Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Qarabağ: Müharibədən başqa yol qalmadı



Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra Ermənistanın dövlət başçısı Serj Sarkisyan ölkəsinin İsveçrədəki səfirliyində yerli erməni icmasının nümayəndələri ilə görüşüb.

“Cümhuriyət” qəzeti Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, Sarkisyan tədbirdə İlham Əliyevlə görüşü barədə icma üzvlərinə məlumat verib: “Azərbaycan prezidenti ilə görüşümüz başa çatdı. Hansısa konkret razılaşma yoxdur. Biz razılaşmışıq ki, ön xətdə qurbanlardan qaçmaq üçün gərginliyin böyük ölçüdə azaldılması üçün tədbirlər görək. Azərbaycan prezidenti və mən bu işdə çox maraqlıyıq”.

Qarabağda sakitlik istədiyini söyləyən Sarkisyan yenə də separatçı fikirlərindən əl çəkməyib. Sarkisyanın çıxışından anlaşılan əsas məsələ, onun heç vaxt Azərbaycanın ərazi bütövlüyünü tanımaq niyyətində olmamasıdır:

“Azərbaycan prezidenti də mənim kimi problemin çətinliyini anlayır, lakin problem elədir ki, onu asan həlli olmayacaq. Bir məsələdə istərdim ki, əmin olasınız. Bizim üçün Qarabağın təhlükəsizliyinə zərər vuracaq hər hansı qərar mövcud deyil. Bizim üçün yeganə həll variantı Dağlıq Qarabağın Azərbaycandan kənarda olmasıdır. Heç vaxt heç bir erməni lider başqa cür qərar qəbul edə bilməz. Biz bunun üçün hər şeyi edəcəyik, paralel olaraq Ermənistanı iqtisadi cəhətdən də inkişaf etdirəcəyik”. Sarkisyanın görüşdən sonra səsləndirdiyi fikirlərin ortaya çıxardığı nəticə budur ki, Ermənistan həm Cenevrə, həm də bundan əvvəlki görüşlərdə əldə olunmuş anlaşmaları tanımır. Halbuki o, görüşlərin heç birində Dağlıq Qarabağı müstəqil subyekt kimi görmək istəyi ilə bağlı fikir səsləndirmir. Görüşdə başqa, görüşdən sonra isə əldə edilmiş nəzəri anlaşmalara tamamilə əks olan fikirlər səsləndirən Serj Sarkisyan bununla o mesajı vermək istəyir ki, Azərbaycan tərəfi Dağlıq Qarabağın statusu ilə bağlı əvvəlcədən Ermənistanın tələbinə uyğun cavab verməsə, danışıqlar münaqişənin həlli üçün doğru seçim olmayacaq.

Rusiyanın ikili oyunları

Sarkisyanın açıqlamasınadək görüşə olan ümidlər böyük idi. Ən azından 5 rayonun Azərbaycana qaytarılması məsələsinin öz həllini tapacağı gözlənilirdi. Sarkisyan isə Cenevrədəki nəzəri anlaşmanın üzərindən sükutla keçərək, birbaşa Dağlıq Qarabağın statusundan danışması onu göstərir ki, işğalçı ətraf rayonları Azərbaycana Dağlıq Qarabağın özünə güzəşt edilməsi qarşılığında qaytarmaq niyyətindədir. Lakin buna qədər Rusiyanın rəsmi və qeyri-rəsmi dairələrindən tezliklə 5 rayonun Azərbaycana qaytarılacağı mesajı verilmişdi. Amma bu ehtimal özünü doğrultmadı. Görünən budur ki, indiyədək işğalçını hərtərəfli müdafiə edən, silahlandıran və Azərbaycan ərazilərinin işğal edilməsində əsas pay sahibi olan Rusiya üçün münaqişənin uzadılması maraqlara uyğundur. Son günlərdə ətraf rayonların qaytarılacağı ilə bağlı Rusiyadan səsləndirilən fikirlərin imtitasiya olduğu ortaya çıxır. 

Masadan qaçan işğalçıya qarşı Azərbaycanın seçimi nə olmalıdır?

“Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin sədri Mətanət Əsgərqızı “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, hazırkı situasiyada münaqişənin yeganə həlli yolu, müharibədən keçir. M.Əsgərqızının sözlərinə görə, 25 illik nəticəsiz danışıqlar və ATƏT-in Minsk qrupunun yarıtmaz fəaliyyəti göstərdi ki, işğalçı ilə zor dilində danışmaq lazımdır: “Bunun başqa alternativi yoxdur, işğalçı torpaqlardan çıxarılmalıdır. Bununla əlaqədar təcili şəkildə beynəlxalq təşkilatlara bir daha müraciət edilməli və buna paralel formada müharibə hazırlığına başlanılmalıdır. Bundan başqa yolumuz qalmadı, işğalçının dialoq masasından qaçması Azərbaycana alternativ seçim imkanı vermir. Ermənilər öz xoşları ilə danışıqlarla torpaqlarımızdan çıxmayacaqlar. Ölkədə də bununla bağlı təbliğat işini gücləndirməliyik. İnsanlar buna hazır olmalıdır. Düzdür, müharibə qan və itki deməkdir, amma bizim başqa yolumuz yoxdur. Torpaqlarımız 25 ildir işğaldadır, daha 25 il gözləyək? Buna görə də təcili şəkildə səfərbərlik elan edilməlidir”.

“Danışıqları Rusiya ilə aparmaq lazımdır”

Politoloq Məhəmməd Əsədullazadə “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, işğalçı rejimin başçısı Sarkisyanın görüşdən sonra səsləndirdiyi fikirlər Azərbaycana yeganə seçim imkanı verir-müharibə: “Sarkisyan bu görüşdə konkret həll variantları barədə razılığın əldə olunmamasını dedi. Başqa sözlə, Cenevrə danışıqları münaqişənin real həllinə töhfə verməyəcək. Ermənistan bir daha kompromisə hazır olmadığını ortaya qoydu. Bundan sonra Azərbaycanın işğalçı ilə hansı dildə danışacağı məlum olacaq. Əgər Ermənistana ciddi təzyiqlər edilməsə, proses olduğu kimi qalacaq.

İlk növbədə Azərbaycan cəbhə xəttində yenidən işğalçı orduya qarşı təzyiqləri davam etdirməli, düşmənin cəbhə bölgəsində güclənməsinə imkan verməmlidir. Hesab edirəm ki, Azərbaycan danışıqlarda maraqlıdırsa, bunu Ermənistanla yox, Rusiya ilə aparmalıdır. Çünki İrəvan Kremlin istəyindən kənar heç bir addım ata bilməz. Ümumiyyətlə, Qarabağ münaqişəsi mürəkkəb problem deyil. Sarkisyan bilərəkdən problemi mürəkkəb kimi təqdim edir. Rusiya ilə danışıqlar aparılmalı, nəticə əldə olunmasa, hərbi əməliyyatlara başlanılmalıdır”.

Mənsur Rəğbətoğlu

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений