Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Prokurorluq prezidentin legitimliyini şübhə altına aldı - İmpiçment yenidən gündəmdə



ABŞ Ədliyyə Nazirliyi 2016-cı ildə keçilmiş prezident seçkilərinə  müdaxilə etmiş  13 nəfər Rusiya rəsmisinin adlarını açıqlayıb. İttiham aktında adları çəkilən Rusiya vətəndaşları əsasən Federal Təhlükəsizlik  Xidmətinin və diplomatik orqanların əməkdaşlarıdır. Siyahıda  Yevgeni Priqojın, Anna Boqaçyova, Sergey Polozov, Mariya  Bovda, Robert  Bovda, Ceyhun Aslanov, Vadim Podpokayev, Qleb Vasilçenko, İrina Kaverzina, Vladimir Venkov  və “Concord Management and Consulting and Concord Catering” İnternet-Araşdırma Agentliyi yer alır.

Sözügedən şəxslər ittiham aktı üzrə istintaqa cəlb ediləcək. Dindirilmə prosesi zamanı verilən ifadələr əsasında yeni isimlərin meydana çıxacağı gözləniləndir. Bu isə öz növbəsində prezident Donald Trampa qarşı Rusiya kəşfiyyatı ilə gizli əlaqələrə malik olmaq və seçkilərin saxtalaşdırılması üzrə yeni hüquqi iddiaların meydana çıxacağını istisna etmir. Çünki ABŞ Ədliyyə Nazirliyinin təqdim etdiyi sənəd əsasında Baş Prokurorluğun və seçkilərə kibermüdaxilə məsələsini araşdıran xüsusi prokuror Müllerin ibtidai istintaqa başlayacağı ehtimal olunur. Rusiya baş vermiş olayı siyasiləşdirməklə diqqəti yayındırmağa cəhd göstərir. Xarici işlər naziri Sergey Lavrovun etiraz bəyanatının ardınca, Dövlət Dumasının deputatı Aleksandr Novikov 13 nəfərə qarşı ittiham aktının irəli sürülməsini ABŞ hakimiyyət orqanlarının Rusiyanın əleyhinə yönəlmiş növbəti kampaniya kimi dəyərləndirib. Lakin Ədliyyə Naziriliyinin təqdim etdiyi siyahı bir tərəfdən Rusiyaya qarşı növbəti sanksiyalar siyahısını gündəmə gətirərsə, eyni zamanda ABŞ-ın özünün də siyasi gündəmini qarışdıra bilər.

Qeyd edildiyi kimi, söhbət prezident seçkilərinin nəticələrinin şübhə altına alınmasından gedir. 2017-ci ilin birinci mərhələsində aparılan ibtidai araşdırmalar zamanı Trampın Rusiyanın kibermüdaxiləsi nəticəsində seçildiyinə dair dəlillər ortaya çıxarıla bilmədikdə Ağ Evin rəhbəri üzləşdiyi impiçment təhlükəsindən xilas ola bildi. 2017-ci il avqustun 2-də və ondan sonra ABŞ prezidentinin bir neçə dəfə Rusiyaya qarşı sanksiyalar paketini imzalaması Kremllə məxfi əlaqələrə malik olması ilə bağlı şübhələri aradan qaldırmağa hesablanmışdı. Donald Trampın  Krım məsələsində geri çəkilərək Ukraynaya dəstək verməsi və Rusiya prezidenti Vladimir Putinin ən yaxın ətrafındakı oliqarxlara sanksiyalar tətbiq etməsi onun Ağ Evdəki mövqeyini möhkəmlədə bilmişdi. Ancaq indi Trampın hakimiyyəti ciddi təhlükə ilə üzləşib. Belə ki, Ədliyyə Nazirliyinin və Baş Prokurorluğun irəli sürdüyü ittiham aktı əsasında başlanan təhqiqatda kibermüdaxilə faktı öz təsdiqini taparsa, o zaman məsələ ilə bağlı ayrıca cinayət işi açılacaq. ABŞ qanunvericiliyinə görə, cinayət işi üzrə ittihamlar və şahid ifadələri sübuta yetiriləcəyi təqdirdə sənədlər məhkəməyə təqdim olunur. İttihamın qəbul edilib-edilməməsi isə məhkəmə instansiyalarının çıxardığı qərardan asılıdır. Əgər bütün məhkəmə instansiyaları prezident seçkilərinin nəticələrinin şübhəli olduğunu isbat edən qərar çıxararsa, o zaman məsələ müvafiq olaraq, Konqresin Nümayəndələr Palatasının və Senatın müzakirəsinə təqdim edilir. Hələlik proses ilkin mərhələdir və yekun nəticə barədə fikir söyləmək çətindir. Ancaq Ədliyyə Nazirliyinin prezidentin legitimliyini şübhə altına alan sənədlə çıxış etməsi və konkret adlar açıqlaması vəziyyətin Donald Tramp üçün heç də ürəkaçan olmadığından xəbər verir. Bu da öz növbəsində, impiçment məsləsinin yenidən gündəmə gələcəyini göstərir. 

Müşfiq Abdulla

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений