Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İran yenidən qarışır: Bu dəfə dollara görə



İran rəsmiləri milli pul vahidi rialın dəyərdən düşməsinin qarşısını almaq üçün ölkədəki valyutadəyişmə məntəqələrini bağlayır. Ölkədə çoxlu sayda valyuta alqı-satqısı ilə məşğul olan şəxs həbs edilir. İran mediasının yazdığı xəbərə görə, İran Hüquq-Mühafizə Qüvvələri komandiri E. Rəhimi təxminən 90 nəfərin həbs edildiyini açıqlayıb.

İranın dövlət yayım orqanlarına görə, rial, çərşənbə axşamı dollar qarşısında rekord aşağı səviyyəyə geriləyib. Dollar/rial məzənnələri bəzi əməliyyatlarda 50 səviyyəsinə qalxmışdı. İranda valyutadəyişmə məntəqələri dollar daxil xarici valyutaları banklara nisbətən daha yaxşı qiymətdən alıb-satdığı üçün iranlılar tərəfindən üstünlük verilir.

İqtisadçı-ekspert Razi Abbasbəyli “Cumhuriyət” qəzetinə bildirib ki, milli valyutanın xarici valyutalara nisbətdə dəyərdən düşməsinin qarşısını almaq üçün atılan profilaktik addımlardan biri də pərakəndə bazara nəzarətin edilməsidir: “İran kifayət qədər geniş coğrafi əraziyə malikdir və əhali sayına görə böyük dövlətdir. Buna görə də, valyutadəyişmə məntəqələrinin bağlanması prosesi mövcud problemlərin qarşısının alınması üçün atılmış kompleks addımların tərkib hissəsidir. İran rialının dəyərdən düşməsinin bir çox səbəbləri var. Bunlardan biri İranın dünyadakı siyasi mövqeyinin dəyişməsi, Yaxın Şərqdə baş verən proseslər, o cümlədən, son dövrlər rəsmi Tehrana qarşı tətbiq edilən iqtisadi sanksiyalardır.

İran bazarı uzun müddət qapalı şəraitdə mövcud olduğuna görə, rialın dəyərinin artması və azalması demək olar ki, baş vermirdi. Bazar açıldıqdan və iqtisadi sanksiyalar ortadan qalxdıqdan sonra rialın dəyərində bir sıra dəyişikliklərin baş verməsi qaçılmaz idi. Çünki həm ölkə daxilində yatırılmış investisiyalar, həm xarici ticarət münasibətlərində tarazlıq pozulmuşdu. Bu da öz növbəsində İranın milli valyutasının dəyərinə təsir etdi”.

İqtisadçı qeyd edib ki, rəsmi Tehran hökuməti gedən proseslərin qarşısını almağa çalışır: “Mövcud durumda dövlətin itirəcəyi bir məqam yoxdur, proses sadəcə olaraq vətəndaşların sosial vəziyyətinə təsir edir. İran da çalışır ki, valyuta dəyişmələri əhalinin yaşayışına təsir etməsin. Fiskal siyasət olaraq İranın bank sektorunda da böhranlar mövcuddur. İranda valyutadəyişmə məntəqələrinin bağlanması və bu işlə məşğul olan şəxslərin həbs edilməsi nəticə etibarilə prosesə təsirini artıracaq”.

Yeganə Oqtayqızı

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений