Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Qarabağda Rusiyanın addım səsləri: Seçkiyə daha bir addım



Fərrux Məmmədov: “Kreml seçkiqabağı Azərbaycana mesaj verir”
Rəşad  Süleymanov: “Heç bir dövlət Azərbaycanla münasibətləri korlamaz”

“Rusiya 2018-ci ildə Azərbaycanın işğal  olunmuş ərazilərində  Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının  hərbi  təlimlərini keçirməyi planlaşdırır”. 

Bu açıqlamanı Cebhe.info-ya NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov verib: 

“Əldə etdiyimiz informasiyaya görə, Rusiya 2018-ci ildə Azərbaycanın işğal olunmuş ərazilərində, o cümlədən Dağlıq Qrabağda hərbi  təlimlər təşkil etmək istəyir.  Lakin həmin təşkilatda təmsil olunan Belarus və Qazaxıstanın Azərbaycanla çox isti münasibətləri var.  Həmin ölkələrin rəhbərliyi  Azərbaycanın ərazi bütövlüyü ilə bağlı öz mövqelərini birmənalı şəkildə açıq bəyan ediblər. Bu baxımdan, mən düşünürəm ki, Putin belə bir addım atmaqla siyasi böhrana səbəb ola biləcək mühit formalaşdırmaq istəyir.  Məqsəd də yəqin ki, 2018-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlıdır. Bu çox önəmli məsələdir. Güman edirəm ki, belə bir informasiya rəsmi şəkildə yayılandan sonra digər üzv dövlətlərə, o cümlədən Belarusa və Qazaxıstana müraciət edəcək. Çünki işğal altında olan ərazilərdə hər hansı bir hərbi təlimin keçirilməsi Azərbaycanın milli təhlükəsizliyi üçün  təhdiddir”. 

Dağlıq Qarabağın və işğal olunmuş ətraf ərazilərin beynəlxalq hüquqda Azərbaycan ərazisi   kimi tanındığını nəzərə alsaq,  KTMT-nin işğal  altındakı torpaqlarda hərbi təlimlər keçirməsi böyük skandala səbəb ola bilər. Ona görə də F.Məmmədov hesab edir ki, belə bir hadisə baş verərsə, Rusiya prezidenti Vladimir Putin bu prosesi ört-basdır etməyə çalışacaq:

“Əslində siyasi xətt  mövcud olduğuna görə Rusiya rəhbərliyi deyə bilər ki, təlimlər Ermənistanda keçirilir. Ancaq məndə olan məlumata görə, təlimlərin bir hissəsi Dağlıq Qarabağa düşür.  Rusiya düşünür ki, Azərbaycan bununla bağlı hüç bir önəmli addım atmayacaq. Digər tərəfdən, Moskva  mesaj vermək istəyir ki, Rusiya və Kollektiv Təhlükəsilk Müqaviləsi Təşkilatı gələcəkdə sülhməramlı kontingentin yerləşdirilməsində iştirak edə bilər.  Kreml  həmçinin, Dağlıq Qarabağ probleminin yeganə həlli yolunun  Rusiyanın əlində olduğunu nümayiş etdirməyə çalışır. Lakin hərbi təlimlərin  məhz 2018-ci ilə təsadüf etməsi Azərbaycandakı seçkilərlə bağlıdır.  Hazırda bu təlimlərin layihəsi üzərində işlənilir. Rusiya düşünür ki, Azərbaycan seçkilər ərəfəsində bu  məsələni çox da siyasiləşdirə bilməyəcək.  Əslində, Rusiya bu situasiyadan məharətlə istifadə etməyə çalışır”. 

Lakin ekspert Belarus və Qazaxıstanın  sözügedən təlimlərdə iştirak edəcəyini  inandırıcı hesab etmir. 

Fərrux Məmmədov bildirib ki, Belarus və Qazaxıstan hərbçilərinin iştirakı olmadan da  Rusiya bu təlimləri  təşkil edə bilər. 

Məsələyə münasibət bildirən “Azeridifence” jurnalının baş redaktoru Rəşad Süleymanov “Cümhuriyət”ə açıqlamasında deyib ki, Ermənistan istisna olmaqla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan digər ölkələr Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq hüququn prinsipləri çərçivəsində tanıyıb.Belə olan halda, hərbçi-ekspert hesab edir ki, Ermənistan tərəfindən  Azərbaycan ərazilərində KTMT-nin təlimlərini keçirmək təxribatı baş tutmayacaq: 

“Azərbaycanın  Rusiya ilə həm siyasi, həm də hərbi əlaqələri mövcuddur. Azərbaycan  Belarus, Qazaxıstan, Qırğızıstan və Tacukistanla da  sıx dostluq əlaqələrinə  malikdir.  Xatırladım ki, 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycan prezidentinə ilk  olaraq Belarus prezidenti Aleksandr Lukaşenko,  daha sonra isə  Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayev zəng etmişdi.  Onların bu mövqeyi Ermənistanda etirazla qarşılanmış və hətta İrəvanda Nazarbayevin adını daşıyan küçənin adını dəyişmişdilər.  Son dövrlər isə Ermənistan ara qarışdırmaq siyasətindən istifadə  edərək  Azərbaycanı həmin  dövlətlərlə üz-üzə qoymaq istəyirlər.  KTMT-nin üzvü olan dövlətlərin indiyə qədər  Ermənistan ərazisində  hərbi təlimləri keçirilib. Ancaq heç bir dövlət Ermənistanın təxribatına uyub Azərbaycan ərazisində təlimlərdə iştirak etmək istəməz.  Yəni, heç bir dövlət Azərbaycanla münasibətlərini Ermənistana görə korlamağa razı olmaz”. 

Müşfiq Abdulla 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений