ərazilərin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyi göstərilməməsi rəsmi İrəvana öz qoşunlarını Azərbaycan ərazisindən çıxartmaq üçün arqument yaradır, beynəlxalq təzyiqlərdən yayındırır. 

Sözügedən məsələlərə daha ətraflı aydınlıq gətirmək üçün suallarımızı Azərbaycanın sabiq xarici işlər naziri, Dağlıq Qarabağ probleminin nizamlanması prosesi ilə bağlı danışıqlarda iştirak etmiş Tofiq Zülfüqarov cavablandırdı: 

-BMT-nin qətnamələrində “Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş” sözləri yoxdur. Orada göstərilir ki, Ermənistan Dağlıq Qarabağ ermənilərinə həlledici təsir nüfuzuna malik olduğuna görə, təsir göstərməlidir. Ermənistanın adı belə çəkilir.

-Bəlkə, qətnamələrdə işğalçı tərəf kimi Ermənistanın adı çəkilmədiyinə görə qoşunlarını Azərbaycan ərazilərində çıxartmır?

- Ümumiyyətlə, BMT Təhlükəsizlik Şurasının qərarları və qətnamələri, icmalları mütləq icra olunmalıdır. Problem bunda deyil. Qətnamələrlə bağlı əsas problem onun icra mexanizminin göstərilməməsində və BMT-nin öz səlahiyyətlərini vasitəçilik etmək üçün regional saziş adlandırılan bir təşkilata-ATƏT-ə həvalə etməsidir. Digər müxtəlif qətnamələrdə başqa mexanizmlər göstərilir. Problem ondan ibarətdir ki, post-sovet məkanına aid münaqişələrə dair qətnamələrin icra mexanizmi yoxdur. Məsələn, Gürcüstanın Abxaziya probleminə dair 20-dən artıq qətnamə qəbul olunub. Bu baxımdan, onların da problemi həll olunmamış qalır. İcra mexanizmi olmadığı halda vasitəçiliyin bir növü istifadə olunur. Yəni danışıqların təşkil olunması. Sülhə də məcbur olunmaq üsulu tətbiq olunmur. Təcavüzkara cavab vermək üsulu göstərilmir. Sadəcə olaraq, danışıqları təşkil etmək səlahiyyəti BMT-dən ATƏT-ə verilir. Hər ilin axırında BMT-nin digər təşkilatlarla əlaqəsini nizamlayan bir qətnamə qəbul olunub. Hər il BMT ATƏT-in Mİnsk Qrupunun fəaliyyətini tənzimləyən qətnaməyə təkrarən dəstək verir. 

- BMT-nin qətnamələrində Ermənistan işğalçı tərəf kimi kimi tərəf kimi tanınıb, yoxsa Ter-Petrosyanın dediyi kimi Dağlıq Qarabağ separatçıları ayrıca münaqişə tərəfi kimi qəbul olunub? 

-Gəlin 1998-ci ilə qayıdaq. 1998-ci ildə Koçaryanın hakimiyyətə gəlişindən sonra danışıqlar birbaşa Ermənistanla Azərbaycan arasında aparılırdı. İndi münaqişənin mahiyyətini nəzərə alaraq Ermənistan-Azərbaycan münaqişəsi adlandırılır. Dağlıq Qarabağda yaşayan ermənilərin problemi bu böyük konfliktin bir hissəsidir. Çünki onun çərçivəsində digər problemlər də mövcuddur. Bura işğal edilmiş və təmizləməyə məruz qalmış ərazilərdən didərgin düşmüş azərbaycanlı məcburi köçkünlərin problemləri daxildir. 

- Qətnamələrdə “Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş” ifadəsinin işlədilməməsi BMT Təhlükəsilik Şurasının ikili standarta yol verməsinin nəticəsidir? 

-Həmin qətnamələrdən sonra “Səsvermədən sonra motivasiyaya aid mövqelər” adlı xüsusi sənəd mövcuddur. Yəni BMT Təhlükəsizlik Şurasının üzvləri, xüsusilə də daimi üzvləri səsvermədən sonra özlərinin nə üçün səs verdikləri barədə xüsusi açıqlama verir. Orada göstərilir ki, Rusiyanın mövqeyi ondan ibarətdir ki, bu, Ermənistanın Azərbaycana qarşı təcavüzü deyil. Azərbaycanın daxili separat problemidir. Qətnamələr ola bilsin ki, həmin müddətə qədər mövcud şəraiti əks etdirirdi. Amma Laçının işğalından və Ermənistanın Azərbaycana məxsus əraziləri işğal etməsindən sonra bu separatçılıq deyil, eridentizm hərəkatıdır. Eridentizmin separatçılıqdan fərqi onun bir ölkənin ərazisinin bir hissəsini başqa ölkəyə briləşdirmək siyasətindən ibarət olmasıdır. Belə hallar əvvəllər vaxtilə Avstriyada Hanşyusda, Yunanıstanın Kiprin bir hissəsini özünə birləşdirməsi ilə baş verib. 

- Levon Ter-Petrosyan bildirir ki, ATƏT-in 1994-cü ilin dekabr ayında Budapeşt sammitinin yekun sənədində və ATƏT-in İdarə Heyətinin sədrinin 1995-ci il martın 31-də Praqada verdiyi şərhdə Dağlıq Qarabağ münaqişə tərəfi kimi tanınıb. Onun bu iddiası həqiqətə nə qədər uyğundur? 

-Mən həmin sənədlərlə məşğul olmuşam. Orada Dağlıq Qarabağ münaqişə tərəfi kimi göstərilmir. Sənəddə “Dağlıq Qarabağın nümayəndəsi” ifadəsi işlədilir. Amma onun erməni, yoxsa azərbaycanlı nümayəndə olduğu deyilmir. Çünki ATƏT-in 24 mart tarixli mandatında göstərilir ki, Dağlıq Qarabağı hər iki icmanın-azərbaycanlı və erməni icmasının nümayəndələri təmsil edir. Lakin Levon Ter-Petrosyan Lissabonda qəbul olunmuş sənədi də yaddan çıxartmasın. Orada birmənalı şəkildə qeyd edilir ki, Dağlıq Qarabağ erməniləri öz müqəddaratını təyinetmə hüququnu Azərbaycanın ərazi bütövlüyü çərçivəsində müəyyən edə bilərlər. Bu daha əsaslı və əhəmiyyətli bir sənəddir. 
İkincisi, bu müzakirələrin ortaya çıxması təsadüfi deyil. Məlumdur ki, 20 il bundan əvvəl hərbi çevriliş nəticəsində Robert Koçaryan Levon Ter-Petrosyanı devirərək prezident oldu. Eyni zamanda, Qarabağ klanı hakimiyyətə gəldi. İndi onlar müxtəlif sahələrdə bir-birilə münaqişəyə giriblər. Baş nazir Paşinyan başqa klanı təmsil edir və o, Qarabağ klanını hakimiyyətdən uzaqlaşdırıb. Bu müzakirələrin də Dağlıq Qarabağ məsələsinə bir o qədər aidiyyatı yoxdur. Ter-Petrosyanın əsas məqsədi özünün siyasi rəqibini ittiham etməkdir. Hesab edirəm bu cür müzakirələrə və ittihamlara qiymət verəndə onun səbəblərinə diqqət yetirməliyik. 

-Hazırda Ermənistanda növbədənkənar seçkiyə hazırlıq gedir və Levon Ter-Petrosyan da parlamentdə yer almaq üçün mübarizəyə hazırlaşır…

-Bəli. Əsas məsələ ondan ibarətdir ki, Paşinyan hakimiyyəti ələ alıb. Amma Ermənistanda parlamentli respublika üsul-idarəsidir. Parlamentdə çoxluq isə Qarabağ klanının əlindədir. Siyasi qarşıdurmanın artması da bununla bağlıdır. 

-Tofiq müəllim, bir qədər uzağa gedən proqnoz vermənizi istərdik. Necə hesab edisiniz, əgər Qarabağ klanı seçkilərdən sonra hakimiyyətdən tam uzaqlaşarsa və Levon Ter-Petrosyanın başçılıq etdiyi qüvvələr parlamentə seçilərsə, Dağlıq Qarabağ probleminin 1998-ci ildə razılaşdırılmış mərhələli həll planı yenidən gündəmə gələ bilərmi? 

-Xeyr. Problem ondan ibarətdir ki, Ermənistan demək olar ki, Qarabağ və ermənistanlılardan ibarət iki klanın təsir dairəsinə bölünüb. Dağlıq Qarabağı özlərinə birləşdirmək siyasəti baş tutmadı. Bu siyasət sınaqdan keçmədi. Ötən illərin təcrübəsi göstədi ki, onlar özlərini eyni millət hesab etmirlər. Onların çoxsaylı siyasi, sosial, iqtisadi problemləri mövcuddur. Bu baxımdan, hesab edirəm ki, bu problem getdikcə dərinləşəcək. Hazırda ciddi mübahisələrə səbəb olan siyasi qarşıdurma daha da artacaq. 

Müşfiq Abdulla

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений