Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Qadınları ikiqat qurbana çevirən şəhər



Çirkli şəhərdə yaşayanlara sonsuzluq “sürprizi”

Sonsuzluq müasir ailələr üçün ən böyük problemlərdən biridir. Dünyanın hətta ən inkişaf etmiş ölkələrində tibbin bütün uğurlarına baxmayaraq sonsuzluq problemini həll etmək mümkün olmur. Övlad sahibi olmaq istəyənlər uzunmüddətli müalicələrdən sonra effektiv nəticə əldə edilməyəndə çıxış yolunu uşaq övladlığa götürmədə, surroqat ananın xidmətindən istifadədə və hətta bəzən qanunsuz yollarla valideyn olmaqda görürlər. Sonsuzluğun səbəblərinin araşdırılması üçün uzun illər aparılan tədqiqatlara indi biri də əlavə edilib. 

Çirkli şəhərlərdəki kişilər sonsuz olur

“Cümhuriyət” qəzeti xəbər verir ki, Çində aparılan araşdırma olduqca maraqlı nəticələr ortaya qoyub. Bu ölkənin mütəxəssisləri müəyyən edib ki, ətraf mühitin çirklənməsi, ekoloji problemlərlə cütlüklərin dünyaya uşaq gətirmək bacarığı arasında əlaqə var. Başqa sözlə desək, cütlüklər nə qədər ekoloji təmiz ölkədə yaşayarlarsa, valideyn olmaq şansları da bir o qədər artıq olur. Atmosferdəki çirklənmə xüsusilə, kişilərin dünyaya uşaq gətirmək qabiliyyətini azaldır və bəzən hətta onu yoxa çıxarır. Ekspertlər öz araşdırmalarını Tayvanda aparıb. Bu ölkədə tədqiqata 6,5 min kişi cəlb edilib. Onların yaşı 15-49 yaş aralığında olub. Uzun müddət, yəni 13 il ərzində davam edən araşdırmanın maraqlı nəticələri var. 2001-2014-cü illərdə aparılan araşdırma ortaya çıxarıb ki, ətraf mühitin çirkliliyi kişi spermalarının keyfiyyətinə birbaşa təsir göstərir. Havada ağır metalların miqdarı artdıqca, kişi spermalarının keyfiyyəti azalır. Son nəticədə uzun müddət belə çirkli hava ilə təmas kişi sonsuzluğuna gətirib çıxara bilir. Ekspertlər müəyyən edib ki, havanı çirkləndirən sərbəst radikallar insan DNT-lərinə mənfi təsir göstərir. 

Azərbaycanda da sonsuzluq artır

Ümumdünya Səhiyyə Təşkilatı da sonsuzluğun problem olmasına diqqəti çəkərək statistik rəqəmlərin ilbəil artmasından narahatlığını diqqətə çatdırır. Bütün dünyada cütlüklərin 15 faizi bu problemlə üzləşir. Sonsuzluq insanlarda müxtəlif psixoloji pozulmalara, şəxsi komplekslərin inkişafına səbəb olur. Aparılan statistik araşdırmalara əsasən, bütün dünyada 50-80 milyon insan sonsuzluqdan əziyyət çəkir. Hər il dünyada on minlərlə ailə sonsuzluq səbəbindən dağılır. Belə ki, dünyada hər 5 nikahdan biri sonsuzluqla nəticələnir. Azərbaycanda da sonsuzluq ailələrin problemlərindən biri kimi qalmaqdadır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2012-ci ildə Azərbaycanda 2409 nəfərə ilk dəfə sonsuzluq diaqnozu təyin olunubsa, 2014-cü ildə bu göstərici 2806 nəfər olub. Bütün dünyada sonsuzluğun kişi və qadın arasında bölgüsünə nəzər salanda məlum olur ki, qadınlarda rəqəm 60 faizə bərabərdir. 2012-ci ildə ölkə üzrə sonsuzluqdan əziyyət çəkən qadınların sayı 1999 nəfər olubsa, 2014-cü ildə bu rəqəm 2294 nəfərə çatıb. İlk dəfə sonsuzluq diaqnozu təyin olunmuş şəxslərin bölgələr üzrə bölgüsü aparılmasa da, Bakının ilk yerdə dayandığı qeyd olunur. 

Kişiləri sonsuz edən həyat tərzi 

Səhiyyə Nazirliyi də sonsusluğu ailələrin problemlərindən biri olaraq görür və xəbərdarlıq edir. Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda bildirirlər ki, sonsuzluğun səbəbləri müxtəlif ola bilər:

"Ölkəmizdə sonsuzluq halları daha çox kişilərlə bağlıdır. Onlarda olan infeksiyalar, həyat tərzi və digər məsələləri sonsuzluğun səbəbləri kimi göstərmək olar”. İnstitut mütəxəssisləri bildirir ki, hamiləliyin düzgün idarə olunmasının əsas nüanslarından biri risk faktorlarının vaxtında aşkarlanmasıdır: "Risk faktorlarına sosial-bioloji, mama-ginekoloji və ekstragenetal faktorlar daxildir. Sosial bioloji faktorlara ana və atanın yaşı, zərərli vərdişlərdən istifadə, bədən çəkisi, yaşının 18-dən az, 35-dən çox olması, mama-ginekoloji faktorlara anemnezdə düşüklərin olması, qeysəriyyə kəsiyi əməliyyatı, sonsuzluq və digərləri, ekstrgenetal faktorlara isə sidik, ağciyər, ürək-damar xəstəliklərinin aşkarlanması daxildir. Bunlar vaxtında aşkarlanmazsa, hamiləlik patoloji sonlana bilər. Müəyyən risk qruplarına aid olan qadınlar vaxtında müayinə olunarsa, problemlərin qarşısını almaq olar. Bütün patologiyalar vaxtından əvvəl doğuşla nəticələnir”.  

Uşaqsız ailələr daha çox dağılır

Azərbaycanda sonsuzluğun özü ilə gətirdiyi başqa bir problem boşanmaların artımıdır. İl ərzində sayı 10 mindən də artıq olan boşanmalarda sonsuzluğun rolu uzun illərdir ki, dəyişmir. Məsələn, 2016-cı ildə Azərbaycan Respublikasında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 13100 boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə düşən boşanmaların sayı 1,4 olub. Başqa sözlə, hər ay təxminən 1091 ailə boşanıb. 2015-ci ildə boşanan ailələr 12764 olub. 2014-cü ildə 12088, 2013-cü ildə 11730 ailə dağılıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bildirir ki, Azərbaycanda boşanmaların səbəbləri arasında ilk yeri məişət zorakılığı tutur. Sonsuzluq sonrakı səbəbdir. Narkotik aludəçiliyi, xəyanət, maddi durumun yetərli olmaması da boşanmaların əsas səbəbləri arasındadır. Statistik məlumatlara əsasən, 2015-ci ildə Azərbaycanda 12764 boşanma qeydə alınıb. Onların 6950-si uşaqsız, 5814-ü uşaqlı ailələrdə qeydə alınıb ki, bu da əvvəlki illərlə müqayisədə çoxdur. Rəqəmlər göstərir ki, Azərbaycanda uşaqsız ailələrdə də boşanma halları artır. Uşaqsız ailələrdə boşanma hallarının sayı 2009-cu ildə 4634, 2010-cu ildə 5527, 2011-ci ildə 7368, 2012-ci ildə 7575, 2013-cü ildə 7972, 2014-cü ildə 6840, 2015-ci ildə, 6950 olub.

“Qadın günahkardır” damğası

Həkim Seymur Mehdiyevin sözlərinə görə, son zamanlar bütün dünyada olduğu kimi, Azərbaycanda da sonsuzluq problemi artmaqdadır. Sonsuzluğun 1/3-i kişi, 1/3-i qadın 1/3-də isə həm kişi, həm qadın səbəbli olur:

“Ancaq təəssüf ki, hələ də hamı bu məsələdə rasional düşünmür, müxtəlif fərziyyələrə və hətta xurafata da uyurlar və nəticədə bəzi ciddi problemlər öz həllini tapmaqda çətinlik çəkir. Bu isə əsassız boşanmalara və qalmaqallara rəvac verir. Bunlardan biri də “sonsuzluq qadınlara xas xəstəlikdir” düşüncəsidir. Həkimin sözlərinə görə, qədimdən də formalaşmış bu fikir təəssüf ki, günümüzdə də aktualdır. Əslində isə kişilər sonsuzluq statistikasına görə heç də qadınlardan geri qalmırlar. Sonsuz cütlüklərin ayrılmasından sonra sonsuz qadınların dünyaya uşaq gətirmələrinə və problemsiz ərlərin təkrar nikahdan belə uşağının olmamasına minlərlə nümunə gətirmək olar”. 

Qadınlar ikiqat qurban olur 

Psixoloq Məryəm Səmədovanın sözlərinə görə, Azərbaycan ailəsinin qədimdən gələn ənənəsi var və bu ənənəyə görə uşaq nəslin davamıdır: “Bu prizmadan yanaşma sonsuz ailələrdə boşanmanın əsas səbəblərindən biridir. Digər bir məqam ondan ibarətdir ki, qadınlar bu vəziyyətdə daha çox qurban olur. Yəni, sonsuzluq kişi ilə bağlı olduğu hallarda qadınlar boşanmaya o qədər də meyil etmir və ətraf da bunu normal qarşılayır. Amma sonsuzluq kişi ilə bağlı olanda münasibət dəyişir. Kişinin özü də, ailəsi də, ətrafı da boşanıb yenidən evlənməyi məsləhət görür. 

Yəni ən ağrıdıcı məqamlardan biri qadınlaırn sonsuzluqla yanaşı, həm də boşanma kimi bir problemlə üzləşmələri olur ki, bu da onların psixoloji durumu ilə yanaşı əsəbin, stressin, gərginliyin gətirdiyi müxtəlif xəstəliklərə, həmçinin nəticəsi müalicə müddətində xərçəng də daxil olmaqla bir çox xəstəliklərə rəvac verir”. Psixoloq deyir ki, son zamanlar süni mayalanmaya baxışın dəyişməsi ailələri sonsuzluğun yaratdığı bir çox problemlərdən azad edir:

“Amma bu kifayət deyil. Bəzi ailələr var ki, qədimdən qalma baxışla süni mayalanmanı qəbul etmir. Bəziləri isə hətta bunu utanc kimi qəbul edib başqa ölkələrə gedir. Bu vəziyyəti aradan qaldırmaq üçün maarifləndirmə tədbirləri gücləndirilməlidir”.

Sevil Ağazadə

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений