Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Hərbçi-ekspert nazirə müraciət etdi: “Hotellərdə vəziyyət əndrabadidir”



“Son dövrlər Azərbaycan rəsmilərinin də daha çox önəm verdikləri və haqqında danışdıqları mövzulardan biri ölkəmizə xaricdən gələn turistlərin sayının daha da artması və onların gələcəkdə də büdcəmizə kifayət qədər maliyyə vəsaiti yatıracaqları ilə bağlıdır. Bəs biz ölkəmizin daha da yaxından tanıdılması və təbliği üçün, üzləşdiyimiz Qarabağ probleminin bu vaxta kimi həll olunmaması ilə bağlı dünyaya çatdırmaq istədiklərimiz fikirlərimizi material şəkilində onlara təqdim etmək imkanından yararlana bilirikmi? Hesab edirəm ki yox”.

Cebhe.info xəbər verir ki, bu sözləri hərbçi-ekspert Üzeyir Cəfərov deyib. Ekspert qeyd edib ki, bu sahədə çox böyük çatışmazlıqlar və nöqsanlar var:

“Bakının Nərimanov rayonu ərazisində, “Şərq Bazarı” adlanan yerin yaxınlığında 4 ulduzlu "Dədə Qorqud" hoteli var. "Yaşı" o qədər də çox deyil. Yəni, son illər fəaliyyət göstərən müasir istirahət məkanlarından biri hesab olunur. Bu yaxınlarda Baltikyanı ölkələrindən birindən tələbə yoldaşım biznes işləri ilə əlaqədar internet vasitəsi ilə o hoteli taparaq orada özünə yer bronlamışdı. Aeroportda dostumu qarşılayıb hotelə gətirəndə, sevinirdim ki, şəhərin mərkəzinə yaxın yerdə yerləşən bu hoteldə yəqin ki, servis və digər xidmətlər elə səviyyədədir ki, dostumuz geri qayıdanda bu haqda yaxşı təəssüratlar danışacaq. Hoteldə ilk rast gəldiyim xoşagəlməzliklərdən biri qeydiyyat yerində dostumuzun hesab üçün təqdim etdiyi ödəniş bank kartından köçürmə yolu ilə deyil, məhz nağd valyuta tələb edilməsi oldu. Avropanın və dünyanın çox ölkələrində olmuş dostum bundan çox təəccübləndi və sonra məcburiyyət qarşısında qalıb yaxınlıqdakı bankda nağd pul əldə etdikdən sonra məsələni yoluna qoydu. Səhəri gün dostumuzu hoteldən götürərək axşam Bakını gəzdirməyə çıxaranda onun ilk dediyi söz bu oldu ki, hoteldə çox böyük natəmizlik, antisanitariya hökm sürür. Dörd ulduzlu hoteldə belə vəziyyətin olması əlbəttə ki, xoşagələn deyildi. Və dostum orada 3 gün məcburən qaldıqdan sonra mənə Bakı aeroportunda dedi ki, o nə özü, nə də tanışlarından kiməsə bir daha belə hoteldə qalmağı məsləhət görməyəcək. Onu da deyim ki, mən vəziyyətlə bağlı hotelin rəsmilərinə öz iradımı və narazılığımı yerindəcə bildirdim. Həqiqətən də hotelin döşəmələrində sərilmiş "dorojkalara" baxmaq kifayət edir ki, burada "servisin" səviyyəsini görmək mümkün olsun”.

 
Üzeyir Cəfərov qeyd edib ki, rayonlarda olan hotellər və istirahət yerlərində də eyni hallar müşahidə olunur:

“Naftalan döyüş bölgəsində olan rayonlarımızdan biridir. Burada “Qarabağ” adı ilə bağlı bir 5 ulduzlu hotel-spa mərkəzi fəaliyyət göstərir. Amma, bu hotelin üzərində bircə kəlmə “Qarabağ” sözündən, özü də Azərbaycan dilində deyil, məhz əcnəbi dildə yazılandan savayı heç nə bu otelin Azərbaycana və dilbər guşəmiz olan Qarabağa aid olmasını göstərmir. Və bu cür super şəraiti olan hoteldə həmvətənlərimizlə yanaşı Orta Asiya respublikalarından, həmçinin MDB məkanından çoxlu turistlər gəlirlər. Milli mətbəximizə söz ola bilməz. Amma, burada qonaqlara göstərilən xidmətlər o qədər baha və əndirəbadidir ki, inanmıram ki, gələn il kimsə burda təkraraən dincəlməyə gəlsin. Yarım saatlıq massaj üçün düz 30 manat pul alınır. Döyüş bölgəsində olması və erməni vəhşiliyi ilə bağlı bir dənə də olsun bu hotel-istirahət mərkəzində nə təbliğat, nə də təşviqat xarakterli əyani vəsait görmək mümkün deyil”.

Ekspert mövcud problemlərlə bağlı aidiyyatı qurumların rəhbərlərinə müraciət edib:

“Başda hörmətli mədəniyyət və turizm nazirimiz Əbülfəz Qarayev olmaqla bu sahəyə cavabdehlik daşıyan yoldaşlara səslənirəm. Mən başa düşürəm ki, turizm sahəsi çox gəlirli və perspektivli sahədir. Amma, gəlin "qaz vurub qazan doldurmaqdan" daha çox paralel Azərbaycanımızı, xalqımızı və onun düçar olduğu Qarabağ problemini də ölkəmizə gələn çoxsaylı xarici ölkə vətəndaşlarına çatdırmağı bacaraq. Hələliksə, həm Bakının özündə və rayonlarda bu sahə ilə məşğul olan yetkililər, ancaq işin biznes tərəfini daha çox düşünürlər. Hesab edirəm ki, biz yuxarıda qeyd etdiyim çox vacib məqamları da diqqətdən qaçırmamalıyıq. Milyonlarla vəsait töküb xaricdə hansısa təqdimat və tanıtma tədbirləri keçirtməkdənsə, çox gözəl imkanlar var ki, biz "evdən bayıra çıxmadan" və çox da böyük maliyyə sərf etmədən həm ölkəmizi tanıdaq, həm də Qarabağla bağlı dünyaya çatdırmaq istədiyimiz məsələləri də yerindəcə həll edək.


Mənsur Rəğbətoğlu
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений