Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İsraildən Azərbaycana növbəti jest: Yeganə müsəlman müttəfiq, 40 faiz neft və böyük silah bazarı



İsrail parlamenti (Knesset) növbəti dəfə qondarma erməni soyqırımını tanımaqdan imtina edib.

Cebhe.info “Jerusalem Post”a istinadən xəbər verir ki, məsələ ilə bağlı qanun layihəsi ilkin oxunuşdan sonra rədd edilib. “Knesset “Yeş Atid” partiyasının sədri Yair Lapidin irəli sürdüyü erməni soyqırımı layihəsini rədd edib”, - deyə qəzet yazır.

İsrailin xarici işlər nazirinin müavini Tsipi Xotoveli bəyan edib ki, “soyqırım”a həsr edilmiş tədbirlərdə iştirak etmək üçün 2015-ci ildə İrəvana nümayəndə heyəti göndərilsə də, məsələnin son dərəcə siyasi xarakter daşıdığını və diplomatik fəsadlara gətirib çıxaracağını nəzərə alaraq, İsrail adıçəkilən məsələ ilə bağlı rəsmi mövqe tutmayacaq.

İsrailin “erməni soyqırımı”nı tanımamasının gizlinləri

İsrail Ermənistanın bütün təkidlərinə baxmayaraq, 1915-ci ildə - Birinci Dünya Müharibəsi vaxtı Osmanlı İmperiyası ərazilərində ermənilər ətrafında baş vermiş hadisələri soyqırım kimi tanımır. Mərmərə olaylarına qədər İsrailin bu tələbi rədd etməsinin əsas səbəbi kimi Türkiyə və bu ölkə arasındakı yaxın münasibətlər göstərilirdi. Lakin Mərmərə böhranının qarşıdurma riski yaratdığı vaxt da rəsmi Təl-Əviv ermənilərin bütün istəklərini rədd etdi. Üstəgəl, həmin vaxt və bundan sonrakı illərdə İsrail qondarma iddianı tanımamaqla kifayətlənmədi, ABŞ-ın siyasi dairələrindəki nüfuzundan istifadə edərək, rəsmi Vaşinqtonun da tanınmaq cəhdlərini əngəllədi. İsrailin bu fəaliyyəti bu gün də Türkiyə ilə yanaşı, Azərbaycan da daxil olmaqla digər türkdilli ölkələrin bu dövlətlə yaxın münasibətlər qurmalarında təsiredici rola malikdir. Bu baxımdan, Azərbaycanda da İsrail və yəhudi lobbisinin ABŞ-da fövqəltəbii güc olduğuna inananların sayı çoxdur. 

Mərmərə böhranı səngidikdən sonra normal məcraya qayıdan İsrail - Türkiyə münasibətləri ABŞ-ın Qərbi Qüdsü İsrailin paytaxtı kimi tanımasına rəsmi Ankaradan verilən sərt etiraz, münasibətlərin üzərinə yenə kölgə saldı. Hazırda da münasibətlərdə gərgin dönəm davam edir. Uzun müddətdir ki, Türkiyənin İsraildə səfiri yoxdur, Mərmərə olaylarından sonra isə İsrailin Türkiyədəki səfiri ən pis formada bu ölkədən qovulmuşdu. Üstəgəl, Türkiyə ilə hərbi sahədə əməkdaşlığı dayandıran Təl-Əviv digər yandan, Amerikadakı lobbisinə Türkiyə tərəfdarı olan diplomatlarla münasibətləri dayandırmaq göstərişini verib. Lakin buna rəğmən, İsrail yenə də qondarma soyqırımı tanımır, tanımaq istəmir. Halbuki Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda bütün islam və müsəlman dövlətlərini Fələstinə görə İsrail və ABŞ əleyhinə ayağa qaldıranda Təl-Əvivin bunu “soyqırımı” tanımaq üçün fürsət kimi dəyərləndirəcəyi gözlənilirdi. Fələstinə görə İstanbula yığılan müsəlman dövlətlərinin liderlərinin toplantısı bitməmiş İsraildən olan yüksək çinli dövlət adamları, akademiklər, sənətçilər, deputatlar “soyqırım”ı tanımaq üçün kampaniyaya başladılar, lakin bu da İsrail hökuməti tərəfindən geri çevrildi. Bundan başqa İsrail hər il qondarma soyqırımın ildönümü günlərində İrəvanda keçirilən mərasimlərdə də yüksək səviyyədə iştirak etmir. Təl-Əviv hər il İrəvana 2-3 deputat göndərməklə kifayətlənir. Əlbəttə, bu baxımdan, İsrailin Türkiyə ilə münasibətlərdəki gərginliyi fürsət kimi dəyərləndirib bu saxta iddianı tanımaq imkanı olduğu halda, bundan imtina etməsi həmişə maraq mövzusu olub.

Azərbaycan faktoru

İsrailli rəsmilər “soyqırım”ı tanımaqdan imtina etmələrini təkcə Türkiyə ilə münasibətlərindən qaynaqlanmadığını, Azərbaycanın da maraqlarını nəzərə aldıqlarını dəfələrlə etiraf ediblər. Şübhəsiz ki, İsrailin bu məsələdə Azərbaycan faktorunu nəzərə almasının səbəblərindən biri Xocalı soyqırımı ilə bağlıdır. Yəni, İsrail qondarma erməni soyqırımını tanısa, o zaman Xocalı soyqırımını da tanımaq məcburiyyəti qarşısında qala bilər. Digər yandan, Azərbaycan müsəlman ölkələri arasında İsrailin yeganə müttəfiqidir. İki ölkə arasındakı ticarətin həcmi 10 milyard dollara yaxın olduğu halda, İsrail neftə olan ehtiyacının 40%-ni Azərbaycandan tədarük edir. Bir tərəfdən də Azərbaycan İsrailin ən böyük silah bazarıdır. Əlbəttə, tərəflər arasındakı çoxşaxəli əlaqələr dünyanın da diqqətindən kənarda deyil. Hələ 4 il əvvəl ABŞ-ın İrana hərbi müdaxilə ehtimalı gündəmə gələndə ABŞ-da nəşr olunan “Foreign Policy” jurnalı İsrail – Azərbaycan münasibətlərinə dair sensasion sayılacaq iddia irəli sürdü. Jurnal iddia edirdi ki, İsrailin də qoşulacağı bu müharibədə əsas dayaq nöqtəsi Azərbaycan olacaq: “İsrail özünə ən güclü hərbi hava bazasını qurub. Bu bazanın adı Azərbaycandır”.

“Azərbaycana görə tanımırıq”

İsrailin müdafiə naziri Aviqdor Liberman keçən ilin noyabr ayında Rusiyanın “RTV 1” telekanalına müsahibəsində ölkəsinin Azərbaycanla münasibətlərindən və qondarma erməni soyqırımından danışdı.  Aparıcının “Bəzi beynəlxalq təşkilatlar Türkiyəyə təzyiq etmək məqsədilə İsraili “erməni soyqırımını” tanımağa çağırırlar, siz buna necə baxırsınız” sualına cavab olaraq, müdafiə naziri bildirib ki, bu, hər şeydən əvvəl, tarixi, həm də, mübahisəli məsələdir: “Erməni soyqırımı” ilə bağlı İsrailin mövqeyi dəyişməzdir. İsrailin qondarma “erməni soyqırımı”nı tanımaması birbaşa olaraq ölkəsinin Azərbaycanla münasibətləri ilə bağlıdır. Yəni, İsrail qondarma soyqırımı Azərbaycana görə tanımır. “Sözsüz ki, Azərbaycanla əlaqələrimiz bizim üçün daha vacibdir”.

Qərarın görünməyən tərəfindəki səbəb

İsrailin indiki müdafiə, keçmiş xarici işlər naziri Aviqdor Liberman, keçmiş müdafiə naziri Moşe Yallon dəfələrlə Azərbaycanda səfərdə olub. İsrailin mərhum prezidenti Şimon Peres də Bakıya gəlib. İsrailin baş naziri Binyamin Netanyahunun keçən il Bakıya reallaşdırdığı səfər isə bütün dünyanın diqqətini bir anda Azərbaycana çəkmişdi. Əlbəttə, bu da təsadüfi deyildi. Azərbaycan nadir müsəlman dövlətlərindəndir ki, İsrailin baş naziri hansısa səbəbdən bura səfər etməyi məqsədəuyğun bilirdi. Hesab etmək olar ki, bu səbəblərin başında Azərbaycanın İranın qonşusu olması gəlir. İranın nüvə proqramını özünə qarşı təhdid görən İsrail üçün bu baxımdan, Azərbaycanın əhəmiyyəti hədsizdir. Düzdür, Ermənistan da İranla sərhəddə yerləşir, lakin 35 kilometrlik dağlıq bir sərhəd zonası İsraili maraqlandırmır. Azərbaycanın İranla sərhədlərinin uzunluğu isə 611 km-dir. Üstəgəl, İsrail Binyamin Netanyahunun Hitler Almaniyasına oxşatdığı Ermənistanı İranın müttəfiqi kimi qəbul edir. İranın isə Azərbaycanla münasibətləri soyuqdur və Bakı digər yandan Tehranla müqayisədə Təl-Əvivə daha çox etibar edir. 

Yəni, açıq formada ifadə etsək, İsrailin qondarma soyqırımı tanımamasının kökündə təkcə Azərbaycan və Türkiyə dayanmır. Səbəb həm də bu ölkənin İranla bağlı planlarıdır. Şübhəsiz ki, İsrail bu saxta iddianı tanımaqla nə vaxtsa İrana çıxış imkanı kimi baxdığı bir məkandan məhrum olmaq istəməz. İsrailli diplomatlar bu məsələ o siyasi dillə izah edirlər ki, rəsmi Təl-Əviv bölgədəki tarazlığı pozmamaq və vəziyyəti gərginləşdirməmək üçün bu “soyqırımı” tanımır. İsrail prezidenti Rueven Rivlin də məsələ ilə bağlı sonuncu çıxışında 9 dəfə “soyqırım” kəlməsini işlətsə də, bu da öz rəsmi təsdiqini tapmadı.

Peresin tarixi açıqlaması

Əlbəttə, İsraili bu məsələdə ehtiyatlı davranmasının başqa bir səbəbi də var. İsrailin 1915-ci il hadisələrini “soyqırım” olaraq tanımaması başqa bir tərəfdən də bunun Yəhudi soyqırımını (Holokost) arxa plana atacağı ilə izah edilir. Ölkədəki bir çox diplomat və siyasi fəal İsrail hökumətinin digər xalqların yaşadığı faciələrə daha həssas yanaşmalı olduğunun vacibliyini müdafiə etdikləri halda, qalan siyasi kəsim bunun İsrailin əleyhinə olacağını bildirir. Əslində Şimon Peres bir neçə il əvvəl çıxışında bununla bağlı beyinlərdə yaranmış bütün suallara aydınlıq gətirdi. Mərhum prezident çıxışında “Erməni xalqının başına gələn hadisələrlə Holokostu müqayisə etdim. Lakin Holokostun tarixdə tək olduğunu gördüm və buna oxşar soyqırım tapa bilmədim. Ermənilərin başına gələn hadisələr soyqırım deyil, faciədir”,- demişdi.

Mənsur Rəğbətoğlu
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений