Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Paşinyanı “oynadan" Qərb planı: Kreml zərbə hazırlayır



“Məxməri inqilab”dan sonra Ermənistanla Rusiya münasibətlərində yaranmış gərginlik aradan qalxmır.

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya ilə dostluq və müttəfiqlik əlaqələrinin davam edəcəyinə dair vədlərinə baxmayaraq, mövcud narazılığı görmək çətin deyil. İyunun 14-də Moskvaya səfəri zamanı baş nazir Paşinyan Rusiya ilə münasibətlərdə heç bir problem olmadığını və ənənəvi kursa sadiq qalacağını bildirmişdi. 

Lakin Paşinyan İrəvana döndükdən bir gün sonra Rusiyanın Ermənistanın bəzi ət və balıq məhsullarının idxalına qadağa qoyması, eləcə də baş nazirin dərhal Brüsselə səfər etməsi Moskva ilə İrəvan arasında ciddi mübahisə predmeti olan məsələlərin meydana çıxdığından xəbər verir.

Politoloq Stepan Qriqoryanın verdiyi məlumata görə, Ermənistan Gümrüdə Rusiya hərbi bazasının yerləşdiyi torpaq sahəsinə görə icarə haqqını artırmağa hazırlaşır.

Qriqoryan baş nazir Nikol Paşinyanın həyat yoldaşının baş redaktoru olduğu “Haykakan jamanak” qəzetində dərc etdirdiyi və Ermənistan-Rusiya münasibətlərinə həsr olunmuş məqaləsində qeyd edir ki, Rusiya hərbi bazaları üçün təmənnasız və müddətsiz torpaq sahəsi ayrılması ədalətsiz və misli görünməmiş hadisədir. O qeyd edir ki, hətta Rusiyaya heç də az “sadiq” olmayan Belarus, Tacikistan və Qırğızıstan da öz ərazilərində Rusiya hərbi bazalarının yerləşdirilməsinin müqabilində xeyli məbləğdə pul alırlar. “Metsamor” AES-in Rusiyanın ixtiyarına verilməsi, bir sıra iri sənaye obyektlərinin və az qala ölkənin bütün energetika sisteminin Rusiyaya “hədiyyə” edilməsi ona gətirib çıxarıb ki, Ermənistan regionda bütün əsas “kozır”larını həmişəlik itirib.

Eyni zamanda, Ermənistanda mövqelərini xeyli möhkəmləndirdikdən sonra Rusiya atom yanacağının qiymətlərini kəskin qaldırıb və atom-elektrik stansiyasının bağlanmasından əldə edə biləcəyi bütün üstünlüklərdən istifadə etməyə çalışır”-Qriqoryan belə qeyd edir. Bu isə o deməkdir ki, Ermənistanın yeni hökuməti əvvəlki kimi ölkəni Rusiyanın ödənişsiz istifadəsinə vermək fikrində deyil. Yəni Paşinyan Rusiyadan 102-ci hərbi bazanın yerləşdirilməsinə görə icarə haqqı tələb etmək niyyətindədir. Eləcə də energetika sektorunda Rusiyanın inhisarına son qoymaq istəyir. Ancaq Rusiyanın Paşinyanın bu planları ilə razılaşacağı inandırıcı görünmür. Ona görə də yaxın perspektivdə Kremlin Paşinyana cavab zərbəsi endirəcəyi ilə bağlı siyasi proqnozların sayı artır. Bəzi politloqlar hesab edir ki, futbol üzrə dünya çempionatı başa çatana qədər Rusiya-Ermənistan münasibətlərinə aydınlıq gələcək. Yəni çempionat başa çatdıqdan sonra Rusiya Paşinyana qarşı cəzalandırıcı addımlar ata bilər. 

Yaranmış vəziyyəti şərh edən politoloq Tofiq Abbasovun sözlərinə görə, Ermənistanın siyasi sistemi tənəzzül vəziyyətinə düşdüyündən Paşinyan hökumətinin yenilik etmək imkanları məhduddur: “Nikol Paşinyan Serj Sarkisyanın siyasi xəttini davam etdirməyə məcburdur. Ancaq həmin xəttə özünün əlavələrini etməkdə israrlı görünür. Bu əlavələr də ilk növbədə, Qərbyönümlü siyasətin elementlərindən ibarətdir. 

Yəni Rusiya ilə münasibətlərin yüksək səviyyədə olması, Paşinyanın Putinlə keçirdiyi görüşlər daha çox gəlişi gözəl sözlər və real olmayan vədlər və şüarlardır. Əslində, heç kimə sirr deyil ki, Ermənistanda baş vermiş inqilab Qərbin planı və resursları hesabına həyata keçirilib. Bu inqilabın kökündə anti-Rusiya meyilləri dayanır. Paşinyanın son addımları və Ermənistandan gələn açıqlamlar onun Rusiyanın başının altına yastıq qoymağa çalışdığını göstərir.

Paşinyanın rəsmi səfəri Avropa Birliyinin paytaxtı Brüsselə idi. O, Moskvaya diqqəti yayındırmaq üçün getmişdi. Təsadüfi deyil ki, Avropa İttifaqının bəzi rəsmiləri, o cümlədən birliyin İrəvandakı nümayəndəliyinin rəhbəri Pyotr Svitalski bildirdilər Ermənistan öz ehtiyaclarını nəyə görə açıqlamır? Bizim yardım göstərmək üçün maliyyə imkanlarımız var. Təbii ki, Avopanın burada maraqları var. Onlar çalışırlar ki, Rusiyanın Ermənistan üzərindəki təsirini azaltsınlar. Digər tərəfdən, Ermənistanı Qərbin siyasi orbitinə çəkib orada möhkəmlənsinlər. Bu, həm ABŞ-ın, həm də Avropa İttifaqının da maraqlarına uyğun gəlir. Ona görə də burada sözün əsl mənasında oyun gedir. Rusiya öz oyununu, Ermənistan öz oyununu oynayır.

Ancaq Ermənistan zəif bənddir. Çünki Rusiya istənilən an orada çaxnaşma yarada bilər. Rusiyanın Ermənistanda xeyli sayda casus şəbəkəsi, eyni zamanda çoxsaylı təsir vasitələri var. Bu vasitələri işə salmaq Rusiya üçün çətin deyil. Eyni zamanda, Ermənistan da Rusiyadan tam əl çəkmək niyyətində deyil. Çünki rəsmi İrəvan bilir ki, Rusiyaya birmənalı şəkildə “yox” desə, Azərbaycanla baş verən real qarşıdurmada Moskva Ermənistana kömək etməyəcək.

Bu baxımdan, Nikol Paşinyan özünün zəifliyini bütün müstəvilərdə nümayiş etdirə bildi. O, özünün siyasətdə təsadüfi adam olduğunu göstərdi. Hakimiyyətə gəlmək o qədər də asan deyil. İndi onun əsas məqsədi növbədənkənar parlament seçkilərini keçirmək və özünün komandasını formalaşdırmaqdan ibarətdir. O, pərdəarxası danışıqlar aparmaqla hansı qüvvələrlə işləməyin mümkünlüyünü müəyyənləşdirməyə çalışır”. Lakin Tofiq Abbasov Rusiyanın Ermənistandakı siyasi vəziyyətə açıq şəkildə birbaşa müdaxilə etməyəcəyini deyir. 

Onun sözlərinə görə, belə bir addımın atılması Rusiyanın bölgədəki maraqlarına zərbə vura bilər: “Ukraynada baş verən hadisələrin acı nəticələrini görən Rusiya Ermənistana qarşı çox da böyük hücum mövqeyindən çıxış etməyəcək. Çox incə şəkildə yeridilən bir siyasətlə Ermənistanı tənbehedici gedişlərlə lazım olan hala gətirəcəklər, ya da oradakı vəziyyəti hazırkı səviyyəsindən də olduğu dərin bir vəziyyətə salsın. Çünki Ermənistanda anti-Rusiya meyilləri həddindən artıq çox güclüdür. Bu özünü “məxməri inqilab” zamanı da göstərdi. 

Rusiya Ukaraynada baş verənlərdən acı nəticə çıxararaq daha ehtiyatlı mövqe tutacaq və ünvanlı gedişlərlə ermənilərin mövqeyini korrektə etməyə çalışacaq. Əgər Moskva görsə ki, Ermənistanda Rusiyaya qarşı meyillər armaqdadır, o zaman Qarabağ müharibəsi vasitəsilə Ermənistana lazımi təzyiqlər göstəriləcək”. 

Müşfiq Abdulla

Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений