Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

"Putinin adamları"nın Azərbaycan mövqeyi: NƏ GÖZLƏNİLİR?



İtaliyada martın əvvəllərində keçirilmiş parlament seçkilərində yerlərin çoxunu qazanmış iki populist və rusiyameylli partiya-“Beş ulduz” hərəkatı və “Şimal liqası” ölkə prezidenti Serjio Matarelleyə koalision hökumətin baş naziri vəzifəsinə namizədi təqdim ediblər. Bu, indiyə qədər siyasətdə heç kimin tanımadığı vəkil və hüquq professoru Cüzeppe Kontedir. 54 yaşlı Konte barədə çox az məlumat var. O, əvvəllər sol təmayüllü siyasətçi kimi özünü tanıtmağa çalışıb, amma sonradan Avropada solçuluğun daha aktual olmadığını əsas gətirərək bu ideologiyadan daşınıb. Seçki kampaniyası dövründə Konte bir dəfə də olsun publika qarşısında görünməyib. Habelə seçkilərdən sonra koalision hökumətin formalaşdırılmasına dair danışıqlarda heç vaxt onun adı çəkilməyib.

Buna baxmayaraq “Beş ulduz” hərəkatının lideri Lyuci Di Mayo bildirib ki, Konte texniki fiqur deyil, siyasətçidir: “Şadam ki, biz onun namizədliyi məsələsində razılığa gəldik”.

“Şimal liqası” və “Beş ulduz” hərəkatı koalision hökumətin proqramını mayın əvvəllərində razılaşdırıblar. Bura korrupsiyaya qarşı mübarizə, ətraf mühitin mühafizəsi, su ehtiyatlarının qorunması, pensiya islahatları və s. daxildir.

Hər iki partiya İtaliyada Azərbaycan qazının Avropaya nəqli üçün çəkilən TAP boru kəmərinə qarşı uzun müddət təbliğat aparıblar, aksiyalar təşkil ediblər. Bu baxımdan İtaliyada “Putinin adamlarının” formalaşdırdığı hökumətin TAP-la bağlı davranışlarının necə olacağı maraq doğurur.

Maraqlıdır, yeni hökumət TAP layihəsini ləngidə bilərmi?

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban Cebhe.info-ya bildirib ki, İtaliyanın yeni koalision hökuməti TAP layihəsini ləngidə bilər:

“Yeni İtaliya hökuməti həmin layihəni 1, 2, hətta 3 il də geri sala bilər. Ancaq ortada imzalanmış müqavilə var. Hasilatçı şirkətlə, qaz alıcıları arasında qazın alqı-satqısına dair müqaviləyə əsasən 2020-ci ildə onlar həmin qaz həcmlərini almalıdırlar. Səbəbindən asılı olmayaraq qaz almaqdan imtina etdiyi təqdirdə, günlük qaz miqdarın həcmi hesablanır və Azərbaycan tərəfinə təzminat ödənilir. Buna görə layihədən geri çəkilməyin Azərbaycana aidiyyəti yoxdur. Eyni zamanda, ləngiməyə görə qaz alıcısı olan şirkət hökuməti məhkəməyə verməlidir. Bu isə İtaliyanın daxili işidir. Avropa qanunvericiliyi çərçivəsində öz hüquqlarını müdafiə edib, şirkətə dəymiş ziyanı kompensasiya edə bilərlər. Yəqin ki, alıcı şirkət kommersiya sazişlərini sığortalayıb. Şirkət bu məsələlərdən irəli gələn öhdəlikləri yerinə yetirməlidir. Azərbaycan Türkiyə-Avropa sərhədində qazı verəcək. Qarşı tərəf almırsa, öz işləridir”.

Ekspert oxşar praktikanın Azərbaycanla Türkiyə arasında yaşandığına da diqqət çəkib:

“Vaxtilə Türkiyə Azərbaycandan 6.3 milyard kubmetr qaz həcmləri əvəzinə, 4.5 və ya 5 milyard kubmetr qaz almışdı. Türkiyə almadığı qazın həcminə görə Azərbaycana milyard dollardan artıq təzminat ödədi. Yəni, hansı ölkə olmasından asılı olmayaraq kontrakta nə yazılıb, o da olacaq. Əgər İtaliya hökuməti tərəfindən müqavilə pozulsa, 400 milyon kubmetr qazın təzminatını Azərbaycana verəcək. Azərbaycanın itirəcəyi heç nə yoxdur. Başqa alıcı tapıb qazını ona satacaq”.

Yeganə Oqtayqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений