Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Putin Avropanı “meydana itələyir”



Rusiya prezidenti Vladimir Putin mayın 24-də Sankt Peterburqda fransalı həmkarı Emmanuel Makronla görüşüb.

Qeyd edək ki, bu, Makronun prezident kimi Rusiyaya ilk səfəridir. Onlar ötən il Makronun andiçməsindən bir neçə həftə sonra Fransada görüşmüşdülər. Hazırda Avropa ilə  Moskva İranla 2015-ci ildə imzalanmış nüvə sazişini xilas etməyə çalışır. Birləşmiş Ştatlar sənəddən çıxandan sonra onun iflası təhlükəsi yaranıb. Bir müddət öncə isə Almaniyanın kansleri Angela Merkel Rusiyaya rəsmi səfər etmiş və bu kontekstdə müzakirələr aparılmışdı. Ekspertlər bunu Putinin Avropa həmləsi kimi dəyərləndirirlər.

Maraqlıdır, bunu ABŞ-a qarşı güc nümayişi kimi qiymətləndirmək olarmı? 

Politoloq Natiq Miri “Cümhuriyət” qəzetinə şərhində bunun Rusiyanın ABŞ-a qarşı demarşı olmadığını deyib: “Bunlar zərurətdən doğan səfərlərdir. Donald Tramp İranla nüvə proqramından çıxdıqdan sonra Avropada olan müttəfiqlərini çox çətin vəziyyətdə qoydu. Digər tərəfdən ABŞ təkcə nüvə proqramından çəkilmədi, həm də İrana qarşı iqtisadi sanksiyaların tətbiq olunacağını bəyan etdi. Bu baxımdan İranla iqtisadi-ticari əlaqədə olan bütün dövlətləri də sanksiyaların tətbiq olunacağı ilə hədələdilər. Bu da təbii ki, ABŞ-ın müttəfiqləri olan Almaniya, Fransa, Britaniya kimi ölkələri narahat edir. Bu ölkələrin İranla çox ciddi iqtisadi əməkdaşlıqları mövcuddur və ən iri şirkətləri İranda fəaliyyət göstərir.

Bu üç Avropa ölkəsi İranda enerji sektoruna investisiya qoymaqda maraqlıdır. Bu istiqamətdə artıq müəyyən işlər görülür. Belə olduğu halda isə ABŞ-ın sanksiyalarına görə İrandan geri çəkilməyə məcbur qalıblar. Onu da nəzərə almaq lazımdır ki, bu təkcə Avropa ölkələrini narahat edən məsələ deyil. İranla imzalanan nüvə proqramının tərəflərindən biri də Rusiyadır. Rusiya da regionda söz sahibi, nüvə dövləti olduğu üçün mütləq mənada bu Avropa ölkəri ABŞ-ın təzyiqlərini konpensasiya etmək üçün Moskva ilə razılaşmaya getmək məcburiyyətindədirlər. Buna görə də artıq Avropa liderləri ard-arda Rusiyaya səfər edir”. 

N.Miri hesab edir ki, Avropa Rusiya ilə hesablaşmağa məcbur qalıb: “Hətta Makron bununla kifayətlənməyib, ABŞ-ı qəzəbləndirəcək bir sıra sözlər işlədib. Makron deyir ki, Rusiyanın yeni missiyasını tanıyırlar. Artıq uzun müddətdir ki, Rusiyanın aqressiv siyasət aparmasının səbəbi də, əslində onun dünya gücü olduğunu tanıtdırmaqdan ibarət idi. Bu gün Makron bunu birbaşa etiraf etmiş oldu. Hətta Suriya probleminin həlli məsələsində Astana prosesini dəstəklədiklərini və yeni Konstitusiyanın yaradılması ilə bağlı ilkin razılaşmaların əldə olunduğunu bəyan etdi. Bütün bu faktlar göstərir ki, ABŞ öz müttəfiqlərini çətin vəziyyətdə qoyduğu üçün Avropa ölkələri digər bir dünya gücü olan Rusiya ilə əməkdaşlığa getmək məcburiyyətində qalıb. Ona görə də düşünürəm ki, bu səfərləri məhz bu çərçivədə dəyərləndirmək lazımdır”.

Natiq Miri məsələyə başqa rakursdan da baxmağın vacib olduğunu qeyd edib. Onun  sözlərinə görə, Avropanı narahat edən əsas məsələlərdən biri də İranın nüvə razılaşmasından çıxmasıdır: “Digər tərəfdən ortada həm də İranın şərtləri var. ABŞ-ın təqdim etdiyi 12 şərti qəbul etməyən İran hakimiyyəti buna qarşılıq özləri müəyyən təkliflər veriblər. Bu şərtlərin Avropa Birliyi tərəfindən qəbul olunmadığı halda, İran da birtərəfli qaydada nüvə müqaviləsindən çıxacağını bəyan edib. Bundan sonra isə çox ciddi şəkildə nüvə çalışmalarına başlayacaqları ilə digər dövlətləri də təhdid ediblər. Avropa Birliyi isə indiki şəraitdə İranın nüvə çalışmalarına başlamasını qətiyyən istəmirlər. Bu məsələdə müəyyən mənada təsir imkanları olan Rusiya ilə məsləhətləşmələrə ehtiyac var. Düşünürəm ki, Avropa liderlərinin Rusiyaya səfərini bu istiqamətdə də dəyərləndirmək lazımdır”.

Vilayət Muxtar

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений