Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Partiyaların maliyyə hesabatı: Xərc var, gəlir yoxdur



Sərdar Cəlaloğlu: “Qanuna əsasən Azərbaycanda fəaliyyət göstərən partiyaların gəlir əldə etməsi qadağan olunub”

Əli Orucov: “AMİP-də gəlirlərin azalması və ya artması haqqında dəqiq məlumat verə bilmərəm”

Azərbaycanda faktiki olaraq qeydiyyatdan keçmiş 55 siyasi partiya var. Qanunvericilə əsasən qeydiyyatdan keçmiş siyasi partiyalar illik maliyyə hesabatlarını aprelin 1-dən gec olmamaq şərtilə Mərkəzi Seçki Komissiyasına təqdim etməlidir. 

Qeyd edək ki, aprelin 13-dək olan məlumata əsasən 55 rəsmi siyasi partiyadan yalnız 19-u MSK-ya hesabat təqdim edib.

Ana Vətən Partiyası isə 2017-ci il dekabrın 31-nə maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatını bu günlərdə açıqlanıb. Hesabatda diqqət çəkən məqamlardan biri partiyanın zərərlə işləməsini göstərməsidir. Belə ki, hesabata əsasən Ana Vətən Partiyası 2016-cı illə müqayisədə 2017-ci ildə 1944,87 manat zərərlə başa vurub. 

Maraqlıdır, siyasi partiyalar hansı hallarda zərərlə işləyə bilər? 

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Cebhe.info-ya açıqlamasında partiyaların gəlir əldə etməsinin qanunvericiliyin qadağan etdiyini deyib:


“Qanuna əsasən Azərbaycanda fəaliyyət göstərən partiyaların gəlir əldə etməsi qadağan olunub. Parlament partiyaları dövlətin verdiyi yardım, digərləri isə üzvlük və ianələr hesabına fəaliyyət göstərir. Ona görə də gəlirdən söhbət gedə bilməz. Çünki əgər gəlir varsa deməli biznes fəaliyyətidir və bu da qanunla qadağandır”.

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov isə təmsil olunduğu partiyanın hesabatlı olduğunu deyib:

“Biz maliyyə hesabatını hər zaman veririk. İlk hesabat verən partiyalardan biri də məhz AMİP olub. Amma partiyaların verdiyi hesabatların çoxu formal xarakter daşıdığından gəlirlərin nə qədər olduğu bilinmir. Bunun müxtəlif səbəbləri var. Səbəblərdən biri odur ki, partiyanın əsas gəlir qaynağı toplanan üzvlük haqlarıdır, ianələrdir. Bu gün elə bir vəziyyət yaranıb ki, partiyalar bunları yığa bilmir.

Ona görə də hesabatlarda üzvlük haqqları, ianələr haqqında demək olar ki, rəqəmlər yoxdur. AMİP-də gəlirlərin azalması və ya artması haqqında dəqiq məlumat verə bilmərəm. Çünki bunun təhlilini aparmamışıq. Amma çalışırıq ki, müəyyən qədər üzvlük haqlarını yığaq. Partiyanın müəyyən xərcləri var ki, bu yolla həll olunur. Məsələn, mərkəzi qərargahın saxlanılması, kommunal və digər texniki xərclər təbii ki, üzvlük haqları və iyanələr hesabına mümkün olur. AMİP dövlət tərəfindən maliyyələşmir. Partiya olaraq maliyyə hesabını aidiyyatı qurumlara, siyasi hesabatı isə ilin əvvəlində cəmiyyətə təqdim edirik”.

Vilayət Muxtar
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений