Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Palata, Fond və bank işbirliyi? - Sığortalanmış əmanətlər də qaytarılmır



Bağlanan banklarda olan sığortalanmış əmanətlərin geri qaytarılmasında müəyyən problemlər yaşanır. Məsələn, bu günlərdə bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov deyib ki, son bağlanan “Dəmirbank”da bu kimi problemlər yaşanıb. Belə ki, bankın ləğvedicisi kimi çıxış edən Əmanətlərin Sığortalanması Fondu (ƏSF) sığortalanmış əmanətləri qaytarmaqdan imtina edib. Səbəb isə “Dəmirbank”ın sığortalanmış əmanətlərin həcminin artırılması üçün qoyulan qadağanı pozaraq, əmanətlərin cəlb edilməsini dayandırmaması göstərilir. 

Maraqlıdır ki, iki rəsmi qurumun-Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) və Dəmirbankın bir-birini saymamasının cəzasını yenə də vətəndaş ödəyir. Bu həm də banklara nəzarət mexanizminin zəif olduğunu göstərən amildir. Əgər banka qadağa tətbiq olunubsa, niyə verilən qərarın necə icra olunduğuna nəzarət etmir? Və yaxud verilən qərar bank tərəfindən icra olunmursa, niyə zamanında bank cəzalandırılmır? Bu və bu kimi suallar prosesin şəffaf aparılmadığına işarədir.

Digər tərəfdən, bazarda vəziyyəti ağır olan kifayət qədər bank var. Ekspertlər cari ilin sonuna qədər daha bir neçə bankın bağlanacağı və ya birləşməyə gedəcəyini deyirlər. Maraqlıdır, bağlanacaq banklarda da bu kimi problemlərin yaşanması gözlənilirmi? Ümumiyyətlə, bu cür problemlər yaşanacağı halda hansı addımlar atılmalıdır?

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov “Cümhuriyət” qəzetinə açıqlamasında digər banklarda da bu cür risklərin olduğunu deyib:

“Məsələni ciddiləşdirən də məhz budur. Çünki bu gün ən az 10 bankın vəziyyəti ağırdır. Dövlət qurumlarının rəsmiləri  özləri də çıxışlarında zaman-zaman bu haqda deyiblər. Həmin banklara qarşı da Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) müəyyən məhdudiyyətlər qoyub. Amma bu qadağalar ictimaiyyətə təqdim olunmur, məxvi aparılır. Bu gün çıxıb desələr ki, hansısa banka məhdudiyyət tətbiq etmişik, həmin bankda olan əmanətlər sürətli şəkildə geri çəkiləcək. Yəni, məhdudiyyətlər məxfi şəkildə qoyulub və qadağanın içində sığortalanmış əmanətlərin artırılmaması da var. Amma vətəndaş bunu bilmir. Vətəndaş da gedib bütün qanunlara əməl edərək banka 3 faizlə dollar əmanəti qoyur. Amma Palatanın qərarına görə bankın bu əmanəti götürməyə səlahiyyəti yoxdur. Əgər bu ictimaiyyətə açıqlanmırsa, vətəndaş bunu hardan bilsin? Buna görə də əlbəttə ki, digər banklarda da bu cür risklər var. Sabah bank bağlananda Fond əmanəti qaytarmayacaq ki, biz banka bunu qadağan etmişik. Digər tərəfdən, Palatanın tətbiq etdiyi bu məhdudiyyətin özü birbaşa qanunsuzdur”.

Vətəndaş bu problemdən necə xilas ola bilər məsələsinə toxunan Əkrəm Həsənov deyib ki, bu prolemin yeganə həll yolu məhkəmədən keçir:

“Ümid edirəm ki, məhkəmələr bu halda vətəndaşın mövqeyini müdafiə edəcək. Əgər məhkəmə belə bir vəziyyətdə vətəndaşı müdafiə etməsə, heç bir bankda əmanət qalmayacaq. 

Hər kəs deyəcək ki, bunlar oyun qaydalarını elə oyun gedə-gedə pozurlar. Elə bil futbolda ofsayddan qol vururlar və hakim qolu sayır. Deyirsən, bəs bu qol qanunsuz vurulub. Hakim deyir ki, yox, biz oyun gedə-gedə ofsaydı ləğv etdik. Artıq ofsayddan da qol vurmaq olar”.

Vilayət Muxtar
Cebhe.info

 

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений