Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Şaxta baba, atam və mən



Salam, Şaxta baba!

Çox çək-çevir etmirəm, elə birbaşa söhbətə girirəm. Sizdən zəhləm gedir. Siz qədər mənasız, şarlatan, yalançı şey tanımıram. Həmişə ilin bu vaxtları şayiə-zad yayılır ki, guya siz marallara minib çiyninzdə də bir xurcun hədiyyə-zad gəlib bacadan uşaqlara hədiyyələr atırsınız.

Kimi aldadırsız?

Heç mən uşaq olanda da sizə inanmamışam. Heç vaxt sizdən nəsə ummamışam.

Siz narkomansız? Bəlkə “perdoz” getmiş bir narkomansız? Bəlkə də siz çəkib-çəkib, vurub-vurub özünüzü insanlara Şaxta baba olduğuna inandırmış bir əyyaşsınız?

Elə məni də niyə varsınızsa varlığınız, yoxsunuzsa da yoxluğunuzun narahat etdiyini bilmirəm. Sözün açığı, hər ilin bu vaxtı adınızı kimsə çəkməsə heç yadıma da düşmürsüz. İndi sizin haqda niyə yazdığımı da bilmirəm. Mənə də mənasızdı bu yazdıqlarım. Mövzu qıtlığıdırmı, ya nə bilim bomboşammı deyə, vaxt getsin deyəmi? Bilmirəm! Amma yazıram.

Ümumiyyətlə, sizə vaxt getsin deyə yazdığıma da inanmıram. Çünki tələsən bir yerim də yoxdur. Boşluğu desəniz, həmişə beləyəm. Bomboşam. Mən boş adamam, vəssalam!

Amma sizə nifrət edirəm. Milyard il əvvəl atam ölüb mən özümü çovğunun içinə atıb hirsimdən, hikkəmdən qarı ağzıma basıb qarnımı su ilə dolduranda bir dəfə də qayıdıb demədiniz ki, eləmə, lazım deyil. Düzdür, o vaxt da sizə inanmırdım. Amma o həmin vaxt idi ki, üz cizgilərimdə, içimdə, yerişimdə, duruşumda, istəklərimdə uşaqlıqdan əsər-əlamət vardı. Hisslərə qapılıb nə etdiyini bilmədən, ağılsız qərarlar verən və gələcək üçün heç nə vəd etməyən adi bir canlı idim. 

Amma bir dəfə də əlimdən tutub ağzıma basdığım qarı almadınız. Heç gecə yarısı – hamını yuxuya verəndən sonra atamın jaketinə bürünüb papağını gözlərimin üstünə basıb ac çaqqalların, canavarların, tülkülərin arasından keçib qəbiristanlığa gedəndə də kimisə oyatmadınız ki, ağlımı itirmişəm.

Mənsur Rəğbətoğlu
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений