Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Bir mitinqə sözardı: Biz sizdən yorulmuşuq



Uzun müzakirədən, məsləhətləşmədən, çox səs-küydən, həyəcanlı bəyanatlardan, qarşılıqlı ittihamlardan, təhqir və söyüşlərdən sonra nəhayət ki, Milli Şura və Müsavat martın 10-da “Məhsul” stadionunda birgə mitinqini keçirdi. İcazəli mitinqə hazırlığın yüksək səviyyədə aparılmadığı sosial şəbəkələrdəki həvəssiz statuslardan elə əvvəldən bəlli olurdu. Ona görə həvəssiz deyirik ki, xalqı çoşğu ilə meydana çağıranların özlərində həmin coşğudan əsər-əlamət sezilmirdi. Sıradan bir işlə məşğul olurlarmış kimi davranışları vardı, həyəcansızlıqları səslərinə də yansıyırdı, canlı yayımlarda belə xalqı meydanı doldurmağa çağırışlarında qətiyyət, özügüvən hiss edilmirdi. Sanki adi tapşırığı icra edirlərmiş kimi bir görüntü sərgiləyirdilər. 

“Yurd” sədri Əli Kərimlidən tutmuş Müsavat yetkililərinə qədər dəfələrlə sosial şəbəkələrdə mitinqə çağırışlar səsləndi, birgə mitinqin əhəmiyyəti vurğulandı, bunu hətta müxalifətin nəhayət ki, birləşmək çağırışlarına müsbət reaksiya verməsi kimi qiymətləndirənlər də oldu. Proseslərə bələd, “müxalifət mətbəxindən” xəbərdar olanlardan başqalarının düşdükləri “birləşmək xülyasını”  mitinq stadionundakı ab-hava elə ilk baxışdan puça çıxardı. Hər kəs öz bildiyini oxudu, hərə öz dili ilə danışdı, biri danışanı o biri dinlədimi, onu bilmirik, amma dinləmədilərsə belə, qınamalı deyil. Bu çıxışlar illərdir səslənir, illərdir təkcə nitqi söyləyənlər yox, dinləyənlər də onu əzbərləyib. 

Nöqtə-vergülünə qədər bildikləri bu çıxışlarda dəyişən təkcə illərdir. Bir ilin yerinə digərini qoyur, vəziyyətdən asılı olaraq (bu, artıq qalıb natiqin duyum qabiliyyəti və istəyinin böyüklüyünə-müəllif) çıxışının “barıtını” bir az çox və ya az edir, təşəxxüslə əlini yuxarı qaldırıb stadionu salamlayır (uzun illərdir meydanı yaza bilmirik, çünki artıq meydan yox, stadion var-müəll.),  çıxışını edir, sonra da “liderlər” maşınına, iştirakçılar metroya minib hərə öz gəldiyi ünvana qayıdır. 

Qayıtdıqdan sonra yəqin ki, çıxışıçılar da, iştirakçılar da daha geniş meydanda, minlərin qarşısında çıxış edirmiş kimi təsəvvürlərindən keçirməyi, ən azı arzulamağı özlərinə ar bilmirlər. Amma ar bilmədikləri bu yerdə kaş bir də niyə illərdir buna nail olmadıqlarını düşünsələr. Bəlkə o vaxt həqiqət kələfinin ucunu tapıb çözməyə başlayarlar. Xalq sizi istəmir. Bunu anlamaq görəsən o qədərmi çətindir, yoxsa qəbullanması bilməsindən daha çətindir ki, dəyişməyə, meydandan çəkilməyə, siyasətdən getməyə, lap elə təşkilat sədrliyindən istefa verməyə özündə güc tapa bilməyənlərin qorxulu röyasına çevrilib? Birdəfəlik qəbulu çətindirsə, uzun illərdən sonra heç nəyə nail olmadan geri çəkilmək arınıza gəlirsə,  bir az da abrınıza qısılın, müvəqqəti də olsa, siz olmayan siyasətə kənardan baxın. 

Bəlkə onda daha yaxşı görünəcək? Bəlkə öz deməyinizlə, ancaq yaxşı günlər aruladığınız xalq yenidən problemlərdən çıxış tapılmasında ümid ola biləcəyi müxalifəti tapacaq? Bəlkə sizin illərdir var qüvvənizlə məhv etdiyiniz inamı yenidən dirçəltmək üçün sizin olmadığınız bir meydan daha yaxşı olardı? Bəlkə xalq sizin tribunda olmadığınız meydanı daha tez dolduracaq? Bəlkə öz problemlərini demək üçün sizin dilinizə ehtiyacı yoxdur? 

Bəlkə öz sözünü elə meydanda özü deyəcək? Bəlkələr çox oldu deyə özünüzü yormamağınızı da təbii qarşılamaq olar, ancaq uzun-uzun illərdir nəticəsiz “mübarizədən” yorulmayan sizləri bir-iki sualın yoracağını düşünəcək qədər sadəlövh deyilik. Amma biz yorulmuşuq, sözünüzün olmayan kəsərini xalqa “kəsərli söz” deyə sırımaq cəhdinizin uğursuz nəticəsindən də, tribunadakı jestlərinizdən də, sizi meydana hamıdan sonra gətirən “lideryana” hərəkətlərinizdən də... 

BİZ SİZDƏN YORULMUŞUQ!

Elnarə Kərimova








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений