Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Qalmaqala verilən pul, yaxud sadəcə alt məqsədlilər



Yeniyetmə yaşlarımızdan, hələ sovet dönəmi süquta uğramamışdan qabaq çox sistemdən və yazılmamış qanunlardan, hamının normal qəbul etdiyi nəsnələrdən xəbərimiz var idi. Bilirdik ki, Bakıda və bölgələrdə fəaliyyət göstərən az qala bütün mehmanxanalarda pullu fahişələr var və qapıçını “görüb” içəri keçən kişilər bir qırmızı onluğa (sonralar 1 “Şirvan”a) şəhvətlə girdiyi məkandan şəhvətsiz çıxır. O vaxt bilirdik ki, yolboyu düzülən, meşələrdə və mənzərəli yerlərdə fəaliyyət göstərən yeməkxana və restoranlarda oxuyan xanımlar əslində fahişəliklə məşğuldur, oxumaqdan daha çox tamahlı və matah kişilərin cinsəl ehtiyacını ödəyir. 

Və zaman ötdü, tam qapalı olan bu fəaliyyət növü açığa çıxdı: ötən əsrin 90-cı illəri başlayanda bu mehmanxanalar bağlandı. Orada fəaliyyət göstərən fahişələr cəmiyyətin içinə buraxıldı. Kafe və restoranlarda oxuyanlar efirlərə ayaq açdı. Həmin illərdə Bakı şəhərinin əksər binasının 1-ci mərtəbəsi və ya zirzəmisi video-salonlara çevrildi, erotik filmlərin nümayişi müqavimətsiz olaraq sürətləndi. Hətta iş o yerə çatdı ki, tələbə qızlar da kollektiv şəkildə o filmlərə baxmağa gəlirdi. Bunun üstündən də pornoqrafik qəzet və jurnallar güclü sponsorlar tərəfindən maliyyələşdirildi. Səhifələri bəzəyən ehtiraslı şəkil və yazılar oxuyan hər kəsi normal durumdan çıxartdı. Onlar özlərinə yataq müttəfiqi, əyləncə həmdəmi aramağa başladılar. Birdən-birə bu video-salonlar və qəzetlər də dayandırıldı. Bir yerə cəmləşən ehtiras soraqlı tamaşaçı və oxucu səyyar axtarışa çıxdı, cəmiyyətin ən müxtəlif təbəqələrinə sirayət etməyə başladılar. Sonu faciəli olan rusdilli məşhur bir jurnalımız isə manşeti belə bir başlıqla bəzədi: “Azərbaycanda seksual inqilab başlandı”.

Bütün deyilənlərin üzərinə missioner təşkilatların azad-asudə şəkildə öz təbliğatlarını aparmasını, təxribatçıların gen-bol fəaliyyətini, geni dəyişəcək qədər ümidsizlik toxumu səpənlərin meydan sulamasını, cahilin, savadsızın, şərəfsizin önə çıxarılmasını da gəlsək, gerçək mənzərəni və hazırkı durumumuzu təsəvvür etmək o qədər də çətin deyil. Tam bir Şər yığnağı. Şər isə heç vaxt dayanmır, xüsusən də Xeyir küncə sıxılanda...

Şər bu gün də öz zülmü və zalımlığı ilə dim-dik durub, hər cinahda hücumdadır, hamını para ilə ələ almaqda davam edir. Bu istiqamətdə ən ideal yol televiziyalardır. Layihələr səviyyəsiz, aparıcılar primitiv və zəkasız, mövzular əttökən, mahiyyət zövqlərə balta vurmaq, motiv qalmaqal və s. Nədənsə normal, vətənpərvər, maarifləndirici layihələrə heç bir sponsor yaxın durmur. Güclü sponsorlar yalnız göbəkdən aşağı düşünürlər, ali məqsəd onlar üçün alt məqsəddir, yəni altdakı məqsəddir. Özüm də dəfələrlə buna şahid olmuşam. Əminəm ki, erotik bir film çəkəcəyimi elan etsəm, saysız sponsorlar ortaya çıxar, həmçinin qalmaqal yaradacaq layihələr üçün. Qalmaqal demişkən, dəfələrlə olub ki, hansısa bir verilişə dəvət almışıq və nə qədər cəhd etsələr də, qarşı-qarşıya duran tərəflər səviyyəsini qoruyub, normal fikir mübadiləsi aparıblar. Verilişdən sonra aparıcı başda olmaqla bütün yaradıcı heyət məyus olub. Nə var-nə var, hər hansı “skandal” yaşanmayıb. Vaxtilə məşhur bir TV-də məşhur bir verilişin məşhur bir aparıcısı vardı (indi də məşhurdur), hazırda da özünü vətənsevər, əxlaqlı göstərib bayağı çağırışlar edir. Halbuki pul və qadın düşkünü kimi tanınır, pul və qadına görə hər şeyini satar. Onun verilişində olanda da müzakirəmiz qalmaqalsız keçdi. Efir bitəndə az qala üsyankarcasına mənə dedi ki, niyə dava etmədiniz, niyə çörəyimizə bais oldunuz? Əvvəl anlamadım, təbii olaraq sual da etdim. Dedi ki, qalmaqal olmasa, tamaşaçımız azalır, sponsor pulumuzu kəsir… 

Sözardı: Mən 1996-cı ildən müntəzəm olaraq efirə çıxıram, 10-a yaxın layihələrim, 4 verilişim olub. Amma təxminən üç il qabaq ilk dəfə olaraq məşhur bir şou verilişə çıxmışdım. Verilişdən dərhal sonra Yevlaxda yaşayan xalam zəng vurub belə dedi: “Qadan ürəyimə, balaca olanda deyirdin ki, gələcəkdə məni televizorda göstərəcəklər. Axırı arzuna çatdın?” Üstündən yarım saat sonra Gəncədə yaşayan bir sinif yoldaşım zəng etdi: “Səbuhi, şükür! Axır ki, televiziyada gördük səni”. Bax, belə!

Səbuhi Rəhimli








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений