Reklam yerləşdirmək üçün
012 596 19 32
1Reklam yerləşdirmək üçün
012 596 19 32

 “Sözlə oxucunun başını qatıb həyatdan daha da uzaqlaşdırmaq istəmirəm” – MÜSAHİBƏ



Ədəbiyyatda ən gözəl şəkillər ən gözəl və ən duyğulu misralarla çəkilir.Bunu bacarmaq üçün yüksək təhsil yox, yüksək istedad gərəkdir. Və bir də ədəbi bacarıq... Biz ədəbiyyatda məharətlə öz əsərləri ilə sözlə ədəbi portret yaradan, “Ulduz” jurnalının publisistika bölməsinin redaktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü Hicran Hüseynova ilə həmsöhbət olduq.Müsahibimiz müasir mədəni prosesə münasibət bildirib öz ədəbi baxış müstəvisində çıxış etdi.

-Ədəbiyyatda Hicran xanımın baxış bucağı...

 -Görkəmli tənqidçimiz Vaqif Yusiflinin çox maraqlı fikri ilə başlayıram: Ədəbi aləmdə hər bir yazarın öz yolu var, bəzilərində bu, geniş yol şəklindədir, bəzilərində isə cığır.

Mən ikincilərdənəm, yəni sözü ilə cığır açanlardan.Və heç vaxt təəssüflənməmişəm ki, niyə ədəbiyyat müstəvisində geniş, magistral yolun yox, cığırın sahibiyəm.Əksinə, o cığırın özünəməxsusluğu, təkrarsızlığı ilə öyünmüşəm. Həm də uzun illər ərzində o cığırı ot basmasına imkan verməmişəm.

Obrazlı girişdən sonra ədəbiyyatdakı mövqeyimi daha aydın şərh edim.Şeirlərim, hekayələrim çoxlarının marağına səbəb olsa da, özümü bir yazar kimi ən çox pritça janrında uğurlu sayıram.Qərb ədəbiyyatından gələn bu janrın tələblərini çoxu dərk etmir.Pritça öyrədici hekayə deməkdir, burda bir didaktika var, yəni hər fikri ilə müəllif oxucuya nəyisə öyrətməyə çalışır.Görün nə qədər əhəmiyyətlidir.Bir var, nədənsə təsirlənib şeir, hekayə, povest, roman yazasan.Uzağı, hisslərini, özünü ifadə edəcəksən.Bir də var ki, böyük bir məsuliyyət hissi ilə, eyni zamanda böyük bir təəssübkeşliklə qarşındakına nəyisə öyrədəsən.Hansı daha üstündür?

Bu janr həm lakonikliyi, həm didaktikası, həm də sirli olmasıyla gözəldir...

Azərbaycanda pritça yazanları barmaqla saymaq olar.Yadımda qalan Əlisa Nicatdır.Dünya ədəbiyyatında isə Frans Kafkanın pritçalarını xatırlayıram.Başqa cür anlaşılmasın, mən sözlə oxucunun başını qatıb həyatdan daha da uzaqlaşdırmaq istəmirəm, istəyirəm, o, həyata real yanaşsın. Belə ifadə edim: kimsə gözəl bənzətmələrlə, tapıntı sayılacaq deyimlərlə qarın ağlığından, gözəlliyindən danışır (çox gənc yaşlarımda mən də danışmışam), mənsə bu gözəlliyi gözəl ifadə etməklə yanaşı, onun sərt tərəfini də göstərirəm oxucuma. Yəni qar nə qədər gözəl olsa da, soyuq və şaxtalıdır ha, evdən çıxanda papaq, əlcək və s. geyin! Hamlet demişkən, bax budur məsələ! 

 - Ümumilikdə yeni gələn ədəbi gənclik ürəkaçandır?

- Əlbəttə, söz sənəti də inkişaf edir, yenilənir.Ədəbi gənclik hər yerdə özünü göstərir.Yaxşı yazılara da çox rast gəlirik.Məni qane etməyən, ürəksıxan cəhət isə odur ki, gənc nəsil ədəbi dil normalarına əməl etmir (əlbəttə, istisnalar da var), daha dəqiq ifadə etsək, Azərbaycan dilini bilmir.

Bir də ədəbdən kənar sözlərin, ifadələrin işlədilməsini qəbul edə bilmirəm.Belə ucuz vasitələrlə tanınmağa, yadda qalmağa cəhd heç ürəkaçan deyil.

- Nəsrə müraciət etməyiniz sizi şeirdən ayırmır ki?

- Yox, hərəsinin öz yeri var; bəzən özün də hiss etmədən düşündüklərini şeirə çevirirsən, bəzən də nəsrlə ifadə edirsən.

- Kiçik həcmli əsərlər yazmaq sizi şeirə doğru aparır, ya əksinə?

- Bəlkə də, ədəbiyyata şeirlə gəldiyimdəndir, bəlkə də, daxili potensiyadır, bilmirəm, nəinki pritça, hekayə, hətta publisistik yazı yazanda da ortaya qoyduğum ədəbi məhsulun, belə deyək ki, 40-50 faizi şeir olur. Bəzən yazılarımda sətirlər qafiyələnir... 

- Yazılarınız real hadisələrdən götürülüb, yoxsa yazıçı təxəyyülünün məhsuludur?

- Mən hər şeydən əvvəl xaraktercə realistəm, odur ki, real həyatdan kənarda ola bilmərəm. Ancaq yazıçı təxəyyülünü də real həyat hadisələrinin daha canlı, daha dolğun ifadəsində vacib şərt sayıram.Odur ki, hər ikisi var yazılarımda.

- Deyirlər, Oqtay Rzanın sizə kiçik bir şeiri var, onun tarixi hardan qaynaqlanır?

- Bəli, Oqtay Rzanın “Adlı, ünvanlı sətirlər” adlı maraqlı bir kitabı var və bu kitabda rəğbət bəslədiyi yüzlərlə insana ürək sözləri. Sağ olsun, o rəğbətdən mənə də pay düşüb. Düzü, bunun xüsusi bir tarixçəsi yoxdur. Həmin kiçik (mənimçün çox böyük) şeiri iş otağımda divardan asmışam: 

Sağ ol, ey məmləkət, el qızı Hicran!

 Nəfəsin əridir sal buzu, Hicran!

 Fərqanə Mehdinin yaxın həmkarı,

“Ulduz” dərgisinin ulduzu Hicran!

Gözəl şairimizə burdan bir daha təşəkkür edir, uğur diləyirəm.

- Ədəbiyyatı həyatla əlaqələndirirsiz?

- Əlbəttə, bayaq da dedim, həyatdan kənarda, illüziyada ədəbiyyat yoxdur. Ədəbiyyat həyatn sözlə çəkilmiş şəklidir, məncə.Uydurmaçılığı, süni pafosu sevmirəm.

- Tənqid ümumilikdə Hicran Hüseynovanın əsərlərinə təsir edib? 

- Yox, yəqin ki. Mən öz ampluamda olan adamam. Ən xoş sözlər də məndə az bir müddətə təsir oyadır. Məni, demək olar, tənqid edən olmayıb, əksinə, hamı tərifləyib.Hörmətli tənqidçilərimiz Vaqif Yusifli, Aydın Dadaşov, Əsəd Cahangir haqqımda xoş sözlər deyib, yazıb.Hər birinə minnətdaram.

- Ələkbər Salahzadəni necə xatırlayırsınız ?

- Böyük insan idi, gözəl şair idi, olduqca həssas qəlbi vardı. Yadımdadır, rəfiqəm Nigarla “Ulduz”a tez-tez yazı gətirirdik.İşə qəbulla bağlı hər ikimiz xahişimizi bildirmişdik.Susurdu. Ta o vaxta qədər susdu ki, mən bir gün Nigardan ayrı, tək gəldim redaksiyaya. Dərhal sənədlərimi gətirməyi tapşırdı.Başa düşdüm ki, o məni seçsə də, ifrat həssaslığı üzündən rəfiqəmin yanında bunu dilinə gətirmirmiş. Sonralar da Nigar da belə nəticəyə gıldiyini bildirdi...

Hər yazımı oxuyandan sonra belə deyirdi: ”Yaxşıdır, çox yaxşı!” Və bu bir kəlmə söz mənə az qala bir tədqiqat əsəri qədər böyük təsir bağışlayırdı. 

Ruhuna rahatlıq diləyirəm, vaxtaşırı “Yasin” oxuyuram...

- Ədəbi aləmdə dəyirmi masa ətrafında əyləşmək istəmədiyiniz həmkarınız çox güman ki var....

- Belə bir adam var, təbii. Ancaq mənim məzmunsuz adamla bir masa ətrafında oturmaq ehtimalım sıfıra bərabərdir.

-Niyəsini bilmək olar?

Niyə belə bir adam var,- soruşursuz. Nə deyim, var də. Mən onu mənasız, məzmunsuz etməmişəm ki... Həm də mənfiliklərdən söz açıb, xırda hisslərdən danışıb xələl gətirmək istəmirəm söhbətimizə.

- Ədəbiyyatda nələri görmək istəyirsiniz?

- Birinci növbədə dilin, üslubun gözəl, yerli-yerində olmasını. Mən nəinki hər sözün, hər ifadənin, hətta şəkilçinin belə üstündə əsirəm.Başqalarından da bunu tələb edirəm.Necə deyərlər, əlimdə yağım daşsa da, redaktə etdiyim yazını təmiz, yararlı şəklə salmadan çapa verə bilmərəm.Sonra, bayaq dediyim kimi, ədəbiyyatın real həyata bağlılığını.İstəyirəm ədəbiyyat həyatı həqiqi mənada əks etdirsin.Əslində, hər bir dövrün tarixini tarixçilərdən çox yazıçılar, şairlər, jurnalistlər yazır. Qoy layiqli şəkildə yazsınlar...

Əntiqə Səməndər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı