Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Bir gün xatırlanan Xocalı



26 fevral-Xocalı şəhidlərinin anım günüdür. 1992-ci ilin həmin günündə ermənilər Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində dəhşətli soyqırımı həyata keçiriblər. Əslində Xocalı faciəsi elə dəhşətli bir hadisədir ki, bunu təkcə 26 fevralda yad etmək doğru deyil. Bu mənim subyektiv fikrimdir. Biz ümumiyyətlə, xalqımızın başına gələn faciələri ancaq həmin günlərdə xatırlayırıq. Bəlkə də bir millət olaraq bu bizim ən böyük səhvimizdir. Xocalı hadisələrini bir çox dünya ölkələri soyqırım kimi tanıyıb. Təbii ki, bu təqdirəlayiqdir. Ancaq Xocalı soyqırımını tanıyan ölkələr arasında Azərbaycanın-bu faciəni yaşayan bir ölkənin olmaması həqiqətən ağrıdıcıdır.

Türkiyənin bir sıra şəhərlərində Xocalı abidəsi olsa da Türkiyə Böyük Millət Məclisi Xocalı soyqırımını rəsmən tanımır. Qeyd edək ki, Azərbaycan Milli Məclisində də Xocalı soyqırımının rəsmən tanınması haqqında sənəd qəbul olunmayıb. Soyqırımı tanımayan ölkələr arasında İran, Rusiya, Gürcüstan kimi yaxın qonşularımız da var. Dünyanın bir çox ölkələrində isə Hollandiya, Almaniya, Sarayevo, Bosniya və Herseqovina, Meksika və Türkiyənin Ankara, İzmit, İzmir və Sakarya şəhərlərində Xocalı soyqırımına aid abidələr ucaldılıb.

Xocalı soyqırımında-26 fevralda hər kəs Bakıda “Xətai” Metrostansiyası qarşısında yerləşən “Ana harayı” abidəsini ziyarət edir. Kimisi görüntü, kimisi ürəyində olan yanğını bir az da olsa söndürmək üçün.

Dəfələrlə millət vəkillərinin xaricə səfərləri çərçivəsində Xocalı soyqırımı haqqında danışıdıqlarının şahidi olmuşuq. Ancaq bir onlardan soruşan yoxdurmu ki, siz niyə özünüz rəsmi qaydada Xocalı hadisələrini soyqırım kimi tanımamısız?

Erməni hərbi birləşmələrinin Rusiyanın 366-cı motoatıcı alayı ilə birlikdə törətdikləri Xocalı soqırımından 26 il ötür. Soyqırımı törədən ermənilər əslində baş verməyən soyqırımı dünyaya elə sırıyırlar ki, adamın lap inanmağı gəlir. Bəs biz??? Biz niyə yaxın keçmişdə baş verən soyqırım hadisəsini ancaq 26 fevralda xatırlayırıq?

Bu günlərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Dünyada vəhşi qətliam arayan varsa, bu, Xocalıdır” deyib. Ancaq qardaş ölkənin Böyük Millət Məclisi rəsmi olaraq Xocalını soyqırım kimi tanımır. Deyirlər uman yerdən küsərlər... Amma hesab etmirəm ki, bizim Türkiyədən küsməyə haqqımız var. Adamlar haqlı olaraq deyərlər ki, bizdən niyə küsürsüz, axı siz özünüz də belə bir sənəd qəbul etməmisiniz...

Bir dəfə Azərbaycanın işğal olunmuş əraziləri haqqında bir yazı yazılmışdı. Yazı Şuşanın işğal günündən sonraya təsadüf edirdi. Yazının başlığı bu cür idi: “Şuşanı yola verdik, qaldı Laçın”. Bəli, biz məhz işğal günlərini “yola veririk”. Yadımıza düşəndə yad edirik, yadımıza düşməyəndə isə gündəlik həyatımızı yaşayırıq. Biz hər zaman qeyri-iş günlərini yadımızda saxlayırıq. Bu gün kimdən soruşsan, hamı mart ayında neçə gün qeyri-iş günü olacağını əzbər bilir. Bəlkə biz istirahət etməyi xoşladığımız üçün bu günlərə önəm veririk. Bir müddət öncə paytaxt sakinləri arasında sorğu keçirildi. Sorğu işğal olunmuş rayonlar haqqında idi.

Həmin sorğuya baxandan sonra mən də çox şey “öyrəndim”. Məsələn, mən həmin vaxta qədər  İmişlinin, Siyəzənin, Xızının “işğal” olunduğunu bilmirdim.

Bəlkə də bunların günah payından bizə də çatır. Dedim axı, biz istirahət etməyi xoşlayırıq. Bəlkə də bütün işğal günləri qeyri-iş günü elan olunsa, heç kim həmin günləri unutmayacaq.

Bütün hallarda biz tariximizə bu cür münasibət göstərdikcə, dəyişən heç nə olmayacaq. Yox, dəyişən olacaq. Məsələn, keçən il yazırdıq ki, Xocalı soyqırımdan 25 il ötür, bu il rəqəm dəyişərək 26 olacaq. Başqa isə heç nə...

Vilayət Muxtar

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений