Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İt ilə yatan bit ilə qalxar



İdeal olmayan dünyada ideal münasibətlər axtarmaq  cəfəngiyyatdır. Bütün dünyaya rəgmən, biz bu cəfəngiyyatı kənara atıb, ideal olmağa çalışan millətik. O qədər vasvasıyıq  ki,  insanın  formalaşmış təfəkkürünü  silib, təmizləyib, paklayıb  öz bildiyimizi ora yazmağa qədər hər şeyə hazırıq. “Yazıya pozu yoxdur” deyiblər. Bəs  zorən  yazdığımız yazı kim və nə üçündür? Əsas sual budur... 

Həyata “Yazıya pozu yoxdur”  konspesiyası ilə baxsaq, onda hamımızın içimizi çəkib gileyləndiyimiz, gündən -günə artan boşanmalar da  bir  alın yazısıdır. Əgər alın yazısıdırsa, onda giley nədir?  “Dəyər” deyib hay çəkənlərin dəyərə münasibəti hələ də konkret, anlaşılan deyil.  

“Ailə dəyəri” demişkən,  deyirlər ki, ta kişilər boşanmır, qadınlar boşanır. Bir də deyirlər ki, əvvəllər qadınlar boşananda ağlardı, indi sevincək olurlar. Deyirlər ki, nikahsız evlənənlər nikahlı evlənənlərdən də çoxdur. Bir də deyirlər, atalar uşaqlarından bədgümandır. Çox sey deyirlər, çox sey danışırlar. Amma əsl həqiqəti kimsə demir, dəyərin dəyərini izah edə bilmədiyi kimi.

Aləm deyib bir- birinə. Köhnə bazara təzə nırx qoyanlar istəyir ki, necə var elə də görünsünlər. Pisi pis, yaxsısı yaxşı. Yeri gələndə kişidən qabaq cavab versin, hələ üstəlik , kişidən cəld bazarlığın pulunu ödəsin, ya restoranda, kafede kişidən geri qalmayıb, ofisiantı çağırıb hesab da versin.  Hətta lazım gəlsə, qayınana, qayınatadan xəbərsiz ərini qoluna vurub istirahətə də getsin.  

Köhnə bazarın adamları da deyir ki, nə danışırsız? Mən qarşımdakını olduğu kimi qəbul etmərəm. Beləsi adamı qorxudur.  Öz fikri, öz düşüncəsi, öz davranışı olandan adam vahimələnir. Bir an sonra nə edəcəyini bilməzsən. Əgər mən bir an, hətta  bir il sonra qarşımdakı gəlinin nə edə biləcəyini bilmirəmsə, onda beləsi mənə gərək deyil. Odur ki, ən salamatı, gedib elə bələkdən qız alım. Oğlum özbaşına qalsa, dədələr demiş, “it ilə yatar, bit ilə qalxar”. Gəlin nə deyər, onu da edər,  nə görər, onu da götürər. Axı, bizim ailə dəyərimiz var, kişi qadına yox, qadın kişiyə tabe olar. 

Dəyər demişkən, indi heç ailəyə dəyər kimi baxan da yoxdur. Dəyər- qiyməti olan, alınan- satılan nə varsa, odur deyirlər... Ailə isə nə alınar, nə satılar, onun nə dəyəri olasıdır ki? Zorla bu “dəyər” deyib, çar çəkdiyimiz nədirsə, əslində yoxdur, lap  alın yazısı konsepsiyası kimi. Zorla “ailə dəyəri” deyib,məcburi bir- birini görmək, eşitmək, dinləmək, birgə uşaq böyütmək  istəməyənləri “ailə dəyəri var” deyib, zorla bir yerdə saxlamağın nə mənası?  O uşaq üçün dəyər deyilən şey yox, sevgi lazımdır. Adam zorla məsuliyyət, öhdəlik kimi hisləri yaşamaq istəmir. Nə kişisi, nə qadını törətdiyinə sahib çıxmaq istəyir. “Dəyər” deyib duranlar anlamır ki, ev yükü, el yükünü çəkən qadın daha  kişi  yükünü  çəkməkdən  bezib. Heç kişi də sir- sifətindən zəhrimar yağan, el üzünə gülən, evdə isə turşuyan sifəti görmək istəmir. “Onu al, bunu al, onu elə, bunu elə”lərdən bezib. “El nə deyər?”lə başlayan söhbətlərdən yorulub. 

Nə qədər bazar köhnə idi, qaydalar da köhnə idi. İndi təzə nırxla köhnə bazar heç yollaşmır. Nə edək? Bazarmı bağlayaq? 

Birdən yadıma düşdü ki, heç bazar da qalmayıb bağlansın. Amma bazar olmayan yerdə azarmız nə qədər desən. 

Ən böyük azarımız da ailədir. Zor gücünə, qol gücünə, dil gücünə qurduğumuz ailə.  Hərənin bir azarı var, mənim azarım  isə USAQLARDIR... 

Bir alın yazısı ki, uşağın sevincini, gülüşünü əlindən alacaq, bir dəyər ki, uşağı uşaqlıqdan məhrum edib uşaqkən qocaldaqcaq, intihara sürükləyəcək, pozulsa, dağılsa, məhv olsa yaxşıdır...
Dağıdın təməli boş, içi boş “ev” dediyiniz sevgisiz “ailələri”!

Mehriban Zeynalova








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений