Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Özünə vəkillik edə bilməyənlərin vəkillik iddiası



99 saylı Şəmkir kənd seçki dairəsindən deputat seçilən Sona Əliyeva haqqında mətbuatda müxtəlif informasiyalar yayılıb. Yayılan məlumatlarda xanım deputatın adı yaxın qohumları ilə mülk davasında hallanır. Yazılanlara görə, Sona Əliyeva atası Sakit Əliyevin ölümündən sonra sahib olduqları ailə şirkətlərini ələ keçirmək istəyir.

Deputatın anası Bəsirə Əliyeva şirkətin hesabına köçürülən pulları ala bilmədiklərini deyib: 

“Qızım deputat mandatından, əlaqələrindən istifadə edərək bizim işimizi iflic duruma salıb. Hara gediriksə, kimə müraciət ediriksə, deyirlər ki, Sona deməsə, icazə verməsə, biz heç bir sənəd işini görən deyilik. Dərdimizi kimə deyək, bilmirik”.

Maraqlıdır ki, xanım deputat özü də deyilənləri təkzib etmir. Ailə arasında mülk davası olduğunu etiraf edir. Ancaq bu söz-söhbətlərin onun təmsil olunduğu qurumun nüfuzuna zərər gətirəcəyindən narahat olduğu üçün bu məsələnin işıqlandırılmasını istəmədiyini bildirir. 

Məsələnin maraqlı tərəfi isə qanunverici orqanda təmsil olunan bir şəxsin məhz belə qalmaqallarla gündəmə gəlməsidir. Qanunverici orqanda təmsil olunan şəxs ədalətli olmalı, qanunlara hörmət etməli, qarşısına çıxan problemlərin hüquqi yolla həllinə nail olmağa çalışmalıdır. Nəinki səlahiyyətlərindən istifadə edərək kimlərəsə təzyiq yolunu seçməlidir. Deputat olan bir şəxsin öz ailə üzvləri ilə problemi yoluna qoya bilməməsi onun bütöv bir rayonun problemlərinin həllində yardım imkanlarını şübhə altına almaqla yanaşı, qanunverici orqanda necə təmsilçilk məsələsini də gündəmə gətirmiş olur. 

Əslində deputatların son zamanlar neqativ məsələlərlə gündəmə gəlməsi adi hala çevrilib. Hadı Rəcəblinin müəllimlərə fəhləlik etməyi məsləhət görməsi və yaxud indi rəhmətə getdiyi üçün dediyini yazmadığımız başqa birisinin fikirləri yaxşı yadımızdadır. Hələ deputat Arif Rəhimzadə “azərbaycanlılar  türk deyil” deməklə lap “gül vurub”. 

Bu günlərdə Milli Məclisin intizam komissiyasının sədri, deputat Ağacan Əbiyevin jurnalistlərə dolayısı ilə “qatil” deməsi də bu qəbildəndir. Ağacan Əbiyev hesab edir ki, “otxod” sözünə görə jurnalistlər sabiq deputat Astan Şahverdiyevin üstünə çox düşüb və buna görə də o, ürək çatışmazlığından dünyasını dəyişib. Halbuki Ağacan Əbiyev özü dəfələrlə Astan Şahverdiyevin ən ağır şəkildə cəzalandırılacağını bəyan etmişdi. "Astan Şahverdiyev, niyə hər yerə başını soxursan?” ifadəsinin müəllifi də məhz Ağacan Əbiyevdir. İntizam komissiyasının sədrinin təbirincə desək, bəlkə elə Astan Şahverdiyevi komissiyanın “cəza xəbərdarlıqları” ürək xəstəsi etdi? İndi də məsuliyyətdən yayınmaq üçün jurnalistləri ittiham edir.

Bir sözlə, deputatlar mediada, cəmiyyəti darıxmağa qoymur. Hər həftə bir deputat gündəmi “məşğul edir”. Hazırda gündəmi neqativ informasiyalarla Sona Əliyeva tutub. Öz ailə problemini həll edə bilməmək bir tərəfə, hətta bu prpobemi yaratmaq iddiası ilə gündəmə gələn deputata bundan sonra seçiciləri necə etibar edə, inana bilər ki? Bütün hallarda millətə vəkillik etmək üçün zəruri kriteriyalar var. O kriteriyaların pozulması təkcə deputatın yox, təmsil olunduğu qurumun da nüfuzuna zərər vurur. 

V.Muxtar








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений