Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Qarabağ danışıqlarında yeni fiqur: Güzəştə gedəcəkmi?



Bu gün Ermənistanda baş nazir seçkiləri keçirilir. Kütləvi aksiyalardan sonra parlamentdəki bütün fraksiyalar “məxməri inqilab”ın lideri Nikol Paşinyanın baş nazir seçilməsinə razılıq verdiyindən səsvermənin ikinci mərhələsində onun qalib gələcəyi əvvəldən məlum idi. Ona görə də bu gün Ermənistanın həm daxilində, həm də xaricində daha çox baş nazir N.Paşinyanın yürüdəcəyi siyasi kurs müzakirə predmetinə çevrilib. Nikol Paşinyanın Ermənistanın ənənəvi xarici siyasət kursunu davam etdirəcəyi, yoxsa Rusiyanın təsir dairəsindən uzaqlaşaraq Qərbyönümlü mövqe tutacağı ilə bağlı suallar gündəmə gəlib. Bu baxımdan, Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair yeni hökumət başçısının atacağı siyasi addımlar da diqqəti cəlb edir. 

Ermənistan konstitusiyasına görə, baş nazir ali icra hakimiyyətinin başçısı sayılır. Parlament üsul-idarəsinə keçdikdən sonra Dağlıq Qarabağ probleminin nizamlanması ilə bağlı danışıqları ən yüksək səviyyədə aparmaq səlahiyyəti də hökumət başçısına məxsusdur. Ona görə də növbədənkənar parlament seçkilərinin nəticələri məlum olana qədər Azərbaycan prezidenti ilə danışıqları baş nazir kimi N.Paşinyan aparacaq. Əgər payızda keçiriləcəyi gözlənilən seçkilərdən sonra N.Paşinyan yenidən ali icra hakimiyyətinin başçısı seçilərsə, danışıqlar prosesini davam etdirmək səlahiyyətini növbəti dəfə qazana bilər. Ümumiyyətlə, son on ildə ilk dəfə olaraq, Dağlıq Qarabağ probleminin nizalanmasına dair danışıqlar prosesində Ermənistanı ən yüksək səviyyədə təmsil edən şəxs dəyişəcək. Həmçinin, mövcud konstitusiyaya əsasən, müharibə şəraitində silahlı qüvvələrin ali baş komandanı səlahiyyəti birbaşa baş nazirə, yəni N.Paşinyana keçir. 

Serj Sarkisyanın tamamilə müxalifi olan yeni bir şəxsin hökumət rəhbəriliyinə gəlməsi təbii ki, Dağlıq Qarabağ məsələsi üzrə danışıqların gedişinə də təsir göstərə bilər. Nikol Paşinyanın seçkilərə qədər Azərbaycan prezidenti ilə görüşünün keçiriləcəyini dəqiq söyləmək çətindir. Ancaq yeni baş nazir seçildikdən sonra münaqişənin ATƏT-in Minsk Qrupu çərçivəsində həlli ilə bağlı mövqeyini nümayiş etdirməlidir. Ona görə də vəzifəsinin icrasına başladıqdan sonra N.Paşinyanın beynəlxalq vasitəçilərlə müzakirələrə başlayacağı istisna olunmur. Lakin növbədənkənar seçkilərin nəticələri məlum olana qədər inqilab liderinin Azərbaycanla danışıqlarda kompromis mövqe nümayiş etdirəcəyi inandırıcı görünmür. Hazırkı şəraitdə N.Paşinyanın kövrək hakimiyyətini möhkəmlətmək üçün həm daxili, həm də Rusiyanın timsalında xarici dəstəyə ehtiyacı var. İctimai itaətsizliyin hələ dayanmadığı bir dövrdə N.Paşinyanın Dağlıq Qarabağ məsələsində güzəştli mövqe tutması onun kürsüsünü laxlada biləcək arqumentə çevrilə bilər. Çünki müvəqqəti parlamentdə səs çoxluğu Serj Sarkisyanın sədrlik etdiyi Respublika Partiyasına, yəni müxalifətə məxsusdur.

Bu səbəbdən N.Paşinyanın seçkilər yekunlaşana qədər öz hakimiyyətini möhkəmlətmək üçün radikal bəyanatları ilə seçiləcəyi gözlənilir. İkincisi, Qərbyönlü siyasətçi kimi tanınan N.Paşinyanın Rusiyanın geopolitik maraqlarına zidd addımlar atacağına dair məlumatlar yayılsa da, indiki situasiyada bunun baş verməsi real görünmür. Qeyd edildiyi kimi, N.Paşinyana parlament seçkilərində qalib gəlmək üçün bütün syasi qüvvələrin, o cümlədən, Qarabağ klanına yaxın radikal elektoratın dəstəyini əldə etmək lazımdır. Müxalifət lideri artıq Daşnaksütyun Fraksiyasının dəstəyini qazana bilib və çox güman ki, seçkilərə qədər bu vəziyyəti saxlamağa çalışacaq. Dağlıq Qarabağ məsələsində sərt çağırışlar ilkin mərhələdə N.Paşinyana həm də müxalifətə keçmiş Respublika Partiyasının sosial bazasını və səslərini öz tərəfinə çəkmək üçün vacibdir. Əks təqdirdə, inqilabçı baş nazirin parlamentdəki status-kvonu öz xeyrinə dəyişmək istəyi reallaşa bilməz. 

Nikol Paşinyanın liderlik etdiyi “Yelk” (Çıxış) blokunun üzvlərindən biri Azərbaycan torpaqlarının, o cümlədən, Şuşanın işğalında xüsusi iştirak etmiş, sabiq baş nazir Vazgen Sarkisyanın qardaşı Aram Sarkisyandır. Vazgen Sarkisyan 1999-cu ildə Ermənistan parlamentinin gülləbaran edilməsi zamanı öldürülüb. Bundan sonra isə prezident R.Koçaryan onun qardaşı Aram Sarkisyanı baş nazir təyin etmişdi. Lakin bu postda çox qalmayan Aram Sarkisyan yenidən siyasi fəaliyyətə qayıdaraq “Yelk” blokuna qoşulub. Bu baxımdan, N.Paşinyan Vazgen Sarkisyan ailəsinin vasitəsilə silahlı müxalifətin, Qarabağ döyüşçülərinin dəstəyinə nail ola bilər. Ona görə də baş nazirin seçkilərə qədər sərt kurs yürüdəcəyi gözləniləndir. 

Xarici amillərin təsirinə gəlincə, N.Paşinyanın Azərbaycanla danışıqlarda hansı mövqedən çıxış etməsi Rusiyanın və Qərbin “məxməri inqilab”ın liderinə münasibətindən asılıdır. Əgər Kreml Paşinyana siyasi təzyiqləri davam etdirərsə, o halda yeni hökumətin rəhbəri Qərbə yönəlik kursa üstünlük verə bilər. Bu isə status-kvonun dəyişməsində və Ermənistanın güzəştə getməsinə nail olmağa çalışan Azərbaycanın maraqlarına uyğundur. Lakin N.Paşinyan Rusiya ilə anlaşmaya nail olarsa, seçkidən sonrakı mərhələdə də baş nazirin danışıqlarda Moskvanın mövqeyinə zidd addım atacağı inandırıcı görünmür. İstənilən halda, N.Paşinyanın sərt ritorik bəyanatları seçki prosesi yekunlaşana qədər davam edəcək. Müxalifət liderinin Dağlıq Qarabağ məsləsində Rusiyanın maraqlarının müdafiəçisi olub-olmadığı barədə dəqiq fikri isə yeni parlamentin formalaşmasından sonra söyləmək mümkündür. 

Müşfiq Abdulla

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений