Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Avropa İttifaqı ilə imzalanan saziş Qarabağ münaqişəsində Ermənistana üstünlük qazandırmayacaq” – Azər Qasımlı



“Noyabrın 24-də Brüsseldə keçirilən sammitdə Avropa İttifaqı Ermənistanla hərtərəfli və genişləndirilmiş partnyorluq razılaşması adlı sənədi imzalayıb. Məsələyə həm real siyasət, həm xarici siyasət strategiyası baxımından yanaşmaq olar. İmzalanan sənəd təbii ki, Assosiativ Saziş deyil. Ermənistanın Avropa Birliyi ilə Assosiasiya Sazişi imzalamasına hələ çox var. Yeri gəlmişkən bu sazişi imzalamaq üçün ilk növbədə Rusiyanın Ermənistana təsirini sıfıra endirilməlidir. Yaxın perspektivdə (azı 5 il) bu, mümkünsüz görünür”.

Cebhe.info xəbər verir ki, bu sözləri REAL Hərəkatı sədrinin ictimai siyasi məsələlər üzrə müavini Azər Qasımlı deyib. REAL rəsmisi hesab edir ki, AB ilə Ermənistan arasında imzalanan saziş Dağlıq Qarabağ münaqişəsində Ermənistana hansısa üstünlük verməyəcək:

“Çünki dünyada və regionda formalaşan status-kvoya görə Qarabağ məsələsi bu formatlarda həll oluna bilər: Minsk Qrupu çərçivəsində Rusiya – ABŞ konsensusu nəticəsində (bu ehtimal çox aşağıdır) və Rusiya, Azərbaycan və Ermənistanın birgə anlaşması nəticəsində. Bu da yalnız Azərbaycanın Avrasiya İqtisadi (irəlidə siyasi!) İttifaqına üzv olacağı təqdirdə mümkündür.

Bu günki reallıq ondan ibarətdir ki, Qarabağ münaqişəsinin həllində Avropa Birliyi hələ əsas proses iştirakçısı və təsir imkanları olan oyunçu deyil. Yeri gəlmişkən, Ermənistanla imzalanan sazişdə problemin Minsk Qrupu çərçivəsində həll olunmasının vacibliyi qeyd olunub. Məsələnin real siyasi tərəfi belədir.

Uzunmüddətli strategiya baxımından Ermənistanla Avropa İttifaqı arasında imzalanan saziş Azərbaycan xarici siyasətinin fiaskosudur. Çünki biz hər zaman Ermənistandan ən azı bir addım irəlidə olmalıyıq. Əgər Rusiyanın strateji müttəfiqi Avropa İttifaqı ilə hərtərəfli və genişləndirilmiş partnyorluq sazişini imzalaya bilirsə, biz niyə eyni sazişi, hətta bu sazişdən daha ciddisini - Assosiativ Sazişi imzalaya bilmirik? Bu sazişi imzalamaq üçün Azərbaycana nə mane olur?”.

Mənsur Rəğbətoğlu
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений