Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Qarabağ: Azərbaycanlı icması danışıqlara kim göndəriləcək? 



Akif Nağı: “Ermənilər dialoqa hazır deyil”

Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında görüşün keçirilməsi məsələsi yenidən gündəmə gəlib. Xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən Azərbaycan tərəfi belə bir dialoqun keçirilməsinə etiraz etmədiyini bildirib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin mövcud vəziyyəti barədə qonağı məlumatlandıran E. Məmmədyarov münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə, Helsinki Yekun Aktına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməli olduğunu deyib.

Elmar Məmmədyarov münaqişənin həlli prosesində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları arasında dialoqun qurulmasının vacibliyini qeyd etsə də  Ermənistanın hər vəchlə bu kimi təşəbbüslərə qarşı çıxdığını deyib. 

Qeyd edək ki, rəsmi Bakı Azərbaycan vətəndaşı kimi Dağlıq Qarabağ erməniləri ilə sülh şəraitində, dinc, yanaşı  yaşamağ  hazır olduğunu daima bəyan edib. Ancaq bir dialoq baş tutarsa, erməni tərəfini  həmin görüşdə kimlərin təmsil etməsi sualının cavabı açıq qalır. Dağlıq Qarabağda hazırda Bako Saakyanın başçılıq etdiyi hərbi rejimin bu müzakirələrdə iştirakı isə Azərbaycan üçün yolverilməz hesab edilir. 

Qarabağ Azadlıq Təşkilatının sədri  Akif Nağı cebhe.info-ya açıqlamasında qeyd etdi ki,  Dağlıq Qarabağdakı qondarma rejimin erməni icmasının adından çıxış etmək səlahiyyəti  yoxdur. Çünki mövcud separatçı qurum Azərbaycan ərazilərinin işğalında iştirak edib. Ona görə də Dağlıq Qarabağın azərbaycanlı icmasının cinayətkar terrorçularla bir masa arxasında danışıq aparması düzgün deyil: “Müharibə vəziyyəti  davam etdikcə və Azərbaycan torpaqları işğal altında qaldıqca bu dialoqun heç bir əhəmiyyəti yoxdur. Bu dialoqun heç bir əhəmiyyəti yoxdur. Ola bilsin ki, Elmar Məmmədyarov və Xarici İşlər Nazirliyi  Dağlıq Qarabağdakı qondarma rejimi yola gətirmək üçün müəyyən diplomatik gedişlər edir. Ermənistan da buna etiraz edir.  Amma işğal prosesinə son qoyulmadan bu dialoq heç bir müsbət nəticə verməyəcək. 

Qərb dövlətləri, beynəlxalq təşkilatlar, Rusiya da tələb edir ki, Dağlıq Qarabağdakı erməni əhali ilə müəyyən təmaslar qurulsun, müzakirələr aparılsın.  Lakin Ermənistan bədnam mövqeyindən geri çəkilmək istəmədiyindən bu təşəbbüslər nəticə vermir. Ona görə də hesab edirəm ki, Azərbaycan tərəfi vaxtı bu cür səylərə sərf etməməlidir. Zaman ermənilərin xeyrinə işləyir. Ermənilər artıq Dağlıq Qarabağın işğalının 30 illiyini qeyd edir, bundan təbliğat kampaniyası kimi istifadə edirlər. Hesab edirəm ki, Azərbaycan diplomatiyası yanlış yoldadır. Azərbaycan bütün dünyada Dağlıq Qarabağdakı qondarma rejimin ləğv olunması ilə bağlı kəskin tələb qoymalıdır. Əgər belə bir danışıqlar olarsa, erməni icması adından kim danışacağını ermənilər özləri müəyyənləşdirməlidir. Mənim fikrimcə, hazırkı qondarma rejimin bütün rəhbərləri Azərbaycana qarşı hərbi cinayət törətmiş şəxslərdir. Onların icma adından danışmağa heç bir haqqı yoxdur.

Hətta onların Dağlıq Qarabağda hərbi xunta yaradaraq erməni əhalinin özünə də zülm etməsi barədə məlumatlar gəlir. Ona görə də inanmıram ki, Azərbaycan tərəfi həmin həbi cinayətkarları qəbul etsin. Xatırladım ki, 2007-2008-ci ildə xalq diplomatiyası kampaniyasını gücləndirmişdilər. O zaman Polad Bülbüloğlu başda olmaqla Azərbaycan nümayəndə heyəti gedib həmin rejimin nümayəndə heyəti ilə görüşdülər. Bu, həmin rejimi və onların qondarma bayrağını tanımaq demək idi. Ermənilər isə bu məlumatı iki icmanın görüşü kimi deyil, Dağlıq Qarabağın rəhbərliyinin Azərbaycan nümayəndə heyətini onları qəbul etməsi kimi təqdim etdi. Bu səbəbdən də ermənilər dialoqa hazır deyil və icma şəklində görüşmək istəmir”.

Müşfiq Abdulla   
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений